Milli və qüdrətli əcnəbi səhnə xadimlərinin teatr haqqında bir-birindən maraqlı fikirləri var. Onları özüm üçün ümumiləşdirib bu qənaətə, bu fikrə gəlmişəm ki, əgər teatr tamaşası baxanları heyrətləndirmirsə, onu repertuarda saxlamağa ehtiyac yoxdur.
Bu deyimi xatırladıqca özüm-özümə sual verirəm: Elçinin səhnədə oynanılan əsərlərindən darıxdırıcı olanı, başqa sözlə, tamaşaçını müxtəlif dərəcələrdə heyrətləndirməyəni varmı? "Yox" cavabını vermək qəti və şübhəsizdir. Nasir Elçin psixoloji, tipik xarakterlərlə, mövzusu həyatımızın müxtəlif dolayları ilə bağlı hekayələri, mayasında mənəvi-əxlaqi dəyərlərimiz olan problemlərə qüdrətli qələmlə ecazkar çıraq tutulan povestləri, tarixi hadisələri sosial-məişət, ictimai-siyasi, fəlsəfi mahiyyət kəsb edən romanları ilə böyük rəğbət qazanıb. İlk gənclik hekayələrində "altmışıncı illər" ədəbiyyatımızda layiqli yer tutub, geniş populyarlıq qazanıb. Nasir Elçin, cəsarətli tənqidçi Elçin 1980-ci il yanvar ayının 17-də Şəki teatrında "Poçt şöbəsində xəyal" (quruluşçu rejissor Ədalət Ziyadxanov, rəssam Söhrab Ərəbov, bəstəkar Cavanşir Quliyev) tamaşasıyla teatr aləminə dramaturq kimi daxil oldu. Əslində isə Elçin ilk dram əsərini 26-27 yaşlarında yazmışdı, ancaq onun səhnə həyatı təxminən 10 il gecikdi. Bu pyes yazılan ərəfədə Elçin amerikan dramaturqu Albert Maltsın "Sıravi əsgər Xiks" pyesini Azərbaycan türkcəsinə tərcümə etmişdi. Teatra marağı isə, bəlağətli desəm, dili söz tutandan başlayıb. Necəsini aşağıda oxuculara çatdırmağa çalışacam.
Öz dövründə ədəbiyyatımızın klassiki səviyyəsinə yüksələn İlyas Əfəndiyev 1947-ci ildən başlayaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında ən çox əsəri oynanılan dramaturq kimi tarixə düşüb. Sonuncu pyesi "Hökmdar və qızı" 15 dekabr 1996-cı ildə göstərilən ədibin bəzi əsərləri təkrar quruluşlarda bu gün də sənət ocağının repertuarındadır. Sözümün canı ondadır ki, Elçin uşaq vaxtlarından atası İlyas müəllimlə teatra gedib. Teatra daha sıx bağlılığı məktəb yaşlarından başlayıb, ancaq dramaturq kimi MDT-nin tamaşaçıları ilə görüşü 1 fevral 1997-ci ildə olub. Bu tarix şöhrətli və qüdrətli nasir-dramaturq İlyas Əfəndiyevin vəfatından sonra olub. Bəlkə də uzun illər Elçin bir dramaturq kimi atasının qarşısna çıxmaq istəməyib. Dəqiq deyə bilmərəm, bu mənim ehtimalımdır. Ancaq həqiqət budur ki, Elçin İlyasoğlu qısa fasilələrlə Milli Dram Teatrının repertuarına janr-üslub yeniliyi, mövzu orijinallığı gətirdi və bu özəlliklər yeni rejissor üslubuna, yeni aktyor ifa tərzinə, hətta yeni səhnəqrafiya poetikasının formalaşmasına, bəstəkarla fərqli yaradıcılıq ünsiyyətinə zəmin yaratdı. Üstəlik də Elçin bu teatrda son 70 ildə atası İlyas Əfəndiyevdən sonra daha çox pyesi oynanılan dramaturq kimi tarixə düşdü.
Nasir-dramaturqun Akademik Milli Dram Teatrında oynanılan əsərlərinin "quru" görünən xronoloji siyahısını təqdim edirəm və bu fakt yuxarıda dediklərimə əyani, inkaredilməz, xoş ovqatlı sübutdur.
1 fevral 1997-ci il. "Ah, Paris... Paris!..". Quruluşçu rejissor Azər Paşa Nemətov.
23 may 1998-ci il. "Mənim sevimli dəlim" ("Dəlixanadan dəli qaçıb"). Quruluşçu rejissor Azər Paşa Nemətov.
16 oktyabr 1999-cu il. "Mənim ərim dəlidir" ("Diaqnoz "D"). Quruluşçu rejissor Azər Paşa Nemətov.
23 fevral 2001-ci il. "Poçt şöbəsində xəyal". Quruluşçu rejissor Mehriban Ələkbərova.
26 sentyabr 2003-cü il. "Qatil". Quruluşçu rejissor Mehriban Ələkbərzadə.
11 aprel 2008-ci il. "Arılar arasında". Quruluşçu rejissor Bəhram Osmanov.
11 may 2011-ci il. "Teleskop". Quruluşçu rejissor Kamran Şahmərdan.
29 fevral 2012-ci il. "Şekspir". Quruluşçu rejissor Petru Vutkereu.
5 oktyabr 2012-ci il. "Qatil". Quruluşçu rejissor Mehriban Ələkbərzadə.
15 mart 2013-cü il. "Sənətkarın taleyi". Quruluşçu rejissor İrana Tağızadə.
6 oktyabr 2017-ci il. "Cəhənnəm sakinləri". Quruluşçu rejissor və rəssam Azər Paşa Nemətov, rejissor Anar Sadıqov.
İndi isə istərdim ki, Elçinin əsərlərinin səhnə sənətimizin öncülü olan teatra gətirdiyi yeniliklərdən bir neçəsini xatırladım.
Elçinin ilk üç tamaşası teatrda meydan teatr elementləri əsasında, məsxərə, məzhəkə və ironik satira prinsiplərində, epik teatr estetikası üslubunda yüksək peşəkarlıqla tamaşaçılara təqdim edildi. İlk dəfə Elçin yeni ictimai formasiyaya qədəm basan cəmiyyətin müəyyən bir təbəqəsinə bədii ustalıqla "dəlilik" diaqnozu qoydu. Qoydu və bununla Azərbaycan dramaturgiyasına, teatrına yeni və çox maraqlı mövzu-problematika, Əsədulla, Əhməd, İsgəndərzadə, Firəngiz, Eynşteyn ("Ah, Paris... Paris!.."), Baş redaktor, Professor, Şöbə müdiri, Katibə ("Mənim sevimli dəlim"), Kişi, Arvad, Falçı Ağabacı ("Mənim ərim dəlidir") kimi tipik xarakterlər, qarəvəllivari, bir qədər hoqqavari, şəbədə motivində dramatik-komik, dramatik-satirik, dramatik-psixoloji ovqat-hadisə gətirdi. Səyavuş Aslanın (Əsədulla, Baş redaktor, Kişi), Yaşar Nuriyevin (İsgəndərzadə, Şöbə müdiri), Telman Adıgözəlovun (Əhməd, Professor), Kübra Əliyevanın (Firəngiz), Məsmə Aslanqızının (Katibə, Falçı Ağabacı), İlham Namiq Kamalın (Eynşteyn), Firəngiz Mütəllimovanın (Arvad) yaradıcılıqları parlaq ifalarla zənginləşdi.
Teatrda ilk post-modernist və daha bir neçə avanqard dramaturji estetikanın sintezində yazılan pyesin reallıqla xəyalın poetik vüsətini təzadlı, ziddiyyətli, zərif, kövrək dramatik reallıqla, yüksək peşəkarlıqla və tamamilə yeni janr-üslubda təcəssüm etdirən tamaşa "Poçt şöbəsində xəyal" oldu. Mehriban Ələkbərzadə "Poçt şöbəsində xəyal"a maraqlı səhnə təfsiri vermişdi. Rejissorun təklif etdiyi məkan, dramatik-psixoloji hadisələr üçün seçdiyi musiqi parçaları tamaşanın poetik hüsnünü daha da təravətləndirmişdi. Səyavuş Aslan (Yoldaş tək), Bəsti Cəfərova (Ədilə), Ramiz Məlik (Kişi), Hicran Nəsirova (Züleyxa), Zərnigar Ağakişiyeva (Qadın), Cəfər Namiq Kamal (Xəlil), Firəngiz Mütəllimova (Gülzar) cazibəli, emosional ruhlu, dəqiq psixoloji təyinatlı ifa nümayiş etdirirdilər.
Quruluşçu rejissor "Poçt şöbəsində xəyal" və "Qatil" (birinci quruluş) tamaşaları ilə sırf özünəməxsus olan orijinal təfsir-üslub estetikası təqdim etdi. Şükufə Yusupova (Qadın) və Sabir Məmmədov (Oğlan) dueti lirik-psixoloji və epik-dramatik oyun tərzinin poetik hüsnünə əlvan naxışlar, təravətli psixoloji ovqat verdi. Hər iki aktyor oyun tərzinin orijinallığı və bir qədər romantik-lirik faciə ünsürləri ilə cilalanmasının, yüksək peşəkarlıqla təqdiminin mayasında da məhz Elçinin dramaturji məntiqi və xarakter yaratmaq qüdrəti dururdu.
Gizlin deyil ki, Azərbaycanın geniş teatr məkanında bir sıra çağdaş müəlliflərin əsərlərinin tamaşası yaddaşlarda yalnız pyesin və müəllifin quru adları ilə qalıb. Elçinin pyeslərinin tamaşaları teatra yeni, orijinal bədii-estetik təməli əsaslı, sütunları möhkəm olan janr-üslub gətirdi. Reallığı xatırlama, xəyalları faciəvi notlarda yadasalma, 70 il əvvəl baş vermiş faciələrdə mürəkkəb insan xarakterlərinin daxili ziddiyyətlərinin toqquşmasında insan və zaman, şəxsiyyət və vicdan, əməl və şərəf estetik kateqoriyaları burulğanında qəlbləri titrədən, çağdaşlarımızı düşündürən fəlsəfi-romantik-realist tragediya "Cəhənnəm sakinləri" tamaşasıdır. Teatr ictimaiyyəti məhz bu tamaşada məlum 1937-ci ilin "xalq düşmənləri" axtarışına çox orijinal rakus-prizmadan yanaşmanı və heyrətamiz, novellavari süjetdə satiranı, qroteski, ictimai-siyasi tragediyanı və dəhşətli mənəvi aşıntıları çılğın və coşqun, qaynar və burulğanlı ehtiraslar çarpışmasında gördü. Dramaturgiyamıza yeni bir kamil, orijinal bədii personaj və aktyor Nurəddin Mehdixanlının zəngin ifasına təptəzə səhnə obrazı daxil oldu: Qonaq!!!
Azərbaycan dramaturgiyasında məhz ilk dəfə Elçinin "Arılar arasında" pyesində və bu əsərin tamaşasında Ər (Cəfər Namiq Kamal), Qadın (Firəngiz Mütəllimova), Baba (Nurəddin Mehdixanlı) üçbucağında görünməyən, lakin ruhların, duyğuların və mənəvi-əxlaqi dəyərlərin içindən keçən arıları "alleqorik" obraz kimi təqdim etmişdi. Üçbucaq deformasiyaya uğramayan yeganə həndəsi fiqur olduğu kimi "Arılar arasında" pyesi tamaşada da parçalanmayan, əzəmətli mövzu, janr, ideya üçbucağının monumental estetik təqdiminə zəmin yaratmışdı.
"Şekspir" pyesini tamaşaya hazırlamaq üçün Moldava Respublikasından rejissor Petru Vutkereu dəvət edilmişdi və o, Bakıya gələnə kimi Elçinin yaradıcılığını tam bilməsə də, kifayət qədər tanış olmuşdu. Tamaşa qəmli komediya janrında hazırlanmışdı. Belə bir janr təyini əsərin psixoloji-fəlsəfi mahiyyətindən, ideyanın işlənmə manerasından, zaman-məkan xronotopunun şüurlu şəkildə, bədii-dramaturji məntiqlə "pozulmasından" və bir də müxtəlif əsrləri, fərqli sosial təbəqələri təmsil edən Baş həkim (Ayşad Məmmədov), Həkim (Nigar Güləhmədova), Sanitar (Aslan Şirinov), Sara Bernar (Mətanət Atakişiyeva), Stalin (Ramiz Novruzov və Pərviz Bağırov), Veneralı (Elşən Cəbrayılov), Ər-arvad (Şəlalə Şahvələdqızı), "Drob - 13" (Elşən Rüstəmov və Anar Heybətov) obrazlarının bədii-dramaturji təsvirindən irəli gəlmişdi. Elçin bu obrazları "uydurma" məkanda və qeyri-adi vəziyyətdə təsvir etmək üçün əsasən sürrealizm və bəzi məqamlarda simvolizm, lirik ekzistensializm, kövrək sentimentalizm elementlərindən həssaslıqla istifadə etmişdi.
Elçinin dramaturji materialı rejissorlar və aktyorlar üçün geniş yaradıcılıq imkanları açdığı kimi rəssam və bəstəkarlara da yeni ifadə vasitələri tapmağa, qanadlı, bol-bol estetik dəyərləri, emosional zərifliyi, poetik vüsəti olan fantaziyalarını işlətməyə yaradıcılıq ənginliyi açır. Rəssamlar Elçin Məmmədovun "Ah, Paris... Paris!..", "Mənim sevimli dəlim", "Mənim ərim dəlidir", Tahir Tahirov və Ağarəhim Əliyevin ("Poçt şöbəsində xəyal"), Nazim Bəykişiyevin ("Qatil"), Altay Sadıqzadənin ("Arılar arasında"), Ramin Bəykişiyevin ("Şekspir"), rusiyalı Tatyana Melnikovanın ("Sənətkann taleyi"), Şəki teatrında Söhrab Ərəbovun ("Poçt şöbəsində xəyal"), Gəncə teatrında Vahab Cəfərovun ("Qatil". Rejissor Vaqif Şərifov. 21 iyun 2005-ci il), ("Cəhənnəmdən cənnətə". Rejissor Gümrah Ömər. 29 iyun 2013-cü il), Faiq Osmanovun ("Ölüm hökmü". Rejissor Bəhram Osmanov. 15 may 2009-cu il), Naxçıvan teatrında Kamran Quliyevin rejissorluğu ilə Hüseynqulu Əliyevin ("Mənim ərim dəlidir". 23 mart 2001-ci il və "Ah Paris...Paris!..". 18 iyun 2009-cu il), Əbülfəz Axundovun ("Mənim sevimli dəlim". 22 oktyabr 2002-ci il) milli səhnəqrafiyamıza gətirdikləri orijinal tərtibatların əlvan formaları yüksək peşəkarlıq nümunələridir. Rusiyanın Xalq rəssamı Eduard Koçerginin "Teleskop" tamaşasına verdiyi səhnə tərtibatında məkan genişliyi aktyorların səhnədə sərbəst hərəkətləri üçün geniş imkanlar açmışdı. Ümumiyyətlə, Elçinin tamaşalarının poetik vüsəti bir də orasındadır ki, dramaturqun yazıçı manerasına görə tərtibat aktyorun bir növ yoldaşıdır, lazım gələndə səhnədəki detal (butafor, rekvizit, asma pərdə və s.) ifaçı ilə hərəkət dialoquna "girir". Nəticədə tamaşanın dinamik-psixoloji ritmi artır.
Elçinin pyeslərində bəzən alt qatda, bəzən üst qatda, bəzən dalğavari, bəzən ziqzaqlı, bəzən kəsişən lirik, dramatik, fəci, psixoloji, sərt, həzin, çılğın, emosional musiqili ritmlər var. Və belə ritm əlvanlığı onun əsərlərinə musiqi yazan bəstəkarların mövzu və janrın xarakterinə, fəlsəfi mahiyyətinə, psixoloji ahənginə, fikir dərinliyinə, konfliktin gözlənilməz dönüşlərinə əsaslanaraq obrazlı düşünmələrinə imkan yaradır, axtarış təkanı verir. Məhz buna görə də Səyavuş Kəriminin "Poçt şöbəsində xəyal", Aygün Səmədzadənin "Qatil", Fərəc Qarayevin "Arılar arasında", Gənc Tamaşaçılar Teatrında Firudin Allahverdiyevin "Buzovna kəndinin əhvalatları" (quruluşçu rejissor Cənnət Səlimova.18 fevral 2012-ci il) tamaşalarına bəstələdikləri musiqilər tamaşanın atribut-obrazına çevrilmişdir.
Dünya teatrlarının müqtədir rejissorları müəyyən mövzu qıtlığı keçirəndə, fundamental və möhtəşəm tamaşalar hazırlamaq istəyəndə bəşəri problemlərdən bəhs edən Viktor Hüqonun "Paris Notrdam kilsəsi", "Səfillər", Biçer Stounun "Tom dayının koması", Fyodor Dostoyevskinin "Karamazov qardaşları", "Cinayət və cəza", Lev Tolstoyun "Anna Karenina", "Hərb və sülh", "Hacı Murad", Çingiz Aytmatovun "Əsrə bərabər gün", "Əlvida, Gülsarı", Etel Voyniçin "Ovod", Qabriel Qarsiya Markesin "Yüz ilin tənhalığı", "Patriarxın payızı", Rəşad Nuri Güntəkinin "Çalı quşu", Suat Dərvişin "Fosforlu Cevriyə", Orxan Kamalın "Yad qızı" və onlarca bu kimi nəsr əsərlərinin səhnələşdirilib oynanılmasına üstünlük veriblər. Azərbaycanda da ötən əsrin 50-ci illərindən başlayaraq Mir Cəlalın "Bir gəncin manifesti", "Dirilən adam", "Yolumuz hayanadı?", "Ərik ağacı", Məmməd Səid Ordubadinin "Qılınc və qələm", "Dumanlı Təbriz", Əli Vəliyevin "Gülşən", Mehdi Hüseynin "Komissar", Əbülhəsənin "Tamaşa qarının nəvələri", İsmayıl Şıxlının "Dəli Kür" romanları səhnələşdirilib. Səməd Vurğunun "Komsomol poeması", Mirzə Fətəli Axundzadənin "Aldanmış kəvakib" əsərlərinin motivləri əsasında İsgəndər Coşqun və Altay Məmmədov pyes yazıblar. Elçin bir dramaturq kimi bu ənənəni də yüksək peşəkarlıqla və çağdaş insanların bədii-estetik qavrama zövqlərinə uyğun tərzdə, səhnələşdirmənin bədii və texniki tələblərinə cavab verən forma-məzmunda davam etdirib. Rejissor Loğman Kərimovun quruluşunda və rəssam Elnur Babayevin tərtibatında onun səhnələşdirilmiş "Mahmud və Məryəm" (27 sentyabr 1998-ci il) fəci-romantik məhəbbətin səhnə dastanı, "Ölüm hökmü" (27 oktyabr 2000-ci il) bir həyatın xronikası, "Ağ dəvə" (15 fevral 2003-cü il) romantik-poetik səhnə söyləməsi, Cənnət Səlimovanın quruluşunda "Buzovna kəndinin əhvalatları" (müəllifin "Abşeron" mövzusunda yazılan nəsr əsərləri əsasında. 18 fevral 2012-ci il) zarafatlı, atmacalı, mənəvi-əxlaqi dəyərlərdən bəhs edən bir qədər şən, bir qədər məzəli, bir qədər qəmli, bir qədər də ironik komediya janrında tamaşaya hazırlanıb.
Bu tamaşalar yalnız mövzu dərinliyi, rejissor tapıntıları ilə yadda qalmayıb. Eyni zamanda müxtəlif yaş nəslinə mənsub olan aktyorlara yeni maraqlı səhnə obrazları yaratmaq üçün təxəyyül ənginliyi açıb. "Mahmud və Məryəm"də Firəngiz Şərifova (Nağılçı), Solmaz Qurbanova (Qəmər Banu), Rafiq Hüseynov (Ziyad xan), Süleyman Ələsgərov (Mirzə Salman), Vüsal Mehrəliyev (Mahmud), Nuriyyə Əliyeva (Məryəm), Yasin Qarayev (Azər), Elşən Rüstəmov (Bayandur xan), Mehriban Abdullayeva (Aysulu), "Ölüm hökmü"ndə Rafiq Hüseynov (Mircəfər Bağırov), Şəbnəm Hüseynova (Arzu), Gülşad Baxşıyeva (Arzu), Yasin Qarayev (Əflatun), Tofiq Hüseynov (Zilber), Mübariz Həmidov (Nəcəf), Mübariz Əlixanoğlu (Ələkbərov), Ramiz Sərkərov (Abbasmirzə Şərifzadə), Şəfəq Əliyeva (Firuzə), "Ağ dəvə"də Kəmalə Hüseynova (Sona), Ramiz Sərkərov (Ağakərim), Solmaz Qurbanova (Xanım xala), Ağaxan Salmanlı (Balakərim), Firəngiz Şərifova (Məşədixanım), Mehriban Hüseynova (Səkinə xala), Gülşad Baxşıyeva və Xuraman Hacıyeva (Səfurə xala), Vüsal Mehrəliyev (Qoca), Məsumə Babayeva (Firuzə xala), Kübra Dadaşova (Ziba xanım) yaradıcılıq uğurları qazanıblar.
Çağdaş mövzuda işlənmiş və müəyyən mənada müxtəlif xarakterli personajları müasirlərimiz olan "Buzovna kəndinin əhvalatları" tamaşasında Sərvər Əliyev (Ağababa), Nuriyyə Əliyeva və Mehriban Hüseynova (Ağabacı), Nəsibə Eldarova (Zübeydə), Atabala Səfərov (Bəşir müəllim), Naibə Allahverdiyeva (Əminə), Ağaxan Salmanlı (Missioner Səfər), Məhərrəm Musayev (Fərman müəllim), Elşən Çarhanlı (Əmirqulu) Abşeronun təbiətinə uyğun fərqli və koloritli səhnə surətləri təqdim edə biliblər.
Elçinin irili-xırdalı nəsr əsərlərinin səhnələşdirməyə yatımlı, uyarlı cəhətlərinin bir əsas səbəbi də ondan ibarətdir ki, müəllifin dialoqlarının dramatik xüsusiyyətləri güclüdür, ideyalar motivi zəngindir, mövzu-problematika çoxqatlıdır. Onun "Ağ dəvə", "Mahmud və Məryəm", "Ölüm hökmü", eləcə də səhnələşdirilməmiş "Baş" romanı milli epik teatr poetikasının estetik tələb və pirinsiplərinə geniş miqyasda cavab verir. Obrazların qarşılıqlı münasibətlərində, kompozisiyanın quruluşunda, konfliktin dərin və kəskin inkişaf xəttində dramaturgiyanın janr tələblərinə xas olan yaradıcılıq xüsusiyyətləri çoxdur.
Elçinin bir neçə əsəri Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında orijinal forma-üslubda tamaşaya hazırlanıb. O, dramaturq kimi xaricdə də tanınır, sevilir, tamaşaya qoyulur və teatrsevərlər də həmin səhnə əsərlərinə böyük maraqla baxırlar. Nasir-dramaturqun, tənqidçi-nəzəriyyəçi alimin xarici ölkələrdə tamaşaya hazırlanan pyeslərinin tam olmayan siyahısını təqdim edirəm:
Ankara Dövlət Teatrında "Mənim sevimli dəlim" ("Dəlixanadan dəli qaçıb" adı ilə);
İstanbul Böyük Bələdiyyə Teatrında "Qatil" və "Şekspir";
Ərzurum Dövlət Teatrında "Mənim ərim dəlidir";
Konya Dövlət Teatrında "Mən sənin dayınam" ("Teatr" adı ilə);
Krım Tatar Akademik Dram Teatrında "Şekspir" ("Xəstə" adı ilə);
Şimali Kipr Dövlət Teatrında "Qatil";
Moskva "Dərviş" Teatrında "Şekspir";
Sankt Peterburq "Baltika evi"ndə "Qatil";
Nyu York Brodvey De Mint Teatrında "Şekspir";
Tiflis Ozuq Preti Dövlət Dram Teatrında "Şekspir";
İtaliya L.Arte del Teatrında "Şekspir";
London Avanqard Teatrında "Şekspir";
London Tristan Bates Teatrında "Mənim sevimli dəlim";
London Testver Teatrında "Teleskop";
London St.Seyms Teatrında "Cəhənnəm sakinləri" ("Gecə yarısı" adı ilə);
London Union Teatrında "Cəhənnəm sakinləri".
Cənubi Koreyadan olan bir iş adamı Londonda bu tamaşanın premyerasına baxıb və çox xoşuna gəlib, əsər onda ciddi maraq doğurub. Həmin adam ingilis bəstəkarı Mark Vayta bu əsəri müzikl janrında işləməyi sifariş verib. Beləliklə, "Cəhənnəm sakinləri" müzikli Cənubi Koreyanın paytaxtı Seulun Opera və Balet Teatrında tamaşaya qoyulub. Böyük uğurla qarşılanan əsər bu gün də teatrın repertuarında təntənə ilə qarşılanır. Azərbaycanlı dramaturqun, ingiltərəli rejissorun və seullu incəsənət vurğunu biznesmenin əməkdaşlığı gözəl sənət nümunəsinin, parlaq və möhtəşəm musiqili əsərin yaranmasına səbəb olub.
Çox qürurverici haldır. Və bu qüruru teatrsevərlərə, geniş mənada Azərbaycan Respublikasının incəsənətinə bəxş edən Elçindir. O, həm də bu qədər xarici dövlətlərin teatrlarında ən çox əsəri tamaşaya qoyulan kamil və şöhrətli milli dramaturqumuzdur. Onun əsərlərində böyük sənətkarlıqla qoyulan ictimai, sosial, şəxsiyyət və zaman, fərd və cəmiyyət, müqəddəs bəşəri mahiyyətli mənəvi-əxlaqi problemlər başqa-başqa xalqlar üçün də ciddi maraq doğurur.
Üst-üstə Elçinin vətənimizdə və xarici məmləkətlərdə əsərləri əsasında əllidən çox tamaşa hazırlanıb. Arzu edirəm ki, səksən yaşına şəstlə, coşqun yaradıcılıq eşqi ilə, müdrik qələm sahibi kimi qapı açan Elçinin əsərləri əsasında oynanılan tamaşaların da sayı yaxın illərdə səksənə çatsın. Arzu edirəm... həm də onun yaradıcılıq enerjisinə, təfəkkürünün qanadlılığına, dünyagörüşünün zənginliyinə bələd olduğuma görə inanıram. Özü də qətiyyətlə inanıram.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!