Şəxsiyyətin zamanı - Südabə Ağabalayeva yazır

 

...Zəngin, geniş təxəyyül, çevik analitik təfəkkür, güclü, sarsılmaz iradə. Obrazının bu əsas səciyyəsi ilə fenomenal yaddaş və incə yumor hissinin üzvi ahəngdarlığı ən gözlənilməz məqamlarda belə, siyasətin incəsənətini yaradırdı. Heydər Əliyevin düşüncəsi, qərar və təşəbbüsləri cariliyin yox, perspektivin, panoramın üfüqlərinə yelkən açırdı. Qərarları anın və vəziyyətin ən kritik məqamlarında da gözəgörünməz və ağlagəlməz keçidləri ilə klişeləri və trafaretləri tərksilah edirdi. Səsinin obrazı vardı və sirayətləndirici enerjisi ilə bu səs sanki torpaqdan qaynayırdı, səmadan süzülürdü, dağdan - qayadan qopurdu, uzaqlarda əks-səda verib inam və işgüzarlıqdan parlayırdı. İnam, etibar, etimad saçan bu səs qətiyyətli təlqin gücü ilə hər çıxılmaz vəziyyətdə nikbin təfsilatlar aramağa şövqləndirirdi.

Rəhbərlik və liderliyin nadir rast gəlinən birgə təzahürü həqiqi həyat idealları ilə qiymətli olan insan ruhunu "borc və öhdəliklər" ağırlığının girdabına sürükləmir, özünütəsdiqə, mənəviyyata, ideyalara kökləyir. Sosial-mənəvi ideyaların quruculuğa, yeniliyə xidmət etməsini aşılayır. Bu keyfiyyətlər sevdirir, çünki inandırmanın, nümunə olmanın başqa yolu yoxdur.

Bu keyfiyyət və keyfiyyətlər toplusu həm də nifrət oyadır, çünki həzm edə bilmirlər, çünki arzuolunmaz fon gücsüzlük yaradır. Fonda zəif, məğlub, miskin binəvalığı qınamağa nə hacət?! Di gəl, hər nə qədər görmək istəməsələr də, etiraf etməyə də bilmirlər. Etiraf! Ömür elə bu deyilmi?!

 

***

...Cəmiyyətin ən qiymətli sərvəti İnsandır - metro işçisi, bağban, əkinçi, alim, bənna, əsgər... Və bir də... hər xalqın bəxtinə düşən Şəxsiyyətlər. Tarixin yaddaşını vərəqləməq artıqdır, tarix dönə-dönə sübut edib ki, ailədə olduğu kimi, ölkənin başında Şəxsiyyət duranda onun təbii sərvətləri milli sərvət olur. Ən yaxın tarix onu da sübut etdi ki, bunun üçün çox vacib olan Azadlıq, Müstəqillik kimi müqəddəs dəyərlərin əldə olunması hələ şərt deyil. Şərt həm də dəyərləri qorumaq, onları həyat norması edə bilmək bacarığıdır.

 

Tarixdən reportaj

 

Gözləyirdi... Umurdu...Və haqqı vardı.

Çünki Vətəndi - o qurtaran yerdə ölüm başlayırdı.

Çünki Anadı - o olmayan yerdə nə qalırdı ki?..

Və Müdrikdi - sonu gördüyündəndi ki, səssiz fəryadla sorurdu: - Hara qaçırsan, oğul?.

Oğullar çaşmışdılar və unutmuşdular: özündən qaçmaq olmur.

Oğullar unutmuşdular ki, iki Qardaşın səngərə çevirib, bir-birinə silah tuşladıqları bu yer, bu torpaq Köynək deyil, geyib, geyib atasan,//Saqqız deyil satasan//Buna Vətən deyərlər (İ.İsmayılzadə). Bu unutqanlıq, bu hillə - hava Vətəni xəstə salmışdı. O güllələr Vətənin ürəyinə, gözünə tuşlanmışdı... Bir soruşan da yoxdu: Haran ağrıyır, Vətən?

Ancaq hamı da bilirdi ki, bu sualı verəcək Oğul səngərə girib qardaşına silah tuşlayan övladların arasında deyil!..

...Dalınca elçi göndərdilər - nə vaxtsa qoymamışdılar, mane olmuşdular gəlməyinə. Yad eldə yadlardan aldığı yaralar onu belə əzməmişdi, düşmən dəyirmanına su tökən naxələf özünkülərin namərdliyininsə adı yoxdu...

Amma... Azərbaycanı qırx arşın quyunun dibinə sallayıb kəndirini kəsmək istəyirdilər. Fitvası hardan gəlirdi, kimin əlinə kimlər bel vermişdi, siyasətin lap elə əlifbasını bilənlərçün aydındır...

...Onu fəlakət həddində olan Azərbaycana total zərurət gətirirdi.

...Gözlər göylərə dikilmişdi, qulaqlar bir uğultuya müntəzirdi...

Heydər Əliyevi Naxçıvandan gətirən təyyarə Bakıya enəndə Azərbaycanın tarixində yeni səhifə açılırdı.            

 

Nağıldan gerçəyə

 

Lap nağıla bənzəyir.

Elə əslində, nağıldı - Ən yeni tariximizin ən qorxulu nağılı. Və nə yaxşı ki, bu nağılın da sonu Xilasın əvvəli ola bildi.

XX əsrin sonunda Azərbaycanın yaşadığı hadisələri Yeniləşən Azərbaycanın yeni təfəkkürlü insanı yaddaşına nağıl kimi yazır, xüsusilə bu günün fonunda 1993-cü ilin iyununda baş verənlər doğrudan da nağıla bənzəyir.

Əslində, Tarix - şərtiliklərdir. Təqvimin müəyyən günləri var ki, bu günlər Zamanın, Tarixin simasını və ruhunu ifadə edir. 15 iyun da Azərbaycanın müasir tarixində, Təqvimində belə günlərdən biri kimi dəyərləndirilir. Belə günlərin ifadə etdiyi mənaların kökündə insanın - ölkə vətəndaşlarının rifahının durmasını xatırlatmağa ehtiyac yoxdur.

Azərbaycanı 70 illik totalitarizmin əlindən qurtaran milli-azadlıq mübarizəsinin bir məqsədi də buydu: onun hər bir vətəndaşı özünü öz ölkəsinin, vətəninin, onun sərvət və nemətlərinin əsl sahibi hesab edə bilsin. Amma siyasi müstəqilliyini əldə etmiş Azərbaycana dağılmış iqtisadiyyat, şüurlarda yaradılmış hərc-mərclik, qəlblərə çökmüş sabahından nigaranlıq və yaşanan günlərin qorxusu miras qalmışdı. Bütün bu rəngləri tündləşdirən fonun adı da müharibə idi. Bu ümidsizlikdən yalnız böyük iradə, inam və çevik ağıl xilas edə bilərdi Azərbaycanı...

1993-cü ilin iyunun 24-də Heydər Əliyev Azərbaycan prezidentinin səlahiyyətlərinin icrasına başladı. 1994-cü ildə adı var, özü yox ordu ilə Beyləqanda güclü əks-hücumla Bişkek sazişinə (atəşkəs) rəvac verdi. Hərbi əməliyyatlarda fasilə, iqtisadiyyatda təxirəsalınmaz problemlərin həllinə, siyasi şəraiti sabitləşdirməyə revanş idi.

1994-cü ilin sentyabrında bağlanan "Əsrin müqaviləsi" Xəzərdə neft hasilatı ilə məşğul olacaq beynəlxalq konsorsiumu yaratmağa imkan verdi.

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. 1996-cı ildə Lüksemburqda Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imalandı. Ölkə iki dəfə vətəndaş müharibəsi təhlükəsindən qurtardı.

İqtisadi-siyasi şərait tədricən sabitləşdikcə ölkə iqtisadiyyatında, zəif də olsa yüksəliş başlandı. Bu, təkrar prezident seçkilərində qələbəni təmin etdi. Bakı-Tbilisi-Ceyhan neft və qaz kəmərlərinin çəkilişi layihələri reallaşanda, Heydər Əliyev siyasi kursu Azərbaycana münasibəti yenidən nəzərdən keçirməyin zərurət olduğunu təsdiq etdi. Artıq faktdan qaçmaq olmurdu. Heydər Əliyev təkcə Azərbaycan prezidenti kimi qəbul olunmurdu. Heydər Əliyev türk dünyasının elçisi idi, Cənubi Qafqaz regionunun şəriksiz nüfuz yiyəsi idi... Zamansa, haqq olan həqiqətə doğru getməyində idi... Bu Yolun Yolçusu olmaqsa, qorxulu deyildi. On illik son rəhbərliyi dövründə "Azərbaycanın dövlət müstəqilliyinin əbədi, dönməz" olduğu artıq sübut olunmuşdu...

Ölümü ilə də dünyanın diqqətini Azərbaycana yönəldən Heydər Əliyev "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyəndə həm də yaşanmış bir ömür sərgiləyirdi və bu ömrün hansı hissəsindən baxırsan-bax, oradan Azərbaycan görünür. Budur, həmin ömrün ən ümumi cizgiləri. Və bu cizgilər, Zaman bizdən uzaqlaşdıqca daha aydın, daha dəqiq görünür. Uzaqlaşan Zaman həm də Azərbaycan adına yaşanmış böyük ömrün qiymətini göstərməkdədir.

 

Böyük yolçu

 

Dekabrın 12-də Azərbaycan Heydər Əliyevin vəfatının ildönümünü qeyd edir. Bu anım mərasimi "Böyük İnsan da insandır" fikrinə müəyyən korrektənin vacibliyinə işıq salır. Bəli, İnsan qaçılmaz sondan, "Yaranan getməlidir" - hökmündən heç cür qaça bilməz. Bu son Allahın Göyünün Altında, Yerinin üstündə baş verir. Klivlend xəstəxanası da Allahın göyünün Altında, Yerinin üstündədir. Ancaq Yazan Onun sonunu burada ona görə Yazdı ki, Dünyanın o başından bu başına - Azərbaycana gələnəcən Tarix vərəqlənsin. Böyük İnsanların həyatı Tarixin bir parçasıdır.

1969-cu ildən üzü bu yana, Azərbaycan, Azərbaycanın Tarixi onun adıyla bağlı oldu. Hətta o qədər bağlı oldu ki, 80-ci illərin sonunda Azərbaycanın Tarixində bu Adın siyasətin və idarəetmənin səhnəsindən silinməsinə cəhd ediləndə, Azərbaycanın Faciələri də Onun Yoldan çəkindirilməsi ilə başlandı. Bəli, Heydər Əliyev Azərbaycan adının qabağına SİPƏR idi və Azərbaycana qarşı torpaq iddiasını, siyasətin Azərbaycan səhifəsini ikibaşlı Qartal da, onun qulbeçəsi erməni iştahı da, neftin başgicəlləndirən xəzinəsindən gözüqamaşan ingilis diplomatiyası, fürsətdən barınmaq cəhdində bulunan hər "qolu zorlu"... Məhz Heydər Əliyevsiz mümkünlüyünü hesablamışdı... Amma nə yaxşı ki, Müdrik Uzaqgörənlik qiymətini qızıl kimi hər yerdə saxlaya bilir. Müdrik Uzaqgörənlik və El Gözü Azərbaycanın qabağında yenidən Heydər Əliyev sipəri ucalda bildi. Azərbaycanın Tarixinə Heydər Əliyev adı yenidən, bu dəfə Azərbaycanda dövlət Müstəqilliyinin qarantı kimi yazıldı.

Heydər Əliyevin müdrikliyi, təcrübəsi və diplomatik peşəkarlığı qalib gəldi və bu Qalibiyyət Azərbaycanın dünyaya və beynəlxalq təsisatlara inamlı inteqrasiyasını təmin etdi. Elə ona görə də dekabrın 12-də böyük İnsan Axını Fəxri xiyabana - böyük Heydər Əliyevin ziyarətinə kədərlə yox, həm də görülmüş Böyük İşlər üçün minnətdarlıq hissi ilə gedir.

"Böyük İnsanlar da İnsandır" fikrinə korrektəni məhz Taleyi Xalqın və İnsan Cəmiyyətinin tarixinə bağlı insanlar edə bilər.

...Tarixin çox da uzaq olmayan Zaman kəsiyində Atatürk Türkiyəni xilas etdi, Şarl de Qoll Fransanı. Azərbaycanda bu taleyüklü, tarixi missiya onun bəxtinə düşdü - Heydər Əliyevin.

 

Böyük yolun paralelləri

 

2003-cü ilin oktyabrın 15-də Azərbaycanda prezident seçkisi keçirildi. III minilliyin müstəqil Azərbaycanın bu ilk seçkisi yeni eranın və yeni əsrin ilk onilliyinin siyasi oriyentirini müəyyən etdi: hakim Yeni Azərbaycan Partiyasının namizədinin ölkənin birinci kürsüsündə əyləşməsi ilə təkcə soyad dəyişməz qalmadı. İlham Əliyev hakimiyyət kreslosunda yalnız Atanı, Siyasi rəhbəri, Məsləkdaşı əvəz etmədi. Oğul sözün geniş və böyük mənasında varis kimi gəldi. İstər seçkiqabağı, istər inauqurasiyada, istər seçkidən sonra İlham Əliyev Heydər Əliyev siyasi kursunu və strateji xəttini davam etdirəcəyini bəyan etdi. Bu, prezidentliyə namizədi opponentlərindən fərqləndirən nəzərəçarpan özünəməxsusluqdu: vəd vermək - inandırmaq və insanları arxasınca aparmaq yolu deyildi - vədlərdən yorulmuş xalq söz yox, iş gözləyirdi. "Heydər Əliyev siyasi kursu" ifadəsi sonuncuya ekvivalent ola bildi.

Prezident İlham Əliyevin xarici siyasət kursu Azərbaycanın milli maraqlarının qorunmasına, mürəkkəb ictimai-siyasi şəraitdə Qafqaz regionunda ölkənin şəriksiz liderlik nüfuzunun möhkəmləndirilməsinə, beynəlxalq təşkilatlarla, xarici dövlətlərlə əlaqələrdə intensivliyin artmasına xidmət edir.

Prezidentin ölkənin ayrı-ayrı bölgələrinə səfərləri "əsl siyasət - real, konkret iş görməkdən ibarətdir" tezisinin real nəticələrinə olan ümidləri inama çevirdi. Və xalq gördü ki, ölkə başçısının fəaliyyəti Söz və İşin vəhdəti nümunəsidir.

Ölkədə daxili siyasi sabitliyə nail olunması hər zaman dövlətlə xalq arasında inam və birliyin göstəricisi olmuşdur və bu gün də belədir.

Hüquqi dövlət quruculuğu xətti az qala hər il "Amnitsiya ili" kimi də yadda qalır.

Ölkə başçısının gündəlik fəaliyyətində əsas xətt Qarabağ probleminin həlli, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı aparılan siyasətin davamıdır.

Prezident İlham Əliyevin bütün çıxışları və görüşləri dünyanı bir məsələyə inandırmağa xidmət edir: Ermənistanın tutduğu yol, təkcə Azərbaycanın yox, bütün regionun, eləcə də Cənubi Qafqaz regionunda iqtisadi-siyasi maraqları olan dövlətlərin mənafeyinə ciddi maneədir.

20 il... Böyük tarix üçün elə də böyük zaman deyil. Amma ümidlərin və inamın, inandırmağın və yönəltməyin, cəmiyyətin dinamik və ahəngdar inkişafını şərtləndirməyin bu yolu Azərbaycanın Böyük Yolunun uğurlu davamıdır.

44 günlük tarixi qələbə ilə Azərbaycanın təqvimindən qaranı, tarixindən yaranı silən Azərbaycan bu gün sürətin və qüdrətin, qətiyyət və şərəfin elə bir məqamındadır ki, fikrin və hissin, düşüncə və hərəkətin nəbzi yalnız "Qarabağ Azərbaycandır!" nidasıyla vurur və yalnız bircə ladda oxunur; "Qələbə, qələbə, ancaq qələbə!" ladında. Zorun və Şərin, biganəliyin və etinasızlığın qərəz və tərəfkeşlik adlı 30 illik əsirliyində əzdirilmiş Azərbaycan haqq savaşında dünyaya hüququn, hərbin, diplomatiyanın, siyasətin elə bir məharətli idarəçilik mədəniyyətini nümayiş etdirir ki, ikili standart hiylələrinin puç olduğunu görən "ikibaşlı oyunların generalları" artıq müttəfiqlik dalğasını "Bakı vaxtı ilə" tutmağa çalışırlar. Azərbaycan sözünün sahibi və söz sahibi kimi, həm də türklüyün, əməkdaşlığın, tərəfdaşlığın, müttəfiqliyin, qonşuluğun "Bakı prosesi" modelini o qədər sadə, aydın, şəffaf, konkret və hamıya açıq humanist prinsiplər üzərində qurub və bəyan edib ki, onunla "Dəyirmi masa"ya əyləşmək niyyətləri geosiyasi maraqların ciddi korrektəsini zəruri edir.

Azərbaycan regionda qardaşlığın, sülhün təminatçısı adını hərbi cinayətkarlığın misli görünməmiş qəddarlığından qarış-qarış, addım-addım, məzar-məzar keçərək, soyqırım, terror, genosid, ekosid, faşizm, separatizm, vandalizm… fəlakətlərinin ümumiləşdirilmiş adı olan ermənilik taununa qarşı təkbaşına vuruşa-vuruşa qazanır. Gücü-güvənci isə, nazilsə də üzülməyən haqqa inamı, əsgərinin qanı-canı bahasına qoruduğu beynəlxalq hüququn normalarına sadiqliyi, lider - sərkərdəsi ilə bir olan xalq-ordu tandemini idarə edən milli birlik əzmi, cəngavər ruhu diri saxlayan çoxəsrlik qəhrəmanlıq ənənəsi, ən çətin anda tapındığı yazılan-yazılmayan dəyərlərə sədaqət hissi və bir də böyük mədəniyyətidir. Bu mədəniyyətin xüsusi təyinatlı sözü dünya dillərində liderinin, sərkərdəsinin səsi ilə tarixin yaddaşını oyadır, həqiqətin tozunu alır və "Azərbaycan dünyaya bir Günəş kimi doğacaq" (Heydər Əliyev) əminliyini Tarixin səhnəsinə çıxarır. Və bu dəfə feilin zamanını qeyri-müəyyən gələcəkdən sıyırıb, indiki zaman qətiyyətində bəyan edir.

Azərbaycan təkcə haqq işi, doğma torpaq uğrunda savaşmır. Azərbaycan Ordusu təyinləri dəyişir, mifi dağıdır, epik siqlətli süjetyaratma ənənəsini cilalayır, hərb, qəhrəmanlıq və barış tarixinin janr və üslubi keyfiyyətlərini yeniləyir.

Xüsusi təyinatlı xalq Göylərin uca qatında "Allahın süvariləri" kimi şərəfləndirilmiş Türkün və Azərbaycanın qüdrətini Yeni Dünya nizamının Bayraqdarı yüksəkliyinə aparan yolları həm də həqiqətdən güc alan diplomatiya səriştəsi ilə təkcə ermənilik şərindən yox, eləcə də, erməniliyə rəvac verənlərin erməni xislətindən təmizləyir. Hələliksə, xalqı bir Bayraq altında birləşdirmiş xüsusi təyinatlı söz - "Qarabağ Azərbaycandır!" - Azadlıq ümidlərini Böyük və Sarsılmaz Qələbə inamına səfərbər etməkdədir.

Bu yolda bu günün ovqatına güc verən, ahəngi tamamlayan Birlik mesajı - "Bir millət - İki dövlət" yeni redaktədə - "Bir millət, iki dövlət, bir yumruq!" - daha güclü, daha əzəmətli və daha möhtəşəm bir ahənglə səslənir, Türk dünyasının, Azərbaycanın Zəfər yolu ilə Türkün Qızıl Almasını Zamanın Yaddaşına daşıyır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!