Heydər Əliyev işığı - Xeyrəddin QOCA

 

 

Bir və ya yüz məqalə ilə, qalın-qalın kitablarla, sonu bilinməyən filmlərlə ən böyük azərbaycanlı olan Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə hələ tam işıq salınmamışdır. İnsan dağdan uzaqlaşdıqca, dağın daha möhtəşəm olduğunu görür. Heydər Əliyev adlı "dağ" illər, qərinələr keçdikcə daha möhtəşəm görünəcək.

Bu sətirləri yaza-yaza mən Heydər Əliyevlə bir dövrdə yaşadığım üçün, onun sərəncamları ilə bir dövlətdə işlədiyim üçün, onunla üz-üzə saysız söhbətlər etdiyim üçün, bir daha fəxarət hissi duyuram və həmişə ürəyimdən bir göynərti keçir: "Kaş o böyük insan bizimlə olaydı, Azərbaycanda aparılan indiki quruculuq işlərini görəydi, özündən sonra şəxsiyyətinə, bacarığına, qabiliyyətinə inanaraq qoyub getdiyi Böyük oğulla bizim kimi qürur duyaydı, doğrudan da dəyərli varisinin bünövrəsini qoyduğu, yaratdığı dövlətin necə inkişaf etdirdiyini görəydi! Yeri gəlmişkən, düşünürəm ki, "layiqli davamçı" fikri sadəcə gəlişi gözəl deyilən söz deyil, qurub-yaradan bir insanın tarixdə qalacaq işinə - əməlinə verilən qiymətdir, xalqın "tərəzisinin" çəkisidir, göstəricisidir.

 

Heydər Əliyevin ürəyi həmişə xalqına, vətəninə sevgi ilə döyünmüşdür. Mən otuz ildən çoxdur ki, həmin ürək döyüntüləri haqqında bildiklərimi bacardığım qədər xalqımıza çatdırmaq üçün səy göstərirəm. Amma Böyük Öndərin ürək "döyüntülərini" 1969-cu ildən başlayaraq hiss etmişəm, duymuşam. Onda cəmi 19 yaşındaydım. Qələmim respublika mətbuatına təzəcə "yol açırdı". O zamandan bir qəzetçi kimi Heydər Əliyev haqqında yazmağa başlamışam, yəni son 33 ildə yazdıqlarımın bünövrəsi o zamandan qoyulmuşdur.

İndi çox gözəl xatırlayıram, Kremlin "Qurultaylar" sarayında Heydər Əliyev məruzə edəndən sonra, bütün salon ayağa qalxaraq, onu sürəkli alqışlarla alqışlamağa başladı. Bu alqışların ardı-arası kəsilmirdi. Məhz onda ürəyim dağa dönür, bir azərbaycanlı kimi qəlbim köksümə sığmırdı. Şəxsiyyət, görkəm, gözəl nitq, son dərəcə mənalı fikirlər, böyük zəka məni heyran etdi. Onda hələ bilmirdim ki, vaxt gələcək bu "Böyük İnsan"la mən yaxından tanış olacağam, partiya və dövlət quruculuğundakı kiçik töhfələrimlə onun rəğbətini qazanacağam. Bəri başdan qeyd etdim ki, sadə bir jurnalist kimi az-çox məni tanıyırdılar. Amma Azərbaycan cəmiyyətinə məni təqdim edən Heydər Əliyev olmuşdur. Məhz onun ölkəmizə rəhbərlik etdiyi dövrdə Yeni Azərbaycan Partiyasının quruculuğunda iştirak etmişəm. "Yeni Azərbaycan" qəzetinin baş redaktoru olmuşam, millət vəkili seçilmişəm, Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin olunmuşam. Bu fikirlərimi elə-belə söyləmirəm. Demək istəyirəm ki, sadə bir kənd müəllimi ailəsində dünyaya göz açmışam, mütəvazi bir həyat tərzi keçirmişəm. Lakin Heydər Əliyevin diqqəti və qayğısı ilə həyatımda yadda qalacaq işlərə imza atmışam. Həmişə fikirləşirəm, görəsən, Heydər Əliyev həyatı boyu nə qədər mənim kimi insanlara kömək edib, nə qədər insanlara atalıq qayğısı göstərib?! Bilirəm ki, onların sayı-hesabı yoxdur. Heydər Əliyev təkcə ayrı-ayrı insanlara arxa-dayaq olmayıb, o, bütün Azərbaycana arxa-dayaq olub, bizə Azərbaycan adlı dövlət qoyub gedib. 

Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə çevrilmişdir. Onun keçdiyi ömür yolu doğma torpağa məhəbbət və sədaqətdən yoğrulmuşdur. Heydər Əliyev Azərbaycan xalqını yeni minilliyə, XXI yüzilliyə, qloballaşma əsrinə hazırlayıb çatdıran Ümummilli liderdir. Onun möhtəşəm siyasi və dövlətçilik fəaliyyəti respublikaya ilk dəfə rəhbərlik etdiyi dövrə - 1963-1982-ci illərdən başlamışdır. Bu illər tariximizin iqtisadi, siyasi, mədəni və mənəvi yüksəliş illəri kimi qiymətləndirilir. Böyük Öndərin həmin dövrdə Azərbaycana rəhbərlik etməsi xalqımızın milli mənlik şüurunda oyanışa səbəb oldu, onun siyasi uzaqgörənliyi və müdrikliyi Azərbaycanın gələcək dövlət müstəqilliyi üçün əsaslı zəmin yaratdı. Azərbaycanda ittifaq əhəmiyyətli bir sıra sənaye müəssisələri tikilib istifadəyə verildi, iqtisadiyyat, mədəniyyət elm və digər sahələr inkişaf etdirildi, gələcək üçün mühüm layihələr işlənib hazırlandı. Sonralar Heydər Əliyevin Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən respublikamıza göstərdiyi xüsusi diqqət və qayğısı nəticəsində ölkəmiz daha da inkişaf etdi.

1987-ci ildə Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşması Azərbaycanın faciələrinə səbəb oldu. Qondarma "Dağlıq Qarabağ problemi" ortaya atıldı. Ermənistan ərazisində yaşayan azərbaycanlılar öz doğma torpaqlarından sıxışdırılıb çıxarılmağa başlandı. Azərbaycana qarşı mənfur planlar həyata keçirildi. Sumqayıt hadisələri törədildi. 1990-cı il yanvarın 20-də Bakıya Sovet qoşunlarının yeridilməsi nəticəsində insanlarımız amansızlıqla qətlə yetirildi. Həmin dövrdə Moskvada yaşayan Heydər Əliyev bütün təqib və təzyiqlərdən çəkinməyərək Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gəldi, böyük cinayəti törədənləri kəskin tənqid etdi. Yadımdadır, Heydər Əliyevin nümayəndəlikdəki çıxışı xalqımızı sanki oyatdı, millətimiz tək olmadığını, onun arxasında Heydər Əliyev kimi görkəmli bir siyasətçinin, şəxsiyyətin dayandığını bir daha dərk etdi və gələcəyə ümidlə baxdı. Belə düşüncələrlə gələcəyə ümidlə baxanlardan biri də mən idim. Qəlbimdəki ədalət hissi bir daha baş qaldırdı. O zamankı kommunist mətbuatında Heydər Əliyevə qarşı başlanan çirkin kompaniyaya qarşı mübarizəyə qalxdım, bacardığım qədər "Böyük İnsan"a atılan böhtan və iftiraları məqalələrimlə təkzib etməyə başladım. Nəhayət, ittifaq və respublika rəhbərliyinin yaratdığı bütün maneələrə, çətinliklərə baxmayaraq, 1990-cı ildə Heydər Əliyev Bakıya gəldi və doğma Naxçıvana getdi. Bütün əhalinin istəyi və dəstəyi ilə Heydər Əliyev Azərbaycan və Naxçıvan parlamentlərinin deputatı seçildi. Sonra o, Muxtar Respublikanın Ali Məclisinin sədri oldu. Onda mən də tez-tez Naxçıvanda olur, Heydər Əliyevlə görüşürdüm. Odur ki, Heydər Əliyevə xalq sevgisinin şahidinə çevirildim. O zaman məlum hadisələrlə əlaqədar Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə bağlayan nəqliyyat yolları kəsilmişdi. Muxtar Respublika Azərbaycandan təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşayırdı. Heydər Əliyev Muxtar Respublika əhalisini ağır vəziyyətdən çıxarmağa çalışır, əhalinin normal fəaliyyətini təmin etmək üçün gecəsini-gündüzə qatırdı və xalq üçün böyük işlər görürdü.

Respublikamızda vəziyyətin getdikcə ağırlaşdığını görən ziyalılar, ağsaqqallar, sadə əmək adamları Naxçıvana, Heydər Əliyevin yanına gedərək ondan hakimiyyətə qayıtmağı təkidlə xahiş etdilər. Nəhayət, 1992-ci ilin oktyabrında Heydər Əliyevə Bakıdan 91 nəfər ziyalının imzası ilə Müraciət göndərildi. Həmin Müraciəti imzalayanlardan biri də mən oldum. "91-lər" Heydər Əliyevin rəhbərliyi ilə yeni bir partiyanın yaradılmasını istəyirdilər. Böyük Öndərin Azərbaycanın xilası naminə, xalqın mütəşəkkil tələbi və istəyi ilə YAP-a rəhbərlik etməyə razılıq verməsi onun böyük siyasətə qayıdışının əsasını qoydu. 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və böyük dövlət xadimi Heydər Əliyev partiyanın sədri seçildi.

Əlbəttə, YAP-ın təsis konfransında mən də iştirak edirdim. Yaxşı yadımdadır, Heydər Əliyev mənə İdarə Heyətinin üzvü olmağı təklif etdi. Mən isə İdarə Heyətinin tez-tez iclasları olacağından, jurnalist kimi həmin iclaslara qatıla bilməyəcəyimdən ehtiyat etdiyimi partiyanın sədrinə - Heydər Əliyevə bildirəndə o, dedi: "Onda səni Siyasi Şuranın üzvü edərik". Belə də oldu. Mən düz 28 il YAP-ın Siyasi Şurasının üzvü oldum.

Tarix boyu dövlət və cəmiyyət həyatında müəyyən rol oynayan, demokratik, hüquqi, dünyəvi dövlətçiliyin əsas atributlarından sayılan siyasi partiyalar, adətən, obyektiv zərurətdən və milli tələbatdan yaranmışdır. Müstəqilliyə yenicə qədəm qoymuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən YAP-ın yaranması da tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu obyektiv şəraitdən irəli gəlmişdir. Ulu Öndər Heydər Əliyev ideyalarının daşıyıcısı olan bir partiyanın siyasi səhnəyə vəsiqə alması həm də 1988-ci ildən başlayaraq respublikada cərəyan edən hadisələrin yekunu, ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 80-ci illərin sonundan başlanan xalq hərəkatının gedişində özünü büruzə vermiş, 1990-cı ilin əvvəllərində bir sıra siyasi təşkilatlar yaranmışdı. Lakin yaradılan qurumlar ölkənin düşdüyü ağır iqtisadi-siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikada vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırıldı. Ölkəni bürümüş dərin siyasi-iqtisadi, sosial gərginlik xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Məhz ona görə Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və xalqın sınanmış lideri Heydər Əliyevin ətrafında birləşdilər. YAP-ın yaranması xalqın istək və arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gəlmiş, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və suverenlik, azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində qurulub inkişaf etmişdir.

İctimai-siyasi sabitliyi təmin edən böyük strateq Heydər Əliyev özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında həm də Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərmişdir. Ümummilli Lider mərkəzi planlaşdırma və bölgə prinsiplərinin hakim olduğu bir ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürərək, onun həyata keçirilməsinə çalışmışdır.

Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısında böyük xidmətlərindən biri yeni neft strategiyasının hazırlanaraq həyata keçirilməsi olmuşdur. 

Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk milli Konstitusiyasının yüksək demokratik meyarlar əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi olmuşdur. 

1995-ci ildə müstəqil Azərbaycanın iş parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır. 

Ulu Öndər Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideologiya və milli-mənəvi dəyərlər ətrafında birləşməsinə, onların malik olduğu güclü potensialın ümummilli problemlərin həllinə yönəldilməsinə xidmət edən bir sıra tədbirlər həyata keçirmişdir. Heydər Əliyev cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görmüş, ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürmüşdür. 

2001-ci il noyabrın 9-10-da Bakıda Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün yaxşı şərait yaratmışdır.

Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra və Ümummilli liderin şəxsi səyləri nəticəsində dünyanın ən nüfuzlu dövlətləri ilə sıx tərəfdaşlıq münasibətləri qurulmuşdur. Ümumiyyətlə, Azərbaycan Respublikası dünyanın bütün dövlətləri ilə dostluq münasibətləri qurmağa çalışır. Təsadüfi deyil ki, bu gün bütün dünya Azərbaycana böyük diqqətlə yanaşır, yer kürəsinin müxtəlif bölgələrində baş verən hadisələr barəsində rəyini dinləməyə çalışırlar.

Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində qazanılan böyük nailiyyətlərdən biri də Azərbaycanın Avropa Şurasına qəbul edilməsidir.

Ümumiyyətlə, ölkəmizin uğurlarının qazanılmasında bütün şüurlu həyatını xalqına, vətəninə həsr etmiş, milli tariximizin qurucusu və xilaskar rəhbəri kimi daxil olmuş Heydər Əliyevin xidmətləri misilsizdir.

Xalqımız Böyük Öndərin anadan olmasının 100 illik yubileyini təntənə ilə qarşılayır, onun tariximizdə əbədi qalan adını uca tutur, xatirəsini həmişə əziz saxlayır.

Heydər Əliyev işığı bundan sonra da xalqımızın gələcək tarixini rövnəqləndirəcəkdir...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!