Çingiz Abdullayev
Xalq yazıçısı,
AYB-nin Birinci katibi
Görkəmli dövlət xadimi Heydər Əliyev təkcə Azərbaycanın Prezidenti deyildi, həm də Sovet İttifaqının rəhbərlərindən biri idi. Lakin bütün xidmətlərinin sadalanması onun şəxsiyyətinin miqyasını göstərməyə yetərli deyil. Yəqin ki, o, ölkəmizin və xalqımızın çoxəsrlik tarixində ən böyük siyasətçilərdən biridir. Bir şey dəqiqdir - O, dünya tarixində hakimiyyət Olimpindən enməmiş və oraya yenidən qayıtmış nadir insanlardan biri kimi qalacaq. O, Olimpə ikinci dəfə qalxaraq, özünü unikal dövlət xadimi kimi göstərərək, həm də dövlətini parçalanmaqdan xilas etdi. Azərbaycanı ən mürəkkəb vaxtda müdafiə etdi, öz xalqına tarixin sükanını döndərməyə, öz gələcəyinə inanmağa şərait yaratdı.
O, yetkin ömrünün ilk illərini dövlət təhlükəsizliyi orqanlarında keçirərək, böyük nailiyyətlər qazanmışdır.
Milli respublikalarda yerli kadrlara çox da güvənilmirdi, emissarların mərkəzdən gətirilməsinə üstünlük verilirdi. Heydər Əliyev qırx dörd yaşında ən cavan generallardan biri kimi Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri olur. Amma bu onun dövlət karyerasında fəaliyyətinin prelüdiyası idi. İki il sonra o, artıq Azərbaycanın rəhbəri kimi yüksək mənsəb tutdu. KP MK-da birinci katib, faktiki olaraq ölkədə baş verən hər bir şeyə cavabdeh birinci şəxs. Bütün sahələrdə - sənayedə, kənd təsərrüfatında, mədəniyyətdə yüksəliş başlayır. Miqyas heyrət doğurur. Çox da böyük olmayan Cənubi Qafqaz respublikası bir çox göstəricilərdə irəlidə olur. Əgər gürcü lider ənənəvi olaraq bu regionun Siyasi Büroda nümayəndəsi sayılırdısa, Heydər Əliyev Siyasi Büroya ilk namizəd seçilir. Sonra o, Siyasi Büroya - nəhəng dövlətdə hakimiyyətin ən yüksək pilləsinə üzv və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilir. Deyilənə görə, Andropov onu Nazirlər Sovetinin sədri vəzifəsinə hazırlayırdı. Bu bir həqiqətdir. On il sonra Mixail Qorbaçov da ölkənin son günlərində bu cəhdi təkrarlamağa çalışıb, Nazarbayevi Nazirlər Sovetinin sədri təyin etmək istəyəcəkdi. Lakin gec olacaq, İttifaq dağılacaqdı.
Heydər Əliyevin fəaliyyəti barədə Moskvada indi də əfsanələr gəzir. Onun qeyri-adi erudiyasından, bütün mətləbləri seçməsindən, insanlara xeyirxah münasibətindən hələ də danışırlar. Əlbəttə ki, 1987-ci ildə onun öz postundan getməyə məcbur olub istefa verməsinin doğurduğu haqsızlığın acısı da yaddan çıxmayıb. Heç kimə bənzəməyən bu siyasətçi, əslində, Qorbaçova mane olurdu. Bu cür nəhəng siyasətçinin yanında o, özünün sarsaq islahatlarını həyata keçirməkdə çox aciz görünürdü.
Mərkəzi Komitənin plenumlarının birində ənənəvi olaraq, keçmiş partiya rəhbərlərini bütün günahlarda ittiham edərək, etirafları tələb olunarkən bunun əleyhinə çıxan təkcə Heydər Əliyev olub. O, açıq bildirib ki, ona qarşı yönəlmiş bütün böhtanlar saxtakarlar tərəfindən formalaşdırılmışdır və o, yüksək vəzifələrdə işləyərkən heç bir əyintiyə yol verməmişdir. O, yeganə siyasətçidir ki, hakim Siyasi Büroya və şəxsən Mixail Qorbaçova qarşı çıxmışdır.
Heydər Əliyevin istefasından sonra Azərbaycanda Qarabağ münaqişəsi ilə iki respublikanın qarşıdurması başladı. Mərkəzin dəstəklədiyi Ermənistan hərbi hissələr formalaşdırdı və Azərbaycan ərazisinin 20 faizini işğal etdi. Sovet ordusunun hissələri Bakıya yeridildi. O dövrdəki bu hadisələrdə təxminən min nəfər həlak oldu və yaralandı. Və yenə də siyasətçi qəhrəmanlığı! Heydər Əliyev həyatını riskə atdığını bilə-bilə nümayişkaranə surətdə Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gəlir və qanlı hadisəyə qarşı öz tarixi çıxışını edir. Bu, birbaşa Mərkəzə etiraz idi. Respublikanın özündə isə hökumətlə müxalif Xalq Cəbhəsi arasında hakimiyyət çəkişməsi gedirdi. Dövlətimiz müstəqilliyini itirmək, parçalanmaq və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə idi. Cənubda "Talış-Muğan respublikası" elan olunmuş, şimalda separatçılar baş qaldırmışdı. Mərkəzin qüvvələri və Surət Hüseynovun qoşunları ilə silahlı qarşıdurma başlamışdı.
Belə bir şəraitdə Azərbaycan xalqı Heydər Əliyevin Bakıya - hakimiyyətə qayıdışını tələb edirdi. Və o, qayıtdı!
O, sadəcə, vəziyyəti sabitləşdirmədi, həm də hərbi müdaxilələri dayandırdı, iqtisadiyyatı, sənayeni bərpa etməyə başladı, ölkənin büdcəsini təmin edən neft-qaz təsərrüfatını gücləndirdi. İnsanların inamını qaytardı, onlar gələcəyə ümidlə baxmağa başladılar.
Dünya tarixində hakimiyyətə qayıtmaq cəhdləri çox olub. Böyük Napoleon ikinci dəfə hakimiyyətə qayıdıb. Lakin sonra Vaterloo döyüşü baş verib. Hətta Şevardnadze də ikinci dəfə hakimiyyətə gəlib. Digər respublikaların liderləri də bunu bacarıblar, lakin heç bir şeyə nail olmadan siyasətdən gediblər.
General de Qoll da islahatlarının uğursuzluğundan və tələbə etirazlarından sonra hakimiyyətdən uzaqlaşıb. Heydər Əliyev nəinki möhkəm dayandı, o, hakimiyyətin etibarlı əllərə ötürülməsinin qayğısına da qaldı. Bu, postsovet məkanında əsl möcüzə idi. Burada da o, uzaqgörən idi! Bir müddətdən sonra onun oğlu - Prezident, Ali Baş Komandan İlham Əliyev öz xalqının azadlıq yürüşünə rəhbərlik edəcək, möhtəşəm qələbə ilə Qarabağı geri qaytaracaqdı.
Heydər Əliyev qədirbilən Azərbaycan xalqının qəlbində görkəmli lider kimi əbədi yaşayacaq! O, xalqının ən mürəkkəb, çətin anında özünü yetirmiş, ona dayaq olmuş əsl xilaskar kimi, əsl Ümummilli Lider kimi daim yaddaşlarda qalacaq. Onun əvəzsiz xidmətlərini unutmaq mümkün deyil! Biz bu heyrətamiz insanı illər sonra da xatırlayacağıq. Həm də böyük iftixar hissi ilə...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!