Ötən şənbə Lənkəran Dövlət Dram Teatrında gənc yazıçı Könül Məmmədovanın "Yaşayan ölü" pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub. Tamaşada cəmiyyətimizdə insanların sağlamlığına, psixoloji vəziyyətinə, sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstərən, cinayətlərin artmasına səbəb olan narkomaniyanın iki qohum ailənin faciəsinə gətirib çıxarmasından, narkomaniyanın törətdiyi fəsadlardan bəhs edilir.
Əslində, səhnə əsəri tamaşaçıya ailə dramından daha dərin, zəngin, daha dinamik hekayə kimi təqdim olunur. Narkomaniyanın səbəbləri və problemləri təkcə ayrı-ayrı ailələrin problemi deyil, bütün cəmiyyətin xəstəliyidir. Onun müalicəsi üçün hər bir insanın diqqəti və iştirakı tələb olunur.
Narkomaniya mövzusu kifayət qədər ağrılı olsa da, gənclərlə bu barədə danışmaq o qədər də asan deyil. Bununla belə quruluşçu rejissor Anar Babalı və tamaşanın aktyorları bu ağrılı mövzunun maraqlı yaradıcılıq həllini tapmağı bacarıblar. Aktyor oyunu mümkün qədər yaradıcılıq tələb etdiyindən yaradıcı heyət xüsusi effektlərin və bütün növ teatr texnikasının köməyi sayəsində məktəblərdə müəllim və psixoloqların yeniyetmələrə çatdırmağa çalışdıqlarından da artığını etməyə səy göstərirlər.
Tamaşanın müəllifləri səhnə obrazları prizmasından yanaşmaqla narkomaniya təhlükəsini tamaşaçıya çatdırırlar. Narkomaniya bütün hallarda qırmızı sap kimi insan münasibətlərini pozur, taleləri qırır, insanı qaranlığa qərq edir, onu həyatda ən qiymətli şeydən - yaxınlarından və əzizlərindən məhrum edir.
Məlum olur ki, narkotik aludəçisi Xalidə (aktrisa Təranə Fərəcova) şikəst oğlu Nahidi hələ körpəliyində ikən doğum evində qoyub. Nə yaxşı ki, Nahid onu övladlığa götürən, ona gözəl tərbiyə verən yaxşı insanların əlinə düşür. Xalidənin ikinci oğlu Orxan isə məhz onun diqqətsizliyi və laqeydliyi üzündən narkotik aludəçisi olur və səfil həyat sürür.
Nahid əlil olmasına baxmayaraq ruhən güclüdür, şairlik istedadı ona həyatı sevdirir. Taleyin iradəsi ilə o, bu barədə heç nə bilməyən doğma qardaşı ilə dostdur. Nahid məhz qardaşı vasitəsilə ata ocağına yol tapır. Hər görüşdə anası Xalidəni tanıdıqca ona nifrəti artır. Nahid hər dəfə anası ilə üz-üzə gələndə onun tikanlı sözlərindən Xalidə əzab çəkir. Oğlunun "dostunun" kəskin sözləri onun ürəyini güllə kimi deşsə də, Xalidə hələ də "qürurlu"dur və iyirmi il əvvəl baş verənləri yaddaşından silməyə ciddi cəhd göstərir.
Nəhayət, Orxan anlaqsız hərəkətləri ilə əmisi qızı Nərgizin namusuna toxunur, onu bədbəxt edir.
Belə olan halda Xalidə Orxana qaçıb gizlənməyi məsləhət görür. Orxan isə acı istehza ilə: "Qaçmalıyam? Qaçmaq çarədirmi?", - deyə cavab verir.
Gənc aktyor Emil Rzayev Orxanın emosional-psixoloji düşüncələrini özünəməxsus şəkildə tamaşaçılara çatdırmağı bacarır: "Uşaq gördüyünü qəbul edir. Mən də bu zəhəri görmüşəm. Sevgi görmədim, zəhər gördüm. Ana məhəbbəti görmədim, zəhər gördüm. Heç bir qayğı görmədim, zəhər gördüm. Bu zəhərdə sevgi, qayğı və məhəbbət tapdım. Əmim qızını bədbəxt etdim. Bu əllərimlə onun başına pisliklər gətirdim. İyirmi yaşında ata olacağam, amma özüm hələ də uşaq kimiyəm. Mən yaxşı insan olmaq istəyirəm. Amma məni öldürdülər. Məni sağ ikən öldürdülər. Mən diri ikən ölüyəm, diri ikən meyidəm".
Tamaşaçılar səhnədən narkotiklərdən istifadənin fiziki və psixi sağlamlığa dəhşətli təsirini açıq şəkildə görürlər.
Tamaşanın son səhnəsində polis Orxanı törətdiyi cinayətə görə həbs edir. Nahid qardaşının vəziyyəti ilə barışa bilmir. Ona görə də hirsini, acısını anasının üstünə tökür: "Sən ana ola bilməyən anasan. Analıq adı sənə haram olsun", - deyir.
Nahidin dediklərindən əsəbləşən Eldar oğlanın sözünün məğzini anlamır. Nahid əsl həqiqəti açıqlayır: "Bu qadının analıqdan danışmağa haqqı yoxdur. O, mənə hamilə olanda narkotik qəbul etdiyinə görə mən qüsurlu doğulmuşam. Normal uşaq olmadığım üçün hamıya öldüyümü deyərək məni elə doğum evindəcə qoyub gedib. Mənim qanımda narkotik aşkar olunduğundan, bu sirri kimsə bilməsin deyə, məni sonsuzluqdan əziyyət çəkən bir həkimə verdi. Həkim hamıya öldüyümü dedi. Məni başqası doğdu, amma digər başqası böyütdü. Nə yaxşı ki, həmin adam mənim qanımdan bu zəhəri təmizlədi".
Tamaşanın son dəqiqələrində Xalidə əməlini etiraf edir və Nahiddən bağışlanmasını istəyir: "Düz deyirsən, mən ana adına ləkəyəm. Dost adına ləkəyəm. Mən gəlin adına ləkəyəm. Mən qadın adına ləkəyəm". Bu zaman o, xəncərlə özünü öldürmək istəyir, lakin Nahid buna imkan verməyərək anasına deyir: "Məni bu dünyaya gətirən sənsən. Qulaqlarım, ürəyim ana sevgisinə həsrətdir... Sənə olan sevgim nifrətimdən böyükdür..."
Tamaşa bitəndən sonra pərdə bağlanır, tamaşaçılar bilmirlər aktyorları alqışlasınlar, ya da durub getsinlər. Axı, burada alqışlanası heç nə yoxdur: axırıncı səhnələr çox gərgindir, yaşlı nəsil də, gənclər də ilk dəqiqələrdən şokdadır, kimlərsə göz yaşlarını hələ də saxlaya bilmir. Və yalnız aktyorlar təzim etməyə səhnəyə çıxarkən tamaşaçılar əsl reallığı, teatrın zalında olduğunu anlamağa başlayırlar.
Quruluşçu rəssam Tərlan Sadıqovun səhnə tərtibatı və Miranda Qurbanovanın musiqi nömrələri tamaşanın ümumi ideyasına xidmət edir.
Tamaşada rolları aktyorlardan Miraslan Ağayev (Eldar), Təranə Fərəcova (Xalidə), Emil Rzayev (Orxan), Saleh Əzimzadə (Nahid), Qızılgül Quliyeva (Reyhan), Rauf Zeynalov (Akif), Aysel Babazadə (Nərgiz) və Şəbnəm Hüseynova (Sevda) oynayırlar.
Əlavə edək ki, "Yaşayan ölü" tamaşası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nörməli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı Mədəniyyət Nazirliyinin təsdiq olunmuş tədbirlər planına uyğun olaraq səhnələşdirilib.
Lənkəran
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!