Kod adı "V.X.A." - Zərif qadınların güclü mübarizəsi! - Röya Salmanovanın tamaşaçı qeydləri

 

 

Dövlət Gənc Tamaşaçılar Teatrında ötən ilin sonunda səhnələşdirilən Kod adı "V.X.A. - Vətən xainlərinin arvadları" tamaşası himnimizin müəllifi, inqilab şairi, ictimai xadim və maarifçi Əhməd Cavadın dünyaya gəlişinin 130 illiyinə, repressiyaya məruz qalmış fikir adamlarının ailə üzvlərinə, ələlxüsus da xanımlarına və repressiya qurbanlarının 85 illiyinə həsr edilib.

Tamaşanın afişasını ilk gördüyüm zaman hər nə qədər məndə böyük bir maraq oyatsa da, mövzusu etibarilə izləməyə cəsarət etmirdim. Görünür, pyesin müəllifi və quruluşçu rejissoru Mehriban Ələkbərzadə də əsəri ərsəyə gətirincəyədək çoxillik mənəvi və məntiqi hazırlıq mərhələsindən keçib, ancaq tamaşaya olan böyük maraq göstərir ki, biz xalq olaraq faciənin 85 illiyində yaşananları canlı olaraq izləməyə artıq mənən hazırıq.

Düşünürəm ki, bu sənədli-bədii dramı 1937-ci ilə əsasən səhnədə 37 qadının timsalında, 26 min xanımın faciəvi sürgün mərhələlərinin qaranlıq dəhlizlərini, bir qadının təxəyyülündən izləmək çox təsiredicidir. Hər mənada bir çox ilklərə imza atılan bu tamaşada Mehriban Ələkbərzadənin rəhbərliyi ilə əsərdə əməyi keçən bütün tamaşa heyəti işini tam mənasıyla bir vətəndaş missiyası kimi mənimsəyib, bütün insani haqları əllərindən alınanlara haqqını təslim edib və bu sayədə ölməz ruhların şərəfinə monumental bir abidə ucaldıblar. Çünki bu tamaşanı izləyən hər azərbaycanlının hafizəsi təzələnib, ağlasığmaz məqamları xatırlayıb, tariximizin qanlı və ürək yandırıcı səhifələrini oxumaqla izləmək arasındakı fərqi hiss edib, həm bu faciəvi talelərə qəhərlənəcək, həm də azərbaycan qadınlarının heyranlıq doğuran mübarizəsi ilə qürur duyacaq!

Düşünən beyinlərin ailələri ilə birgə məhv edilməsi üçün ən ağır maddə olan vətənə xəyanətdə ittiham olunub, xalq düşməni damğası vurulan 37-ci illərdə bir çox qadın sadəcə ailəsinə görə deyil, rejimə sadiq olduğu halda ziyalı, fəal işçilər olduqları üçün təhlükəli hesab edilib cəzalandırıldı. Bu şəxslər ad və soyadlarına görə həbs edilsələr də, onlardan həm kimliklərini təsdiq, həm də inkar etmələri tələb olunurdu, nəticədə bir şəxsiyyət olan bu insanlar kod adlardan ibarət bir rəqəmə çevrildilər! Hər mənada bir-birindən fərqli qadınların yolunu, tale bu sürgündə kəsmişdi. Artıq bədbəxtlik onların ortaq yurdu olmuşdu, bu yurdda onlar kimi zaman bir-birinə sahib çıxır, kimi zaman fikir ayrılığı yaşayırdılar. İçlərində həm ara düzəldən, həm çaxnaşma yaradanlar, həm düşmənçilik güdənlər, həm də bir-birinə həmdəm olanlar vardı. Yaşadıqları psixoloji sarsıntı nəticəsində öz doğmalarına şübhə edənlər də, bir an belə buna inanmayanlar da , Allaha sığınıb onun bu sərsəm gedişata dur deyəcəyinə inananlar da, Stalinə ümid bəsləyənlər də vardı. Rişxənd, ələ salma, qürurlarıyla oyuncaq kimi oynama, namuslarını qorumaq üçün verdikləri mübarizə, fiziki, psixoloji işgəncə, şər-böhtan atan tanışlarla üzləşmə, boşanma basqısı, dindirmə əsnasındakı özünümüdafiələri, bir sözlə, biz demək olar ki, hər səhnədə bu ziddiyyəti görürük, lakin yekunda onların bütün bu fərqliliyin içində nə qədər də eyniyyət təşkil etdiklərini anlayırıq.

Bu tamaşa meydanında hər kəs rolunu o qədər valehedici icra edir ki, hamı haqqında ayrı-ayrılıqda yazmağa sözlər, cümlələr kifayətsiz qalar. Sadəcə, tamaşada da Şükriyyə Axundzadənin timsalında bu qadınların faciəsi əks olunduğu üçün əməkdar artist Kəmalə Müzəffərin möhtəşəm performansına ayrıca bir mötərizə açmasam olmaz. Kəmalə xanım sayəsində Şükriyyə xanımın həm mənəvi, həm də fiziki ağrılarını ilikləriməcən hiss etdim. Aktrisa rolunu canlandırmırdı rəsmən yaşayırdı, o, səhnə içində səhnə yaratmışdı. Görünür, bu alp qadının mübarizəsi Kəmalə xanımda da böyük iz buraxıb ki, onu bu qədər hiss edə və hiss etdirə bilib. Tamaşada onun paltarlarını çirkli suda yuma səhnəsini görən kimi dedim ki, budur Şükriyyə Axundzadə səhnədədir. Onun namusunu qorumaq, insani ehtiyacları üçün düşmənə yalvarmasın deyə etdikləri ağlasığmazdır. Tamaşanın afişasında ilk və son şəkildə Şükriyyə xanımın sürgündən öncəsi və sonrası əks olunub. Biz Şükriyyə xanıma baxdıqda, çirkaba batmış bədəndə parlaq zəkanı, pak ruhu, azad sevgini, eşqə sədaqəti, aşiqə inamı, vüsala inancı, gələcəyə ümidi, məğrur duruşu, əsalətli qadını və eyni zamanda insanın qəddi necə əyilər, yaşamaq haqqı əlindən necə alınar, gələcəyə ümidlə baxan parlaq gözlər necə solar, dərd insanı nə hala salar görürük! Şükriyyə xanım boşanma ərizəsini imzalayıb özü və övladları üçün Cavadından keçsəydi bu zülmləri yaşamazdı, fəqət özü və eşqi bir əfsanəyə çevrilməzdi. Zalımlar onları cismən ayırsalar da, ruhən ayıra bilmədilər. Nə deyib, Atilla İlhan "ayrılıqlar da sevdaya daxildir, çünki ayrılanlar hələ də sevgilidir". Mən əminəm ki, onlar əbədi aləmdə qovuşublar və Əhməd Cavad hər an şükür xudaya ki sən, qadın, - deyir.

Bu faciə "Vətən xainlərinin arvadları" kimi övladlarından da təsirsiz ötüşmədi, valideynləri kimi onlar da hər şəkildə yaralandılar, yaşlarından, yaşanmışlıqlarından qat-qat ağır yüklərin altında hər mənada əzildilər. Uşaqlar ad və soyadlarından imtinaya, ata, anasının ünvanına nifrət şüarları səsləndirməyə vadar edildi, yaşamaq, yəni nəfəs almaq qarşılığında hər şeylərindən keçmələri tələb edildi. Kimiləri sahibsizlikdən, baxımsızlıqdan öldü, kimiləri uşaq evlərində vəba oldu. Bu qıyım nəticəsində geridə 1507 atasız uşaq qaldı. Hər şeyin itirmiş gənclərin rəsm etdikləri "Sonuncu şam yeməyi" əsərində, masanın üzərinin al-qırmızı rəngə boyanmasıyla qırmızı oktyabra, sonrasında pazlın parçalarının İsa və həvariləri, Stalin və havadarları ilə əvəzlənməsi eyhamları möhtəşəm idi.

Hər nə qədər həddim olmasa da, tamaşa sevər bir izləyici olaraq bu epik tamaşadakı səhnə tərtibatına, dekorasiyasına, istifadə edilən musiqilərin ahənginə, söylənilən şeirlərin mahiyyətinə, göz dolduran performansların valehediciliyinə, bu qədər dinamik səhnələrdə tamaşa heyətinin müntəzəm zamanlamasına, hər şeyin bir zərgər dəqiqliyi ilə incəlikli işlənməsinə olan heyranlığımı dilə gətirmədən keçə bilməyəcəm. Aktrisaların hər biri gərək fiziki, gərək mənəvi olaraq mənə cəng meydanındakı cəngavərləri xatırlatdı. Onlar sanki 4,5 saatlıq bir marafonu tək nəfəsə oynamadılar, yaşadılar, bəli, bu performanslara oynamaq demək böyük qəbahət olar. Talelərin dəyişdiyi məqam olan hər kəsin evindən zorla aparılması, dindirmə, sürgün yolu, vaqondakı iztirablar, həbs düşərgəsi hər biri mərhələli şəkildə cəhənnəmin qatları, işgəncə olan hər səhnə isə bu faciənin kulminasiya nöqtəsi idi. Elə tamaşanın ilk saniyələrindən etibarən qadınların qorxu və çaşqınlıq dolu harayları, əsgərlərin qəddarca, qeyri-insani davranış və qışqırtıları o qədər canlı və real idi ki, əsər sizi bir anda öz ağuşuna alırdı, ona görə də izləyicilər olaraq bizlər də nəfəsimizi tutaraq bu uzun hekayəni bir göz qırpımında izlədik. Çünki tamaşa heyəti hər biri öz rolunu bir vətəndaş borcu kimi mənimsəmişkən, bizlər də bu yaşananları unutmamaq üçün izləməyi özümüzə borc bilirdik. Çox qəribədir, tamaşa o qədər gözəl qurulub səhnələşdirildi ki, bu qədər ağır mövzunu heç sıxılmadan zövq alaraq izlədik. Əsərdə Əhməd Cavadın qələmindən " Şükriyyə üçün" şeirinin və himnimizin misralarının, Ümmügülsüm Sadıqzadənin "Günəşim bir daha doğmayacaqmı?" şeirinin Mikayıl Müşfiqin "Qal sənə qurban" və "Həyat sevgisi" şeirlərindən misralar səsləndirilməsi, bezib Şekspirə, Dostoyevskiyə lənətlər yağdırılması səhnələri diqqət çəkən məqamlardan idi.

Mehriban Ələkbərzadə biz tamaşaçılarda əsəri izlərkən insani sorğulamlar aparmağa vadar edir. Məsələn: insan qıyımının adı haçandan təmizləmə olub? İslah düşərgələrində, hansı təqsirlər islah edildi? Arif və vətənpərvər olmağın cəzası məhv edilməkdir? Axı, niyə ziyalıların dəyərli xanımları cəmiyyətin tör-töküntüsünə çevrildi? Məzlumların həyatlarını əllərindən alıb, bütün sevdiklərindən pərən-pərən salmaq rəvadırmı? Səni sən edən, səni var edən bütün həqiqətlərini danmağa məcbur edilmək, nə deməkdir? Bütün bu yaşanılanlar taleyin qismətidir, yoxsa canilərin cinayəti? Düşməninə bir tikə çörək, bir qurtum su üçün yalvarmaq, nə deməkdir? Xəstəxanada bir neçə günlük dincliyə görə özünü xəstə etməyə çalışmaq, nə deməkdir? Üsyan edib haqqını tələb etsən də göz görə-görə sindirilmək, nə deməkdir? Üfunət içində boğularaq tək nəfəslə yaşamağa çalışmaq, nə deməkdir? Bütün hüceyrələrinəcən özündən iyrənmək, nə deməkdir? Ağlayaraq göz yaşı içində rəqs etmək, nə deməkdir? Sonunu bildiyiniz bir yolda hər dayanacağa ümidlə baxmaq? Sonda səni həyata bağlayan ümidin işgəncəni uzadan bir ip olduğunu görüb həyatına son vermək nədir bilirsiz? Hər kəs sınandığı qədər güclüdür bu həyatda, bəs biz izləməyə belə cəsarət edə bilmədiyimiz bu ağır səhnələri yaşamağa dözə bilərdikmi? Bəs deyirlər, pis günün ömrü az olar, niyə bitmir bu əziyyətlər, yəqin bizim varlığımızı unutdular, - deyə düşünüb Allaha, bəndəyə fəryad etməyə bilərdikmi? Bütün bu sualların nəzdində Mirzə Ələkbər Sabirin:

 

Məzlumların göz yaşı dərya olacaqmış, -

Dəryaları, ümmanları neylərdin, İlahi?!

 

- misralarının ağlıma gəldiyi məqamlarda özgə xalqın insanlarının onlara mərhəmət edib qurut atması vicdan, mərhəmət sahibləri hələ də yaşayır, insanlıq ölməyib demək idi, yağışın damlaları, qarın dənəcikləri ilə bu qadınların sevinc anları sanki təbiət hadisələri vasitəsilə onların fəryadlarına bir cavab idi. Bu yaşananlarla sanki ümid etməkdən imtina etməyin, hər qaranlıq gecənin bir işıqlı sabahı var deyilirdi.

Qurbanlar qədər olmasa da, cəlladların qılıncları barədə yazmadan keçə bilməyəcəm, qanunda törətdikləri bu vəhşiliklərə heç bir şəkildə ixtiyarları olmadığını bildikləri halda hər cür vəhşiliyi törədib bundan zövq alan canilərin timsalında bir daha görürük ki, müharibə bəzi məxluqların daxilindəki azğınlıqları necə oyadır, güc sahibi olduqda bu zalımların ruhundakı əzazil ortaya çıxır. Hətta düşmən tərəfin qadınlarından biri özü etiraf edir ki, bədəni yaşasa da, ruhu öldüyü üçün onlar yalnız heyvani instinktlə hərəkət edirlər. Lakin xatırlatmaq istəyirəm ki, heyvanlar insanlardan fərqli olaraq hər nə qədər instinktləri ilə yaşasalar da, əksəriyyəti vicdan və mərhəmət dolu canlılardır.

"Yaşamaq əzab çəkməkdir, hər şeyə rəğmən həyatda qalmaqsa bu əzabda bir məna tapmaq deməkdir", "Yaşamaq üçün bir səbəbi olan hər kəs, demək olar ki, hər əzaba da qatlanar", - deyir Fridrix Nitsşe. Bu faciəvi taleləri izləyərkən onun nə qədər də haqlı olduğunu gördük. Qayıtdıqda heç nəyin əvvəlki kimi olmayacağını, başda özləri olmaqla hər şeyin çox dəyişdiyini bildikləri halda, nə olursa olsun bir gün öz yurd-yuvasına geri dönməyə ümidi olanlar hər əzaba tab gətirə bildilər. Hər şeyə rəğmən öz iztirabları ilə mübarizə aparıb, hər çətinliyin öhdəsindən gəlib, gələcəyə ümidlə baxıb həyatda qala bilmələri ilə bu mübariz qadınlar bizlərə və düşmənlərə göstərdilər ki, canilər hər şeylərini əllərindən alsalar da, onların dəyanətinə, dözümünə, yəni ruhi azadlıqlarına toxuna bilmədilər. Bu insanlar hər nə qədər fiziki və psixoloji cəhətdən ömürləri boyunca sağalmayacaq yaralar alsalar da, mənəvi kamilliyə çatdılar. Həmişəyaşar şairimiz Nəbi Xəzrinində dediyi kimi:

 

Dərdlilər dünyada yarı peyğəmbər.

Dərdsizlər dünyada yarım insandır!

 

Bu ağrılı yolun nəhayətində onlar mənəvi kamilliyə çatdılar. Sonda isə ananın balasına, qadının vətəninə və doğmalarına qovuşmasıyla da fiziki olaraq da bu tamlığı gördük.

Bizə o qaranlıq dövrü xatırlatdıqları və unudulmaz bir şedevr yaratdıqları üçün bütün yaradıcı heyətə minnətdaram! Sağ olun, var olun.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!