İlqar FƏHMİ
Sürət və dinamika
Bu gün dünya çox fərqli və mürəkkəb bir dövrdə yaşayır. Texniki nailiyyətlərdən tutmuş, ictimai-siyasi prosseslərə qədər, hər şey o qədər sürətlə dəyişir ki, bəzən bu dəyişkənliyi dərk etməyə belə insan şüuru macal tapmır.
Bu xüsusda düşünəndə, belə bir fikir yaranır ki, yeni era, XXI əsr sanki məhz son 7-8 il əvvəl başlanıb, öncəki illər isə hələ də XX əsrin davamı idi.
Elmi-texniki proqress XX əsrdə yüksələn xətt üzrə inkişaf etməyə başlasa da, bu qədər kəskin sıçrayış hiss edilmirdi. İndi isə vəziyyət daha da mürəkkəbdi..
Bu baxımdan, ən çox əziyyəti məhz insanların mənəvi qidasını təşkil edən mədəniyyət və incəsənət sahəsi çəkir. Çünki bir çox texniki sahələrdən fərqli olaraq, bu müstəvidə sürətli dəyişikliklər qeyri ixtiyari sənətin bədii keyfiyyətinin aşağı düşməyinə gətirib çıxardır.. Bu isə ən ağrılı məqamlardan biridir. Lakin probelmlər bununla bitmir.
Üzü teatra
Müasir dövrdə ən böyük problemlərlə üzləşən sahələrdən biri də məhz teatr sahəsidir.
Yenə XX əsrə nəzər salaq. Tutalım, 70-ci illərin tamaşaçısı ilə, 80-ci illərin tamaşaçısının zövqündə o qədər də fərqi yox idi. Zövqlər və tələblər dəyişsə də bu prosses çox asta sürətlə baş verirdi və teatr da bu dəyişiklərə uyğunlaşa bilirdi və hətta deyərdim ki teatr da, başqa sənətlər də özləri bu dəyişikliyin önündə gedərdi.. Təfəkkür dəyişikliyi məhz incəsənətdən başlayardı, sonra başqa sahələrə keçərdi.
Bu gün isə belə deyil. Teatr sənətində yüksək səviyyəli mütəxəssislər yetişdirməkçün onilliklərlə vaxt lazım olur. Lakin dünənin tamaşaçısı bu günün tamaşaçısından həm zövqünə, həm də tələblərinə görə yerlə göy qədər fərqlənir. Və təbii ki, sabahkı da bu günkindən fərqlənəcək. Deməli, mütəxəssislərin hansı profildə yetiqşdirilməyi də suallar doğurur.
Çünki bugünkü dəyişikliklərin önündə ədəbiyyat incəsənət yox, İT sahəsi gedir. Bütün dünyada hər cür inkişafı məhz bu sahə müəyyən edir. Mədəniyyət və incəsənət isə "süni intellekt"in lokotomiv olduğu bir şəraitdə bu qatarın ardıyca qaçmağa məhkumdur.
Bəs bu sürətli dəyişikliklər dövründə incəsənət sahəsi , konkret halda isə bizim teatr neynəməlidi? Gələcək fəaliyyətində hansı yeniliklər yaratmalıdı, hansı strategiya ilə fəaliyyət göstərməlidi, ətrafdakı sürətli texniki dəyişikliklərə necə uyğunlaşmalıdı və ya ümümiyyətlə uyğunlaşmalıdırmı, zövqü sürətlə dəyişən tamaşaçı kütlələrini teatra necə yaxınlaşdırmalıdı? - haqqında danışacağımız Teatr Forumu da məhz bu çətin suallara cavab vermək üçün təşkil olunmuşdu...
Mədəniyyət Nazirliyi tərəfindən Heydər Əliyevin100 illik yübiley tədbirləri çərçivəsində ilk dəfə geniş və əhatəli şəıkildə təşkil olunan "Azərbaycan teatrı -150. İnkişaf perspektivləri"Teatr forumunun keçrilməsində əsas məqsəd teatrın inkişaf proqramının işlənib hazırlanması üçün müzakirələr aparmaq, sənət adamlarının mövcud problemlərə yanaşmalarını dinləmək, həlli yollarını axtarmaq və gələcək strategiyanın konturlarının hazırlanması idi.
İstiqamətlər, yollar...
Forumun proqramına diqqət etmək kifayətdir ki qarşıda həllini gözləyən nə qədər mürəkkəb və çətin məsələlərin olduğunu görək.
- Azərbaycan teatrında ənənə və trendlər...
- Müasir dramaturgiyanın inkişaf tendensiyaları...
- Milli teatrda müasir rejissor və aktyor sənəti - yenilənmə prossesinə sistemli yanaşma...
- Konsepsiya və strateji hədəflər...
- Teatr sahəsində insan kapitalı...
- Reklam mə marketinq strategiyası...
Və sair və ilaxır...
Forumun bütün proqramını yazmaq niyyətim yoxdu, lakin elə burda təqdim olunan mövzulara diqqət etsək görərik ki, hər biri ayrı-ayrılıqda həlli tələb olunan ciddi və ağır problemlərdir...
Zənnimcə, Mədəniyyət Nazirliyi də bu Forumu təşkil edərkən əsas amal bu olub ki, bütün bu ciddi məsələlər bütün teatr cameəsiylə birlikdə müzakirə edilsin, yaşlı nəsil sənətkarlar da, gənclər də dinlənilsin, beləliklə həm hazırlanacaq dövlət proqramı üçün, həm də gələcəkdə həyata keçiriləcək layihələr üçün strategiya və fəaliyyət modeli müəyyən edilsin.
Müzakirələr
Forumun panellərində teatr sahəsində fəaliyyət göstərən müxtəlif sənət sahibləri - dramaturqlar, rejissorlar, aktyorlar, teatr direktorları, teatrşünaslar iştirak etdi. Çox gərgin keçən müzakirələr teatr sahəsinin bu günki durumunu, qarşılaşdığı problem və çətinlikləri üzə çıxartmağa kömək etdi. Çünki əvvəlki bənzər müzakirələrdən fərqli olaraq, bu dəfə açıq müzakirə mühiti vardi, hamıya öz sözünü demək üçün meydan verilmişdi. Həm panel iştirakçıları, həm də sadə iştirakçılar istənilən müzakirəyə qoşula bilirdilər. 500 nəfərə yaxın iştirakçı iki gün ərzində aktiv şəkildə debatlarda oldu.
Teatr forumunun açılışında və ilk panel müzakirələrində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh xanım Əliyevanın iştirakı da, Milli teatrımızın bu günki durumunun və inkişaf perspektivlərinin ölkə rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanıldığının göstəricisi idi.
Foruma dəvət olunan xarici qonaqların çıxışları və təcrübə mübadiləsiylə bağlı fikir-düşüncələri də maraqla dinləndi. Milli teatrımızın bir çox problemlərinin tək bizdə yox, digər ölkələrdə də mövcud olduğu üzə çıxdı. Deməli, hər şeyi tək bizim teatrın problemi kimi qəbul etmək düzgün deyil... Ümumilikdə, incəsənətin bir çox qlobal problemləri var ki, hər yerdə olduğu kimi bizdə də yaşanır. Məsəlçün sırf öz sahəmlə bağlı Türkiyəli həmkarımızdan eşitdiyim fikir məni çox düşündürdü. O da qeyd etdi ki, istedadlı yazarların bir çoxu teatra yox, kinoya və dizi sahəsinə üz tutur, çünki maddi təminat orda daha stabil və yüksəkdir. Məhz bu baxımdan onlar da, bizdə olduğu kimi, müasir dramaturq qıtlığından əziyyət çəkirlər. Deməli, problemin həlli yollarında hansısa təcrübə mübadiləsi həyata keçirtmək olar.
Bir məsələni də xüsusi qeyd etmək istərdim. Əgər əvvəllər bu tip tədbirlərdə nazirliyin rəhbərliyi yalnız açılışda iştirak edib gedirdisə, bu dəfə belə olmadı. Nazirliyinin rəhbər heyəti, başda Mədəniyyət naziri Adil Kərimli olmaqla, forumun hər iki günü müzakirələrdə iştirak etdilər, problemləri bir-başa özləri dinlədilər... Təbii ki, bu situasiya sənət adamlarının da inamını artırmışdı, çünki öz problemlərini sadəcə özləri danışıb özləri dinləmirdilər. Onları diqqətlə dinləyən vardı.
Təbii ki, müzakirələr zamanı müəyyən ziddiyyətli fikirlər, mübahisələr, qarşıdurmalar da müşahidə olundu ki, bunu da təbii hal kimi qəbul edirəm.
Müxtəlif yollar
Hər bir sənət adamı öz düşündüyü inkişaf modelini daha düzgün hesab edir, hər kəs öz baxış bucağını müdafiə edir. Əsl həqiqət, düzgün inkişaf strategiyası isə məhz belə mübahisələrdən doğur.
Şəxsən mən, özümü narahat edən bir çox suallar forumda səsləndirildi, özüm də bəzi təkliflər irəli sürdüm. Onu da xüsusi qeyd edim ki, burda deyilən təklif və layihələr Mədəniyyət Nazirliyinə təqdim ediləcək və qısa zamanda bu layihələr üzərində iş başlayacaq.
Forumda ən çox bir neçə istiqamətdə problemlər ortaya qoyuldu ki, bunların arasında ən çox müzakirə və mübahisə doğuranlar - yeni nəsil dramaturqların azlığı, teatr təhsili ilə bağlı problemlər, teatrların maliyyə durumu, sənətçilərin məvacib azlığı, tamaşaların reklam və marketinq perspektivləri, yeni yaradıcı nəslin yetişidirlməsi və teatrlarda işlə təmin olunması, əyalət teatrlarının bu günki ağır vəziyyəti oldu. Bu mövzuların hər birini tam şəkildə açıb oxucularımıza təqdim eləməkçün onlarla məqalə, hətta bəlkə monoqrafiya yazmaq lazımdı, çünki açıq etiraf edək ki, qeyd edilən problemlərin əksəriyyəti uzun illərlə yığılıb qalan və öz həllini gözləyən problemlərdir.
Bu baxımdan Mədəniyyət nazirliyinin indiki rəhbərliyi, əslində, bütün bu çatışmazlıqları üzə çıxartmaqla, ağır bir yükün altına girmiş oldu. Ancaq düşünürəm ki, elə bu forumun özünün belə yüksək səviyyədə təşkil olunmağı və çatışmazlıqların açıq şəkildə müzakirəsi teatrımız üçün yeni bir inkişaf mərhələsinin ilk addımıdır. Çünki xəstəliyin müalicəsi ilk olaraq düzgün diaqnozun qoyulmasıyla başlayır. Zənnimcə, bu teatr forumunda məhz düzgün diaqnoz qoyulması istiqamətində əhəmiyyətli addımlar atıldı. Təbii ki, boş boş danışanlar, özünü göstərmək istəyənlər, qışqır-bağır salıb özünü reklam eləyənlər də oldu, ancaq belə açıq tədbirlərdə belə şeylər normaldı, zənnimcə rahat qarşılanmalıdı.
Müşahidə
Forumda səslənən müzakirələrlə bağlı bir məqamı da qeyd etmək istərdim. Hərçənd, ola bilər ki, bu fikirlərimə görə sənət dostlarım məni qınasınlar.
Müşahidə etdiyim əsas irad və şikayətlər əsasən bir istiqamətdə idi - bizimçün eləsinlər. Teatrların maliyyə durumu yaxşılaşdırılsın, maaşlar artsın, təqaüdlər çoxalsın, fəxri adlar verilsin, evlər paylansın və s...
Bəs bütün bunları tələb edərkən, biz özümüzdən nə tələb edirik? Bütün bunların müqabilində biz dövlətə və xalqa nə vəd edirik? Sıravi tamaşaçının mənəvi tələbatını ödəməkçün, teatr sənətimizin tarixini daha da zənginləşdirməkçün neyləyəcəyik?
Əfsuslar olsun ki, bu xüsusda çox az danışıldı. Düşünürəm ki, bu istiqamətdə də qarşıda müəyyən polemikalar, dəyirmi masalar, konfranslar təşkil olunmalı və teatrın sırf yaradıcılıq məsələləri müzakirə olunmalıdır.
Axı yazımın əvvəlində qeyd etdiyim kimi, həqiqətən də çox sürətli və dinamik bir dövrdə yaşayırıq. Hər şeyin sürətlə dəyişdiyi, qloballaşdığı və insanların daha çox virtual reallığa yönəldiyi bir dövrdə teatr hansı istiqamətdə getməlidi? Bu ağır rəqabət durumunda, əlindən smartfon düşməyən sadə tamaşaçını Tik-tokdan, İnstaqramdan, Feysbukdan ayırıb səhnəyə zillənməyə necə nail olmaq lazımdı?
Əlbətə ki, bu mübarizədə köhnə bədii vasitələr bizə yardımçı ola bilməz.. Əgər kimlərsə düşünürsə ki, biz elə onilliklər əvvəllər olduğu formada tamaşalar qoyacağıq, illərlə öyrəşdiyimiz üslubda oynayacağıq, dövrlə ayaqlaşmaq üçün heç bir əziyyət çəkməyəcəyik, özümüzü çətinliyə salmayacağıq və əvəzində dövlət bizim bütün problemlərimizi həll edəcək - onda heç bir inkişafa nail ola bilməyəcəyik...
P.S. Əlbəttə ki, qarşıda görüləsi işlər çoxdu. Bütün sənət adamları qolunu çırmalayıb Milli teatrımızı müasir dövrlə ayaqlaşan dinamik inkişaf yoluna çıxartmaqçün çalışmalıdı. Yorulmadan, ruhdan düşmədən, heç bir çətinliyə baxmadan...
Ümumilikdə isə forumun fəaliyyətini uğurlu hesab edirəm. Yüksək səviyyəli təşkilatçılıq diqqəti çəkməyə biməzdi. Forumda ilk dəfə təqdim olunan Mədəniyyət könüllülərinin aktiv fəakiyyəti də çox xoş təsir bağışlayırdı.
Əminəm ki, qarşıda gələn Kino forumu da eyni dərəcədə uğurla keçiriləcək, milli kinomuzun da problemləri açıq şəkildə müzakirə edilib, həlli yolları axtarılacaq...
Sonda Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi başda olmaqla, Forumun bütün təşkilatçı qurumlarına əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!