Bu dəfə Cavidlər səhnədə idi - Azər Turanın “Atam, anam, qardaşım, mən və Stalin” dramı haqqında - Kənan HACI

Kənan HACI

 

Bir zamanlar onun pyesləri səhnələri lərzəyə gətirərdi... Sonra qara yellər əsdi, nəinki pyeslərinin səhnələşdirilməsi, adının çəkilməsi belə qadağan olundu... Sonra dövranın gərdişi dəyişdi, bütün repressiya olunanlar, güllələnənlər kimi o da bəraət aldı. Günahı nəymiş? Vətən aşiqliyi, Turan eşqi...

Sonra yenidən Azərbaycan səhnəsi onun zəkasından süzülüb gələn "İblis", "Şeyx Sənan", "Xəyyam", "Topal Teymur" kimi nəhəng tamaşalarla müzəyyən oldu. Hüseyn Cavid dühası yenidən Azərbaycan teatrına yeni bir intibah yaşatdı. Onun dramaturgiyası, bənzərsiz üslubu, yazı manerası Azərbaycan teatrının yeni mərhələsi idi. Cavidin əsərləri sanki Tanrıdan yerə, insana, insandan göyə, Tanrıya bir baxışdır. Bu baxış Azərbaycan teatrına yeni paradiqma gətirdi. Bu haqda çox yazılıb, çox deyilib. Hüseyn Cavid sənətkarlığının fərqli yönləri haqda görkəmli tədqiqatçılarımız, ədəbiyyatşünas alimlərimiz saysız-hesabsız əsərlər, monoqrafiyalar yazıblar. Onun ədəbiyyatımızdakı müəzzəm yeri bütün zamanlardan görünməkdədir. Məqsədimiz Cavid dramaturgiyasını təhlilə cəlb etmək deyil.

Ömrünün, yaradıcılığının böyük bir hissəsini Hüseyn Cavidə həsr etmiş, onun haqqında ensiklopedik səciyyə daşıyan "Cavidnamə" kimi samballı bir kitab yazmış tədqiqatçı alim Azər Turan mənəvi övladlıq borcunu bu dəfə başqa bir əsəriylə ortaya qoydu. "Atam, anam, qardaşım, mən və Stalin" dramını yazdı.

Bu sətirləri yazarkən mərhum Xalq şairimiz Zəlimxan Yaqubun vaxtilə Azər Turan haqqında dediyi fikirləri xatırladım: "Uzun illərin müşahidəsi kimi məndə belə bir fikir formalaşıb ki, Azər Turan Cavid Əfəndinin ömür-gün yoluna ayna tutmaq, böyük şairin faciəli taleyini, çoxşaxəli və uzunömürlü yaradıcılığını, fikir və məfkurə dünyasını bütün çalarları və rəngləri, bütün istiqamətləri və yönləri ilə açmaq, təhlil və vəsf etmək, sevmək və yenidən sevdirmək üçün bu dünyaya gəlib".

Bu yaxınlarda "Atam, anam, qardaşım, mən və Stalin" dramı əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanovun quruluşunda səhnə həllini tapdı. Tamaşa Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında hazırlanıb. Əsər Cavidlərin - Hüseyn Cavidin, Mişkinaz Cavidin, Ərtoğrol Cavidin və Turan Cavidin - Stalin repressiyası səbəbindən məruz qaldıqları məşəqqətli ömür yollarından bəhs edir.

Aktyor Evində keçirilən premyera böyük maraqla qarşılandı və anşlaqla keçdi. Hüseyn Cavidin nakam taleyi, bütünlükdə Cavidlər aləsinin iztirablarla keçən həyatı tamaşada şairin qızı Turan Cavid obrazının nümunəsində əyaniləşdi. Xatirələr, məktublar, gerçəkdə baş verən hadisələr, bütünlükdə Cavid faciəsi, ötüb keçən əzabla dolu ömür övladlarının, ailəsinin yaşantılarında uğurlu aktyor oyunu nümunəsində əksini tapdı.

Tamaşa zamanı zala nəzər yetirdim, hamı nəfəsini içinə çəkib səhnədə gördükləri tarixin bir parçasını həyəcanla izləyirdi. Zaman metomorfozu obrazların taleyinə proyeksiya olunur, biz səhnədə Cavidlərin o keşməkeşli zaman burulğanında hansı əzabları yaşadığını əyani şəkildə görürük. Müəllif Cavidin ədəbi taleyinə, ömür süjetinə əsaslanıb, eyni zamanda onun özünün yaratdığı obrazlardan parçalar da əlavə etməklə dramaturji xətti inkişaf etdirir.

Bu tamaşanın özəl qavrama prinsipləri var. Səhnədə sanki obrazlardan daha çox Tarix və Zaman danışır. Hadisələri onlar yönləndirir. Bu prizmadan yanaşanda tamaşada üst-üstə qalaqlanmış, hələ qatı açılmayan düşüncə layları ilə rastlaşırsan. Psixoloji ovqatın doğurduğu təəssürat nəticəsində tamaşaçını dürlü-dürlü mətləblər çulğayır. Məkan-zaman-insan üçbucağında bütöv bir nəslin taleyi tamaşaçıya təqdim olunur. Bu psixoloji-dramatik və fəlsəfi-emosional məhvərdə Cavidin personası bütün əzəməti ilə görünür. Dialoqlar Cavid faciəsinin mahiyyətini açmağa xidmət edir.

Obrazlar səhnədə sənədlərin dili ilə danışır. Uydurma heç nə yoxdur. Bu, bir həyat dramıdır. Bu dramın içində XX əsrin bütöv bir ədəbi mərhələsi və bu mərhələni yaradan şəxsiyyətlərin taleyi öz əksini tapır. Bu ağır və qaranlıq, Şər qüvvənin hakim olduğu dövrü bir saatın içində əhatə etmək, onu tamaşaçıya təqdim etmək o qədər də asan deyil. Səhnə həlli üçün ilk növbədə konstruktiv ideya, teatr poetikasının səciyyəvi xüsusiyyətləri və formanın bəlli prinsipləri müəyyənləşməlidir ki, rejissor bütün bunların öhdəsindən uğurla gəlir. Zaman içində əbədiyyət qazanan şair sonda Şərə qalib gəlir. Cavidin əsl, doğru-dürüst, dolğun və etibarlı, dərin məzmunlu, eyni zamanda əzablı, keşməkeşli yaşam tarixçəsi onun yaradıcılığı ilə iç-içədir. Müəllif və rejissor tamaşanın ana xəttini məhz bu prinsiplə müəyylənləşdirir.

Zaman obrazı olduqca uğurlu tapıntıdır. O sanki müəllifin də, rejissorun da iradəsindən kənara çıxır, onun səhnədə obrazlarla toqquşma məqamları diealektik qanunauyğunluqla ustalıqla tənzimlənir. Bu, çox mükəmməl və uğurlu bir tapıntıdır. Mizanlar, monoloqlar ideya dərinliyinə və kompozisiya bütövlüyünə xidmət funksiyasını doğruldur. Psixoloji qatın açılmasında katalizator rolunu oynayır. Eyni zamanda tamaşaçının sənətdən aldığı təəssüratı gücləndirir.

Bəhram Osmanov modern teatr poetikasının və dünya teatrında çoxdan gerçəkləşmiş sənədli tamaşa formalarını sintez halına gətirib. Beləliklə, tamaşaçıya həm ənənəvi, həm də novator üslubda tamaşa təqdim olunur. Biz səhnədə Ərtoğrolun nakam ömür yolunu izləyirik, Turanın həyəcanlarını, çırpıntılarını, Mişkinaz xanımın dəyanətli duruşunu, mərdanə xarakterini görürük, Cavidin əbədi nisgili, nakam arzuları, yarımçıq qalmış yaradıcılıq yolu içimizi sızladır. Bu tamaşa həm də yaddaşımızı təzələyir, bizi keçmişə yenidən nəzər salmağa, keçmişin dərslərindən nəticə çıxarmağa sövq edir.

İrəvan Dövlət Azərbaycan Dram Teatrınının aktyorları əməkdar artist Esmiralda Şahbazova, aktyorlar Samir Əliyev, Pərvin Dadaşova, Niyaməddin Səfərəliyev öz rollarının öhdəsindən uğurla gəldilər.

Premyera bitər-bitməz tənqidçi Əsəd Cahangirlə foyedə fikirlərimizi isti-isti bölüşdük. Əsəd tamaşanı "sənətin qələbəsi" adlandırdı. Və əlavə etdi ki, Cavidin ruhu da zalda dolaşırdı, mən bunu hiss etdim. Biz adətən, səhnədə Cavidin obrazlarını görmüşdük. Bu dəfə Cavid özü və Cavidlər səhnədə idi. Azərbaycan teatrında ilk dəfə idi ki, onları səhnədə görürdük.

Hüseyn Cavid həmişə bizimlədir - həyatda da, səhnədə də.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!