Sənətsevərlər üçün mart ayının ən əhəmiyyətli günlərindən biri 27 mart Ümumdünya Teatr Günüdür. 1961-ci ildə YUNESKO-nun təsis etdiyi Beynəlxalq Teatr İnstitutu (ITI) bu günü Ümumdünya Teatr Günü elan edib. İlk olaraq Helsinkidə, daha sonra Vyanada keçirilən konfransda dövrün Beynəlxalq Teatrlar Assosiasiyasının prezidenti Arvi Kivimaa tərəfindən irəli sürülən bu ideya Skandinaviya ölkələrindən gələn dəstəkdən də güc alaraq həyata keçirilib.
Parisdə Millətlər Teatrının açılış günü olan 27 mart, qəbulundan sonra hər il Beynəlxalq Teatr İnstitutunun hazırda dünyada sayı 100-ə çatan mərkəzlərində müxtəlif tədbirlərlə qeyd olunmağa davam edir.
Ümumdünya Teatr Günündə ənənəvi hala gələn digər təcrübə dünya miqyasında uğur qazanmış teatr aktyoru, rejissoru və ya yazarı tərəfindən yazılmış ümumbəşəri bəyannamədir. İlk belə bəyannamə 1962-ci ildə fransız Jan Kokto tərəfindən yazılıb. 1993-cü ildə Venesuela Beynəlxalq Teatr İnstitutu (ITI) mərkəzi 1962-ci ildən 1993-cü ilə qədər nəşr olunan bütün məqalələri biri öz dillərində, digəri ispan dilində olmaqla iki antologiyada nəşr edib.
Teatr sənətin ayrıca və çox vacib sahəsi olsa da, səhnəyə qoyulmazdan əvvəl mövcud olan yeganə şey “mətn”dir və bu konteksdə teatr da bir ədəbiyyat növüdür. Romanlar, hekayələr, şeirlər kimi pyeslər də diqqət çəkən mövzuları ilə araşdırılmağa dəyər janrlardan biridir.
Təxminən 2500 illik tarixi ilə teatr, insanın özünüifadə ehtiyacını ən yaxşı şəkildə ödəyən sənət qollarından biridir. Dövrümüzə qədər minlərlə əsər yazılıb və səhnələşdirilib. Başda Vilyam Şekspir olmaqla dünyanın ən mühüm yazarlarından bəziləri öz uğurlarına və şöhrətlərinə “dramaturq” kimi nail olublar. Roman yazarı və şair kimi məşhurlaşan bəzi ədəbiyyat adamları da pyeslər yazaraq özlərini dramaturq kimi də sınayıblar.
Realizmi ilə bəzən insanı ürpədən, bəzən də nağıl dünyasına sürükləyən qiymətli tamaşaları izləməklə kifayətlənməyib oxumaq da istəyənlər üçün səhnəyə uyğunlaşdırılan dünya ədəbiyyatının ən məhşur əsərlərini “Ədəbiyyat qəzeti” oxucularına təqdim edirik. Kitabınız, oxumaq üçün vaxtınız bol, Dünya Teatr Gününüz mübarək olsun!
- “HAMLET” – Vilyam Şekspir
“Olmaq ya da olmamaq, budur bütün məsələ”!
Bütün dünya üzrə teatr ədəbiyyatının, demək olar ki, ən məşhur monoloqunun bu, ilk cümləsi, Hamleti təkcə teatr ədəbiyyatının deyil, ümumən dünya ədəbiyyatının ən böyük əsərlərindən biri kimi əbədiləşdirməyə kifayət edir. Ədəbiyyatdan səhnəyə uyğunlaşdırılan əsərlərdən bəhs edəndə hər kəsin ağlına gələcək ilk dramaturq Vilyam Şekspir olar. Yazarın dünyanın bir çox ölkələrində tamaşaya qoyulan əsas pyeslərindən biri olan “Hamlet” bizim də siyahımızın başındadır. Əsrlərdir müzakirə olunan ziddiyyətli şəxsiyyətinin əksinə, əsərləri sorğusuz-sualsız dünya teatr səhnəsinin əvəzedilməzidir. Pyesləri və şeirləri ilə əsrlərdir bütün dünyaya təsir edən ingilis yazar təkcə dövrünün deyil, əsərləri səhnəyə qoyulan ilk gündən bu günə qədər dünyanın ən böyük dramaturqu hesab edilir. “Hamlet” əsəri Danimarkada cərəyan edən hekayədə Şahzadə Hamletin atası öldükdən sonra taxta çıxan və anası ilə evlənən əmisi Klaudiusdan intiqam almasından bəhs edilir. Bəzən soyuqqanlı, bəzən də əsəb böhranları keçirəcək qədər özünü itirən Hamlet teatr tarixinin ustalıqla işlənmiş personajlarından biridir. Əsər boyu hədəfinə gedən yolda heç kimi tanımayacaq, həm özünü, həm də ətrafındakıları məhvə sürükləyəcək.
- “QODONU GÖZLƏRKƏN” – Samuel Bekket
“Absurd teatr” adlı teatr hərəkatının önəmli nümayəndələrindən biri, Nobel mükafatlı yazar Samuel Bekketin “Qodonu gözlərkən” əsəri hətta teatr tamaşalarına həvəsi olmayanlara belə tanış əsərdir. Əsərin adı belə illərdir ki, fraza olaraq dillər əzbəridir. 1948-ci ildə fransız dilində yazılan əsər əvvəlcə Parisdə səhnəyə qoyulub. Daha sonra bütün dünyada məşhurlaşaraq klassik əsərə çevrilib. Varlıq ağrıları çəkən iki qəhrəmanın ünsiyyət səylərindən, çarəsizliyindən bəhs edən əsər mütləq oxumalı olduğunuz əsərlər arasında olmalıdır.
- “ALBALI BAĞI” – Anton Çexov
Ölkəmizdə də çox sevilən dünya şöhrətli müəllif Anton Çexovun “Albalı bağı” əsəri 19-cu əsrdə Rusiyada baş verən ictimai dəyişikliklərin insanlara təsirindən bəhs edir. Madam Ranevskaya vətənindən ayrı keçirdiyi 5 ildən sonra qızı ilə birlikdə ölkəsinə qayıdır. Amma bu qayıdış israfçılıği ilə var-dövlətini son qəpiyinə kimi yeyən, borca düşdükcə daha da borclanan ailənin sonunun başlanğıcıdır. İşçilərinin pulunu belə ödəyə bilməsələr də əyləncələrindən geri qalmırlar; davamlı borc alıb xərcləyir, xərclədikcə yenidən borc alırlar. Onların bircə albalı bağı var, amma onu belə qoruya bilmirlər... “Albalı bağı” Çexovun ən məşhur əsərlərindən biridir, yazarın “Vanya dayı”, “6 N°-li palata”, “Qağayı”, “Mujiklər”, “Məmurun ölümü”, “İt gəzdirən xanım” əsərləri də dünyada ən çox səhnələşdirilən əsərlərdəndir.
- “FAUST” – İohan Volfqanq von Göte
Alman ədəbiyyatının klassiki hesab edilən Götenin ölməz əsəri olan “Faust” qaynağını Götedən əvvəl müxtəlif mənalarla şərh edilən xalq nağıllarından və əfsanələrdən alır. “Faust” ədəbiyyatla yanaşı fəlsəfə və təbiət elmləri sahəsində də əsərlər yazan alman müəllifin şah əsəri hesab edilir. Faust tanrını sorğu-suala tutub mühakimə etdiyi bir vaxtda o, Mefisto, yəni şeytan və tanrının iddiasının hədəfinə çevrilir. Əsər, Faustu müxtəlif yollarla aldatmağa çalışan Mefisto ilə həqiqəti daxilində tapmağa çalışan Faustun heyrətamiz hekayəsindən bəhs edir. Müəllifin demək olar ki, bütün həyatı boyu yazmağa davam edib tamamladığı və əsərlərinin kompozisiyası hesab edilən bu əsər də mütləq oxunmalı kitablarınız arasında olmalıdır. Yazar əsəri 18 yaşında “Urfaust” adıyla yazmağa başlayıb, 1806-cı ildə “Faust I” və 1832-ci ildə “Faust II” adıyla iki böyük hissədə yazaraq, 83 yaşında ölümündən qısa müddət əvvəl bitirib.
“Faust” müasirliyin faciəsini müjdələyən ilk böyük əsər hesab olunur.
- “DƏLİNİN GÜNDƏLİYİ” – Nikolay Qoqol
Rus ədəbiyyatının bir çox nümayəndələri kimi N.Qoqolun da bir neçə əsəri illərdir ki, teatr səhnələrini bəzəyir. “Müfəttiş” pyesi ilə rus bürokratiyasını tənqid edən, “Ölü canlar”la Rusiyanın dağılmasından bəhs edən Qoqol ədəbiyyat dünyasının ziddiyyətli yazarlarından biri kimi tanınır. Müəllifin, həyatdan möhkəm yapışmağa çalışan şizofreniya xəstəsinin daxili dünyasını açmağa çalışdığı “Dəlinin gündəliyi” əsəri dünya miqyasında əks-səda doğuran, oxucuya tamam başqa hisslər yaşadan şah əsərlərdən biridir.
- “BURJUA ZADƏGANLIQDA” – Molyer
Komediya janrının klassik ustası Molyer “Burjua zadəganlıqda” əsərində təkəbbür, pis rəftar, siniflərarası münaqişələr və s. bu kimi duyğulardan bəhs edir. Əsərlərində insanların zəif cəhətləri haqqında inanılmaz şərhlər verən Molyerin digər əsəri, dünya teatr səhnəsində günümüzdə də həddindən çox oynanılan “Xəsis” əsəri qədər məşhurdur. 17-ci əsrdə baş verən hadisələrdə həm yüksələn burjuaziya, həm də aristokratiya satirik dillə göstərilib. Bu əsər klassikə çevrilmiş ümumbəşəri komediyadır.
- “KUKLA EVİ” – Henrik İbsen
Norveç dramaturqu Henrik İbsen bu pyesi 1879-cu ildə yazıb. Qadın hüquqları və feminizmin müzakirə olunmadığı o dövrdə İbsen qadının ailə və cəmiyyət həyatında yerini müzakirəyə çıxarıb. Nora uşaqlıq və gənclik illərində atasının dediklərinə boyun əymək məcburiyyətində qalıb, öz fikirlərini sərbəst ifadə edə bilməyib. Eyni tale evləndikdən sonra da onu izləyir. Həyat yoldaşı və atası tərəfindən kukla kimi idarə edilərək qorunan Nora onun üçün çəkilmiş təhlükəsiz sərhədlərini heç vaxt tərk etməyib. Nora fərd olmamışdan əvvəl ana, həyat yoldaşı olmaq məcburiyyətindədir. Bəs, Nora bu “ideal qadın” anlayışının səhv olduğunu dərk etməyə başlasa nələr olar?
- “ÜÇ QƏPİKLİK OPERA” – Bertolt Brext
20-ci əsrin ən mühüm şair və dramaturqlarından sayılan Brext “Dialektik teatr”ın yaradıcılarından biridir. Müəllifin bir çox pyesi bu siyahıda yer almağa layiq olsa da, şübhəsiz ki, “Üç qəpiklik opera”nın teatr tarixində xüsusi yeri var. Yazarın dilənçilər vasitəsilə burjua quruluşunu tənqid etdiyi əsəri ədəbiyyatla maraqlanan hər kəsin oxumalı olduğu kitablardandır.
- “SATICININ ÖLÜMÜ” – Artur Miller
Amerikalı yazar Artur Millerə Pulitzer mükafatı qazandıran “Satıcının ölümü” təkcə müəllifin deyil, həm də ədəbi aləminin önəmli əsərlərdən biridir. Yaşlı satıcının kapitalist nizamında sağ qalmaq və ailəsini qorumaq üçün özünü qurban verməsindən bəhs edən əsər Amerika arzusuna realist və qəddar tənqidlə yanaşır. Tamaşa ABŞ-ın rəqabət sistemində rəqabətə tab gətirə bilməyən, illuziyalarla özünü aldadan, qeyri-insani, sərt nizam-intizam şərtləri qarşısında özünü ailəsi üçün fəda edən qoca satıcının həyatı fonunda cəmiyyətin saxta dəyərlərindən, tragik vəziyyətindən bəhs edir.
- “KALİQULA” – Alber Kamü
Nobel mükafatlı filosof və yazar Alber Kamü tərəfindən 1944-cü ildə tamamlanan “Kaliqula” əsərində sevdiyi qadının ölümündən sonra xoşbəxtliyi, azadlığı, gücü və əxlaqi dəyərləri sorğulamağa başlayan gənc Roma imperatoru Kaliqulanın sərhədsiz güc uğrunda heç bir qanunu və əxlaqi dəyəri tanımayaraq həm Roma xalqını, həm də özünü məhvə aparmağından bəhs edilir.
P.S. Fikrimcə, bütün bu cür siyahılar kimi bizim hazırladığımız bu siyahı da tam əhatələnmiş deyil. Ədəbiyyat tarixinin önəmli tamaşalarını 10 əsərlik siyahıyla məhdudlaşdırmaq mümkün deyil. Sadəcə ən önəmli hesab edilənləri qeyd etməyə çalışmışıq.
Hazırladı: Nilufər Hacılı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!