Əli Nurzadə
Xalq artisti, Akademik Milli Dram Teatrının
aktyoru, Azərbaycan Mədəniyyət və İncəsənət Universitenin professoru
1844-cü ildə Rusiya dövlət və hərbi xadimi general Feldmarşal Qraf Vorontsov Mixail Semyonoviç (1782-1856) Qafqazın inzibati mədəni mərkəzi şəhəri olan Tiflisə Qafqaz ordusunun baş komandanı və Qafqazın baş hakimi - canişini təyin olundu (1825-1855). O, xanımı tərəfindən I Nikolayın qohumu idi. M.Vorontsov öz ağlı, biliyi ilə başqa çar inzibatçılarından elmə, ədəbiyyata, mədəniyyətə hamilik etməyi ilə fərqlənirdi.
Vorontsov imperator I Nikolaya və hərbi nazir Knyaz Aleksandr Çernişevə məktubla müraciət edərək 1845-ci ildə Tiflisdə rus teatrının açılışını xahiş etdi. Məktubda belə bir qeyd var: "Zaqafqaziyaya gəlişimin birinci ilində Tiflisdə ictimai rus teatrı açmağın həm hərbi və mülki məmurlarımızı əyləndirmək, həm də xüsusilə yerli əhalini rus dili, rus əxlaqı ilə tanış etmək və onları Rusiya ilə daha da yaxınlaşdırmaq üçün əhəmiyyətli bir iş olacağını anladım"... Vorontsov İtaliya Opera Teatrı artistlərini də Tiflisə dəvət edirdi. Hətta tədbirlərində və şəhər meydanlarında konsert verdirmək üçün Naxçıvandan ərdəbilli müğənni Səttarı da öz ansamblı ilə Tiflisdə saxlayırdı.
Canişin Zaqafqaziyada yaşayan millətləri də yaddan çıxarmadı. O, imperatordan gürcü, erməni və Azərbaycan dilində fəaliyyət göstərən teatrların açılmasına da nail oldu (1849-cu ildə). 1848-ci ildə isə rusdilli qız məktəbinin - "Svyataya Nina"nın açılmasına icazə aldı.
Gürcülər öz milli teatrının yaranışını 1850-ci ildən götürür. Gürcü teatrının yaranışı ilə bağlı olan bir tarixi hadisəni aydınlaşdırmağı lazım bildik.
1850-ci il yanvarın 11-də Tiflisdə ilk dəfə olaraq gürcü dilində Georgi Eristavinin "Bölgü" adlı əsərinin tamaşası göstərildi və bu tarix gürcü teatrının yaranma tarixi oldu. Bir az əvvəl isə 1832-ci ildə bir qrup gürcü zadəgan Rusiya imperiyasının əsarətindən qurtarmaq üçün Knyaz Orbelianinin evində verilən ziyafət zamanı Qafqaz canişini baron Rozeni və onun ətrafını həbs etmək, bununla da rus ordusunu başsız qoymaq planını hazırlamışdı. Lakin plan baş tutmadı. Məhkəmə sui-qəsd iştirakçılarına ölüm hökmü kəsdi. Onların arasında Knyaz Georgi Eristavi də vardı. Son anda ölüm hökmü Rusiya imperatorunun qərarına əsasən, sürgünlə əvəz olundu. 1850-ci ildə artıq G.Eristavi sürgündən qayıdıb Tiflisdə yaşayırdı. Onun əsəri 1845-ci ildə açılan rus teatrının binasında yox, Tiflis gimnaziyasında oynanıldı. 1850-ci il 11 yanvarda o dövr üçün dövlət əhəmiyyətli sayılacaq belə bir tədbirin həyata keçirilməsi şübhəli və ləkəli bioqrafiyası olan Georgi Eristaviyə öz dilində teatr açmağa imkan verirdi.
Ermənilərdən danışmaq mümkün deyil. Ermənilər öz teatr tarixini bütün dünyaya guya eradan əvvəl 53-cü ildə Yunan dramaturqu Evripidin "Vakxpərəst qadınlar" əsərinin oynanılması ilə bəyan edirlər, müəllif yunan, əsər yunan dilində, yunan şəhərində oynanılıb, bunun erməniyə nə dəxli var? Belə çıxır ki, erməni teatrı Yunan, Hind, Çin teatr tarixindən də qədimdir. Bu isə teatr tarixinə qəti uyğun gəlmir, cəfəngiyatdır. Əslində, erməni teatrının tarixi 1863-cü ildə Sundukyanın dramaturgiyası əsasında G.Çmişkyanın başçılığı altında Tiflisdə yaranıb.
Mirzə Fətəli Axundov (1812-1878) "Təmsilat"ına ön söz kimi yazdığı "Fehristi-Kitab" məqaləsində hicrinin 1266-cı ilində Knyaz Vorontsovun fərmanı ilə Tiflisdə teatr binası inşa edildiyini və bu teatrda "Hər bir əhli-elm"in bu imkandan istifadə etmək üçün himayə və qayğı göstərdiyini söyləyir. Ayrıca teatr binası 1845-ci ildə inşa edilib və rus dilində tamaşalar üçün nəzərdə tutulub. Canişin tərəfindən həyata keçirilən belə bir tədbir ruslaşma siyasətinə xidmət etməliydi. Üç dildə - gürcü, erməni və Azərbaycan dilində yazmaq üçün canişin üç dildə komisyon təşkilinə əmr verdi. Azərbaycan komisyosunda işləmək üçün Mirzə Fətəlidən başqa adam tapılmadı və axırda pyes yazmaq Mirzə Fətəliyə tapşırıldı. Bu, Vorontsovun Qafqazda apardığı mədəni islahatlarla bağlı idi. M.F.Axundov 1850-ci ildə "Hekayəti-Molla İbrahim Xəlil Kimyagər", "Hekayəti-Müsyo Jordan həkimi-nəbatət və dərviş Məstəli şah Caduguni-məşhur", "Sərgüzəşti-Vəziri Xani-Lənkəran" komediyalarını yazmışdı. Hər üç komediyanın əlyazması üzərində müəllifin xəttilə "Təsnifi-kapitan" Mirzə Fətəli Axundzadə, Tiflis, fi sənaye 1267 (1850)" yazılmışdı.
1851-ci ildə "Müsyo Jordan həkimi-nəbatət və dərviş Məstəli şah Caduguni-məşhur" və "Xırs Quldurbasan" komediyası çap edildi. "Kavkaz" 30 oktyabr 1851. Bu gün orijinal "Xırs Quldurbasan" komediyası oynanacaq. Tiflis "Kavkaz" 2 fevral 1852-ci il. M.F.Axundov "Sərgüzəşti mərdi xəsis" komediyasını və "Mürafiə Vəkilləri" tamamlanıb. Tiflis teatrı Petrovskinin benefisi M.F.Axundov "Vəziri Xani-sərab" 14 may 1853. Azərbaycanda teatra doğru bir addım atan M.F.Axundzadə hansı mövzudan bəhs olunmasına baxmayaraq, əlvanlığı ilə göz qamaşdıran, min cür yozuma şərait yaradan altı əsər meydana gətirdi. Bu əsərlərin yazıldığı dilin kökündə böyük Şərq mədəniyyəti dayanırdı.
Sual oluna bilər ki, niyə M.F.Axundzadə faciə janrına müraciət etmədi? Axundzadə ehtiyat edirdi ki, faciə əsəri yazarsa, bu, istər-istəməz Şəbeh teatrı ilə uyğunlaşacaq, onsuz da xalqımız Şəbeh tamaşasında sinə-baş vura-vura ağlayır, necə ki, Mirzə Ələkbər Sabir deyirdi: "Ağladıqca kişi qeyrətsiz olar, necə ki ağladı İran oldu". Nəcəf bəy Vəzirov "Müsibəti-Fəxrəddin" əsərində sübut etdi ki, M.F.Axundzadə yanılmayıb. Bu əsəri tam mənada Şərq ədəbiyyatına söykənən əsər adlandırmaq olar. Bu müsibətnaməni həm klassik faciə ilə, həm də Şəbeh tamaşalarının mətni ilə müqayisə edə bilərik. Ağlamaq - böyük sarsıdıcı hadisəyə hissi münasibətdir. Gülmək - bu hadisənin baş verməməsinə münasibətdir. Biz Axundzadənin yazdığı komediyada Parisdə hakimiyyətin dəyişməsinə gülmürük. Biz Parisdə baş verən hadisənin cadugər tərəfindən törədilməsinə inananlara gülürük. Biz Şeyx Nəsrullahın ölü diriltməsinə yox, İsfahan lotusu olmasına yox, onun ölü diriltməsinə inananlara gülürük. Yəni aldanan adamların savadsızlığına, elmsizliyinə, nadanlığına gülürük!..
"1873-cü il
2 mart Bakı
Tiflisdə canişinə
İnayətli Əfəndim!
Baron Aleksandr Pavloviç Nikolaiyə!
Martın onunda müsəlmanların Novruz bayramıdır. Buranın yerli əhalisindən bir neçə şəxs o gün Mirzə Fətəli Axundovun "Vəziri-Xani-Lənkəran" əsərini tatar (Azərbaycan) dilində oynamaq fikrindədilər... Zaqafqaziya əhalisi arasında Bakı əhalisi Avropa adətlərinə ən çox yabançı qalaraq hər cür yenilik və xüsusən də tamaşadan uzaq qalırlar. Şübhəsiz, onların arasında Avropa ruhlu əyləncələrə meyil və rəğbət oyatmaq öz-özlüyündə onları bizə yaxınlaşdırmaq üçün həqiqi vasitələrdən biridir. Ona görə də bu yolda birinci təşəbbüsün maneəyə uğraması arzu olunacaq hal deyildi.
...Digər tərəfdən də pyesin məzmununda elə bir şey yoxdur ki, qadağan edilən əsərlər cümləsinə daxil olmasına səbəb olsun... Məsələni nəzəri-alilərinə ərz etməklə martın onunda məzkur əsərin oynanılmasına lütfən icazə buyurmaq meylində olub-olmadığınızı teleqrafla bildirməklə bəndəni şərəfyab buyurmağınızı rica edirəm.
Ehtiramati-faqiəmi ərzə və i.ax. Dmitri Staroselski.
Bakı general-Qubernatoru".
"8 mart, Tiflis. Bakıda general-Qubernator D.Staroselskiyə! 205-ci maddənin yasaq qərarı xristian əhalisi üçün ümumi teatr tamaşalarına aiddir. Mirzə Fətəli Axundovun əsərini ailəvi tamaşa surətilə oynamaq olar. Aleksandr Pavloviç".
"Mart ayının 10-cu günündə Bakıda Sobraniyedə veriləcək təsnifi - Mirzə Fətəli Axundzadə "Sərgüzəşti-Vəziri-Xani Lənkəran". Keyfiyyəti dörd məclisdə bəyan olunub. Vilayətin Xanı - Əliyar, Mirzə Həbib Vəzir - Səməd, Zibaxanım - Nəcəf (Bəy Vəzirov), Teymur ağa - Əskər (ağa Çorani). (Azərbaycan Teatrının Salnaməsi səh: 37. 1975-ci il)
Məktubda tamaşa oynamaq üçün adı çəkilməyən Həsən bəy Zərdabi idi. Zərdabi Sokrat kimi əlində çıraq insanları aydınlığa, işığa aparan dahi şəxsiyyət idi. O, Azərbaycan teatrının yaradıcısı idi... 1880-ci ildə Hacı Zeynalabdin Tağıyev teatr binası tikdirdi. Bunu Azərbaycan teatr tarixində mühüm, əlamətdar bir hadisə kimi qiymətləndirməliyik...
Şamaxıda teatr
"6 dekabr Şamaxı.
Keçən ilin axırlarında biz xeyriyyə məqsədi ilə bir teatr tamaşası vermək qərarına gəldik. Gənclərimiz toplanıb bir səhnə düzəltdilər, tələm-tələsik dekorasiya çəkdilər, pərdə və afişa hazırlandı, dekabrın 6-da tamaşa veriləcəyi elan edildi. Bu yenilik hamını maraqlandırdı, həvəskarların verdikləri beş tamaşada, bir yer də boş qalmamışdı. Şamaxıda afişalar əldən-ələ gəzirdi. Şəhərin hər tərəfindən tökülüb gəlir və bilet almağa çalışırdılar. Ətrafdan gəlmiş yerli əhalinin atları tamaşa binasının ətrafında kişnəyirdilər.
Tamaşa verilən binanın darısqallığından səhnəni yaxşı görmək olmurdu... Bu hadisə şəhərdə bir teatr binası düzəltmək məqsədini yada saldı... Biz köhnə və boş qalmış daş binanı nəzərə aldıq. Bir çoxları "bundan bir şey çıxmaz" əqidəsində idilər. Şəhərdə teatr binası barəsində düşünməyə başladılar. Məlum oldu ki, bu işə min beş yüzdən iki min manatadək gümüş pul lazımdır. Belə pul haradan tapılacaqdı? Bəlkə də tapdıq. Çünki şəhərdə şayiə yayılmışdı ki, bəziləri material, başqaları işçi qüvvəsi, bir başqası öz zəhmətilə kömək etməyə hazırdır. Hətta yerli hörmətli adamlardan pul verməyə hazır olduğu barədə də danışırdılar. Bu söhbətlər getdiyi yerdə birdən-birə bir cavan bəy polismeystrlə cənabi qubernatorun yanına gəlib, teatr binası tikilməsi üçün 1500 manat verməyə hazır olduğunu bildirdi. Hətta, əgər artıq lazımdırsa, onu da verməyə razılıq verdi. Aydındır ki, onun ianəsini qəbul etdilər və bu barədə canişinə xəbər verdilər. Knyaz bizə icazə verdi ki, teatr tikmək üçün maqazinlər binasını alaq və ianə verən Atabəy Zeynalbəy oğluna təşəkkür edək. Biz hazırlıq işlərinə başladıq. Bəs binanın planını kim hazırlayacaq? Baş arxitektor burada deyildi, onun köməkçisi şamaxılı Qasımbəy isə heç vaxt quberniyadan kənara çıxmamış və teatr binası görməmişdi. Bu o qədər də qorxulu deyildi. Çünki əvvəla Qasımbəy öz-özlüyündə savadlı, təcrübəli və işdə istedadlı olduğunu göstərmişdi, ona görə də bu təzə işi də başa düşürdü, ikinciyə qalan yerdə ümumi arzu hər bir arxitektordan yaxşıdır. Elə belə də oldu. Buradakılardan birisi bir parça kağızın üzərində karandaş ilə teatrın eskizini çəkdi, təsadüfən buraya gəlmiş bir nəfər mühəndis zabit onu düzəltdi... Bundan sonra Qasımbəy əla bir plan hazırladı... Beləliklə bir ay keçməmiş köhnə maqazinin divarları arasında teatra yararlı bir bina hazır oldu. Təsəvvür edə bilərsiniz: səhnə həm uca idi, həm də geniş, üzü yuxarı olan zalda yüz yer vardı, iki tərəfdən 14 loja düzəldilmişdi: birinci olmaq üzrə Şamaxıya bundan artıq nə lazım idi? Halbuki, elə Tiflisin də birinci teatrı manejdə qayrılmışdı, özü də bizimkindən çox da yaxşı deyildi... Hər halda aprelin 17-də birinci tamaşa verildi, artistlər və teatr tikənlər alqışlarla qarşılandı..." ("Kavkaz", 6 iyul 1858).
Deməli, əslində, Azərbaycan Milli Teatrının yaranması tarixi 1873-cü ildən yox, 1858-ci ildə Şamaxıda açılan teatrla başlayır.
1859-cu ildə Şamaxıda güclü zəlzələ nəticəsində teatr binası dağıldı. Şamaxı qubernatorunun Çar II Aleksandra müraciəti nəticəsində Quberniya mərkəzi Bakı şəhərinə köçürüldü.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!