Turanın ailə dramı - Azər Turanın “Atam, anam, qardaşım, mən və Stalin” tamaşası haqqında. İFTİXAR

 

İFTİXAR

Əməkdar mədəniyyət işçisi,

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Fevral ayının 15-də "Aktyor Evi"nin səhnəsində 140 yaşını yenicə ötürmüş C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı truppasının ifasında bu qocaman sənət ocağının həmyaşıdı Hüseyn Cavidin faciəli həyatından bəhs edən sənətşünas, publisist Azər Turanın "Atam, anam, qardaşım, mən və Stalin" esse-dramı Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda ailə dramı janrında təqdim olundu. Əslində, meydan teatr oyunu formasında yazılmış və tamaşaya hazırlanmış bu səhnə əsəri ailə faciəsi konsepsiyasını ehtiva edir. Əsər Azər Turanın bir yaradıcı insan kimi Cavidlər ailəsinə, bizlərə Azərbaycan teatr sənətinin tarixini öyrətmiş, hər birimizin sevimli müəllimi olmuş Turan xanımın ruhuna müqəddəs borcunun rəmzi nişanı kimi təsir bağışladı. Eyni zamanda illərdən bəri cəmiyyətin, ən çox da ədəbi mühit nümayəndələrinin və ədəbiyyatsevərlərin, teatr xadimlərinin və teatrsevərlərin, ümumən sənət arealında çalışan həssas ürək sahibi olan yaradıcı insanların, milli ruhu güclü olan vətəndaşların iç dünyasına yığılmış, daşlaşmış və daim hissləri, duyğuları tarıma çəkən haqsız, aqressiv, ağır repressiya yükünü daşıyan, həmişə, "kaş ki, belə olmayaydı" təəssüfü ilə kövrəldən, qovruldan, barışılması çətin olan sənətkar faciəsinin acı gerçəklərini canlandırırdı. Belə də demək doğru olar ki, özünəməxsus üslubda qələmə alınmş bu duyğusal əsər Azər Turanın təəssübkeş mövqeyində salondakı sənətkarlar ordusunun hər birinin Hüseyn Cavid ruhuna ehtiramını təcəssüm etdirirdi. Bir də, Hüseyn Cavid ömrünün 140-cı zirvəsinə öz ömrünün 60-cı nöqtəsindən nəzər salan Azərin illərdən bəri apardığı araşdırmalarının və məhsuldar əməyinin nəticəsi olan bu əsər böyük şairin, əvəzsiz dramaturqun ailə faciəsini bütün həqiqətləri, acı gerçəklikləri və ağrılı yanğıları ilə dolğun şəkildə təcəssüm etdirən ilk orijinal səhnə əsəridir. Hüseyn Cavid haqqında çoxlu esselər, elmi məqalələr yazılmış, araşdırmalar aparılmış, kinofilm çəkilmiş, ancaq ədibin taleyini bütün cəhətlərdən əks etdirən ilk səhnə əsəri olan bu esse-dram bütün yazılanlardan fərqli olaraq, onun, bütövlükdə ailə üzvlərinin hər birinin faciəsi ilə zamanı və tamaşaçıları qarşı-qarşıya qoyur. Baxanda ki, yaramaz, əsassız doğulmuş bir ideologiyanın qaniçənlərinin törətdiyi haqsızlıq nəticəsində nəhəng bir sənətkarın düşdüyü faciə bütovlükdə onun ailəsinin faciəsinə çevrilmişdir və həm də bu ailə faciəsi evin atasına olan sonsuz məhəbbətin nəticəsində baş vermişdir, Cavidə və onun ailəsinə sevgi birə-min artır. Xanımı Mişkinaz ana öz ömrünü Cavid ehtirası və ailə təəssübü ilə tükədir. Ataya olan haqsızlıqlara oğlun böyük imperiya qarşısındakı çarəsizliyi, gücsüzlüyü onu öz yaradıcılığı ilə belə ovundura bilmir, içində yaşatdığı hirsin hikkəsi və baxımsızlıq məhvərinin şərtləri ilə vərəm xəstəliyinə düçar olur, gənc yaşlarında həyata vida edir. Qızı Turan xanımın hər gün şam kimi əriyən, dərdlə, qəmlə əriyən nəhəng bir şəxsiyyət olduğuna gözlərimizlə şahidlik etmişik. Turan xanımın sürdüyü ömür sanki Hüseyn Cavidin dərdini insanlara əyani göstərmək üçün və qaniçən qatillərdən daha çox, susan günahkar cəmiyyəti öz xəcaləti ilə üz-üzə qoymaqla onların tərbiyələnməsinə nail olmaq idi... Azər Turan bütün bu cəhətləri, personajların xarakterik xüsusiyyətləri ilə peşəkarcasına əsərdə əks etdirə bilir. Məhz tamaşanın ən təsirli anları da personajların yaşanılmış faciəvi ömürlərinin canlı təfsirindədir.

Birhissəli bu səhnə əsəri birnəfəsə baxıldı. Hətta ayaq üstə baxmaq məcburiyyətinə can-dildən uyğunlaşanlar da oldu. Anşlaqla keçən premyerada yersiz qalan, ayaq üstə tamaşanı izləyənlər "tamaşaya ayaq üstə baxmağın feyzi varmış" deyə, hansı vəziyyətdə baxmağın əsas şərt olmadığını dilə gətirir, oyunu izləyə bildiklərinin məmnumluğunu yaşayırdılar. Salonda olan demək olar ki, Azərbaycanın ən mötəbər ziyalıları, yazıçıları, sənət xadimləri, sadə tamaşaçılar heç bir anı qaçırmamaq üçün tamaşaya elə diqqət kəsilmişdilər ki, sanki Cavidlər ailəsinin faciəsi onları dondurmuşdu.

Tələbəlik illərindən tanıdığım və istedadına həmişə inandığım Azər Turan ədəbi mühitdə öz yeri olan, geniş mütaliəsi ilə seçilən, həlim xasiyyəti ilə ömrünü həssas mövzulara baş vurmaqla yaşayan, yaradıcılığının əsas hissəsini H.Cavidin və onun kimi digər bir sıra maarifçi ziyalılarımızın həyat və yaradıcılıq yollarının araşdırılmasına və təbliğ olunmasına sərf etmiş geniş məlumatlara malik bir qələm sahibidir. "Atam, anam, qardaşım, mən və Stalin" əsəri məhz Azərin uzun illər apardığı dərin araşdırmalarının nəticəsində ərsəyə gəlmiş ədəbi nümunədir.       

Rejissor Bəhram Osmanov əsərin səhnə həllini düşünərkən müəllifin bədii konsepsiyasını düzgün oxuya bilmiş və nəticədə vahid bir tandem yaranmışdır. Əsərin meydan teatr estetikasına xas yazılması rejissora, hadisələrin bir məkanda cərəyan etdirilməsinə imkan yaratmışdır.

Quruluşçu rəssam Vahid Mürsəliyev də 1937-ci illər sovet mühitinin kasad və kasıb ovqatını, "qansızların" əməllərini təcəssüm etdirən səhnə tərtibatında meydan teatrı tələblərinə xarakterik detallar və ştrixlərlə, ustalıqla verə bilmişdir. Mənəviyyatı zəngin olan böyük bir ziyalının, parlaq şəxsiyyətin dühası və pak ailəsi ilə üz-üzə dayanan ətraf mühit, o dövr qaniçənlərin köhnə, nimdaş təfəkkür aləmi - iki qütb arasındakı uzlaşmayan uyğunsuzluq cəmisi beş venski stulla, bir neçə kitab bağlamaları, bir güncə yığılmış, daim "köç" əhvalı bağışlayan yataq dəsti, çemodan, park skamyası, asılqan və işıq effektlərinin solğun səhnə rənglərinin tərtibatında aydın şəkildə görünür. Sadə tərtibat içində zəngin mənəviyyatın parlaq ziyasını göstərən konseptual yozum və bu ziyanın bir siyasi sistemdə zülmətə salınaraq söndürülməsi, lakin ümidin işartılarının yaşaması əsərin səhnə ekvivalenti yaratmasını təmin edə bilmişdir.

Səhnədəki beş ədəd bəmbəyaz venski stul az qala gözlərimizi qamaşdırırdı. Ancaq bu bəyaz stulların üstündə zülmətə qərq olmuş qara talelər içimizi kədərlə boğurdu. Ağ stulların hərəkəti, bu stullar üstündə qara tale yaşayan işıqlı simaların nurunun, həm də zülmətə çevrilən faciəsinin obrazlı ifadəsi kimi görünürdü.

"Ağ stullar və qara talelər" fəlsəfəsi və bu ailə dramının kədəri, ağrı-acıları, dəhşət doğuran faciəsi tamaşanın əvvəlindən başlayaraq son səhnəyə qədər parça-parça ekrana gələn və sonda bütövləşən Ərtoğrulun "Ağlayan uşaq" rəsmində öz rəmzi ifadəsini bütün dolğunluğu ilə tapa bilir. Bu tapıntını rejissorun uğuru hesab etmək olar. Eləcə də səhnədə istifadə olunan bütün detalların müxtəlif formalarda sözlə, mizanla birgə işlədilməsi vəziyyətin dramatizmini daha təsir edici əhvala kökləyir

Tamaşada yalnız işıq effektlərində çatışmazlıqlar sezilirdi ki, bu da səhnənin texniki imkanlarına bağlıdır. Əlbəttə, daha mükəmməl imkanlara malik səhnələrdə tamaşanın texniki tərəfləri, xüsusən də işıq sisteminin verə biləcəyi zənginliklər tamamilə başqa görüntü yaradacağına mütəxəssislər əmindir.

Çingiz Xəlilovun musiqi tərtibatı zəngindir. Rejissor musiqilərdən sanki  tamaşanın personajları miqyasında yararlanır. Bütün səhnələrdə vəziyyətlərin dəyişən dramatizmini, oyun dinamikasını, səhnələrin bir-birini əvəzləyən keçidlərini canlı mexanizm kimi reallaşdırır. Həm tamaşanın təsir effektini gücləndirir, həm də, ən əsası tamaşaçının psixologiyasında faciə ovqatını melodiyanın avazı ilə elə cür formalaşdırır ki, tamaşaçını istər-istəməz həm təsirləndirir, həm də nə qədər ağır vəziyyətə düşsə belə, faciənin dərin quyusunda boğulmaqdan xilas edir. Cəmiyyətin, Cavidin ailə faciəsinə ağlaya-ağlaya yaşamaq ümidini artırır.

Müəllifin yaratdığı tarixi şəxsiyyətləri canlandıran aktyorların hər biri, Ata - Natiq Həziyev, Ana - Əməkdar artist Esmiralda Şahbazova, Qardaşım - Samir Əliyev, Mən  - Pərvin Dadaşova, bir neçə personaj cildində səhnədə görünən Zaman - Niyaməddin Səfərəliyev hər biri oynadıqları obrazları ilə tamaşaçıların diqqətini və rəğbətini qazana bildilər. Natiq Həziyevin "Ata"sı, yəni Hüseyn Cavidi nə qədər mətin, dəyanətli idisə, Esmiralda Şahbazovanın "Ana"sı, yəni Mişkinaz xanımı bir o qədər dözümlü və ümidli idi. Samir Əliyevin "Qardaşım"ı nə qədər faciələrə qatlaşan və pessimizmi qovmağa çalışan, ailə faciəsini öz ağır xəstəliyi ilə dərinləşdirən çarəsiz, imkansız idisə, Pərvin Dadaşovanın "Mən"i, yəni Turan Cavidi bir o qədər həyat eşqi ölməyən, Cavidin külliyyatının qorunması və yaşaması, həqiqətlərin öz haqqına qovuşması üçün ömrü boyu bütün əziyyətlərə qatlaşan, sönməz və mübariz idi. Niyaməddin Səfərəliyevin ikiləşən, yəni cilddən-cildə dəyişən, bədxahların və xeyirxahların tiplərini özündə birləşdirən Zaman personajı, müəllifin düşüncəsinə görə, "insan fəlsəfəsi"nin haçalanan təfəkkür dünyasındakı antinomiyadır. Uğurlu tapıntı olan bu personajı ərsəyə gətirməklə Azər o ideyanı ön plana çəkir ki, yer üzünün əşrəfi hesab etdiyimiz insan bir anın içində dəyişərək həm iblis ola bilir, həm də insan. Hüseyn Cavid "İblis" mənzum dramında özü qoyduğu "İblis nədir?" sualına özünün verdiyi "Cümlə xəyanətlərə bais!" cavabnda olduğu kimi və ya "Ya hər kəsə xain olan insan nədir? - İblis..." nümunəsində eqoizmlə altruizmin ziddiyyətləri, təzadları Zaman personajında parlaq şəkildə əks olunur. Fikrimizcə müəllif bu obrazı əsərə xüsusi məqsəd üçün gətirmişdir. İnsan varlığında mövcud olan can və ruhun istənilən məntiqdə formalaşa bildiyini, insan həm insandır, həm də iblis konsepsiyasında göstərmək istəmişdir və uğurla da alındırmışdır. Azər demək istəmişdir ki, insanın içində hansı qüvvə güclüdürsə, o da qabarır.

Zaman tamaşanın əvvəlində qəddar çinovnik simasında insanın iç dünyasını kirləyən eqosu ilə özünə bəraət qazandıran tipdirsə, bir müddətdən sonra görürük ki, Niyaməddin Səfərəliyevin personajı tamam başqa xarakterdə təqdim olunur. Zaman obrazının bir missiyası qəddar Stalinləri və o kimi tiplərin mənfur, qanlı əməllərini göstərməkdirsə, digər missiyası isə insanların yanğılarını canlandırmaqdır. Zaman ikinci missiyasını həyata keçirərkən açıq şəkildə görünür ki, bütün varlığı ilə sona qədər Cavidlər ailəsinin faciəsini, Turan Cavidin ömrünün son anında onun həyata vida məqamını gözləri ilə ömür yaddaşına yazmış və bu acıları bu gün də göz yaşları ilə xatırlayan Azər Turanın özüdür.

Bütün tamaşa boyu rejissorun hər bir aktyora verdiyi tapşırıqlar onların ifasında səlisdir. Sözlərin hərəkət mexanizmini yaradan mizanların meydan teatr estetikasına uyğun sxemləşdirilməsi qurulmuş oyunu cilalayır, əsərin fabulasına gedən yolu nizamlayır. Əlbəttə ki, xırda çatışmazlıqlar da vardır, ancaq həmin çatışmazlıqlar illərdir ki, yersiz şəraitdə tamaşa hazırlamaq məcburiyyətində qalmış bir sənət ocağının yaradıcı kollektivinə "proqon"suz tamaşalar oynamaq məcburiyyəti yaratması ilə əlaqədardır. Şübhəsiz ki, tamaşa oynanıldıqca cilalanacaq, "bişəcək", mizanlar getdikcə daha da dəqiqləşəcək və zəncirlənəcək, aktyor performansı, oyun dinamikası güclənəcək, beləliklə,  həmin çatışmazlıqlar istər-istəməz ortadan qalxacaq, tamaşa daha təsirli vəziyyətə gələcəkdir,

Əsərin qayəsini araşdırdıqda belə qənaətə gəlmək olur ki, Eqoizmlə Altruizm əsərin ana xəttini təşkil edir.           

Bu orjinal səhnə əsəri üçün müəllifi, quruluşçu rejissoru, İrəvan Azərbaycan Teatrının yaradıcı və səhnə arxasında çalışan texniki heyyətini, eləcə də Cavidsevər ziyalılar ordusunu və tamaşaçıları ürəkdən təbrik edir, hər birinə yeni premyeralarda görüşmək ümidi ilə xoş arzularımızı bildirirəm. Azər Turana isə yeni sifarişimizi açıqlayıram: Hörmətli Azər Turan, görkəmli Azərbaycan ziyalısı Əli bəy Hüseynzadənin həyat və yaradıcılığını canlandıran bir səhnə əsəri yaratmağa borcunuz kimi baxmağınız xahiş olunur! Uğurlar!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!