Əvvəlcə sərlövhələr barədə. Əgər bu roman ötən əsrin 60-70-ci illərində yazılmış olsaydı, hamının maraq göstərdiyi kitab kimi mütləq əl-əl gəzər, tələbə yataqxanarının bütün otaqlarını dolaşar, ağlı-qaralı çox fikirlərə, mülahizələrə səbəb olar, müəllifini göylərə qaldıran da tapılardı, linç eləməyə çalışan da. Həmin illərdə yazıçıların birinə elə münasibət olurdu, birinə də belə. İndi isə, aləm özgədir. Ona görə də babalarımız deyiblər ki, "malın mal olmaqdansa, bazarın bazar olsun".
İkinci sərlövhəni isə professor Cahangir Məmmədli kimi bu kitabı təkrarən oxuyandan sonra qələmə aldım. Əslində improvizə termini ədəbiyyata yox, incəsənətə, xüsusən də musiqi və teatra aiddir. Tanınmış xanəndə və ya müğənnilərin on illər boyu hamıya məlum olan musiqi parçasını və ya muğamı öz improvizəsi ilə daha gözəl təqdim etdiyini çox görmüşük. Bəzi görkəmli aktyorlarımızda da bu keyfiyyətlər olub. Ancaq ədəbiyyatımızın ən mühüm və sanballı janrı olan nəsrdə improvizasiyaya o qədər tez-tez rast gəlmirik.
Bu, o demək deyil ki, başqa ədiblər həmin addımı atmağı bacarmayıblar. Sadəcə, bizdə həmişə "El nə deyər?" - düşüncəsi hakim olub. Əflatun Amaşov isə elin nə düşünəcəyini deyil, öz düşüncəsinin, təfəkkürünün tələblərini yerinə yetirməyə çalışıb və buna nail olub. Yeri gəlmişkən, açıq aydın görünür ki, romanda qələmə alınmış lövhələr, məkanlar, hadisələr və obrazlar heç də təxəyyül məhsulu deyil, həyat reallıqları, bir çoxu isə müəllifin öz yaşantılarıdır. Hətta kitabı ikinci dəfə oxuyanda - bir çox məqamların və obrazların mistik olduğunu bilsəm də, təəssüratlarım, həmin obrazlarla bağlı düşüncələrim məni çaşdırırdı. Əvvəlki mütaliədən beynimdə qalanlara görə - ani olaraq elə bilirdim həmin fakt və hadisələrə özüm də şahidlik etmişəm.
...On yeddinci əsrdə yaşamış fransız yazıçı və filosofu Rene Dekart yazırdı ki, ötən əsrlərin yazıçısı ilə söhbət etmək səyahət etmək kimi bir şeydir. Təbii ki, biz ötən əsrlərin yazıçıları ilə onların əsərləri vasitəsilə söhbət edirik. Həmin söhbət isə bizi haralarasa aparır. Qətiyyətlə deyə bilərəm ki, Əflatun Amaşovun "Qanıq, Hasan, bir də Qaragöz" əsəri də məni heç zaman unuda bilməyəcəyim xatirələrin ənginliklərinə apardı (Çox mütəəsir oldum ki, mən belə bir əsər qələmə almamışam).
Elə Əflatun Amaşov da ötən əsrlərin - bəli, düz gördün, əziz oxucu, ötən əsrin yox, məhz əsrlərin yazıçısıdır. Çünki onun 2022-ci ildə oxuculaın görüşünə gələn romanında təkcə iyirminci əsrin deyil, əvvəlki əsrlərin də ab-havası duyulur. Qəhrəmanlardan birinin təyyarə gözləməsi, digərinin qolçomaq kimi qəbul edilməsi və bir çox başqa detallar bu romanın son yüz-yüz əlli ili əhatə etdiyini göstərir. Ancaq elatın aran-dağ köçləri, ömrü bu köçlərdə keçən insanların özünəməxsus psixologiyası, adət-ənənələr, real həyatdakı fərdlərin cinlə, şeytanla ünsiyyətdə olması kimi təsvirlər əsəri istər-istəməz çəkib əvvəlki əsrlərə aparır.
Amma ötən il işıq üzü görmüş bu əsərdə bir neçə əsr əvvəlin ruhunu duyuruqsa, bu, müəllifin geriyə qayıtması yox, ötən əsrləri bu gün "Mücrü" nəşriyyatının stolu üstünə gətirməsidir. Tarxin bəzi səhifələrini bu günə gətirmək... Olduqca məsuliyyətli və maraqlı cəhdlərdir.
Müəllifin əsərə yazdığı ön sözdə belə bir məqam var: "Bir dəfə eşitdik ki, qonşumiz Fatma xala rəhmətə gedib. Onun yoxluğunu ağlıma gətirə bilmədim, nəvəsinə qoşulub mən də ağladım". Vəssalam. Artıq hər şey aydındır. Bu iki cümləni romanın üverturası kimi qəbul etdim və gələcəkdə - daha doğrusu, sonrakı səhifələrin tamamilə insani hisslər üzəriundə davam edəcəyini gözləməyə başladım. Bu sətirlərdən sonra - əsərin sonunadək Hasan təyyarəni gözləyirdi, mən isə daha çox kövrək, insani hissləri. Bu baxımdan mənim bəxtim çox gətirdi. Çünki Hasanın təyyarəsi bircə dəfə gəldi, mənim gözlədiyim hisslər isə on dəfələrlə.
"Sarı düyə müqavimət göstərmədi" ifadəsi də məni tutmuşdu, "inəyin üzüylə süzülən yaş şırımı" lövhəsi də. Əsərin çoxsüjetliliyi də uğurludur, alleqorik dialoqlar da. Etnoqrafik təsvirlər də oxucunu cəlb edir, yurd sevgisi də. Obrazların adları da elat ab-havasını canlandırır ( Qoja, Məsim, Ballı, Gülyəz və s) məkan, yer adları da ( Qurd ölən yer, Qoşa qar, Daş bulaq, Göy qaya və s.).
Məsim demişkən, kitabın 51-ci səhifəsində belə bir ifadə və lövhə var: "Quzu Məsimə isnişdi. Digər quzular örüşdən qayıdan analarının yanına qaçanda yetim quzu da Məsimə doğru qaçdı". Fikrimcə, ömrü böyük şəhərlərdə, geniş auditoyiyalarda və bahalı restoranlarda keçmiş qələm sahiblərinin heç biri bu lövhəni yarada bilməzdi.
Yaxud kənd adamının mənəvi ucalığını göstərən, həm də inandırıcı şəkildə təsvir edilən bir məqamı yada salaq. Yuxarıda qeyd etdiyimiz kimi əsər çoxsüjetlidir və süjetlərin biri nəql edilən dövrü yada salırsa, digəri çox-çox əvvəlki illərə gedib çıxır. Ötən əsrin 30-cu illərinə aid olan süjetin qəhrəmanına - yaylaqda olan İmamalı kişiyə təcili xəbər göndərirlər ki, tez kəndə qayıtsın, onunla söhbətimiz var. İmamalı kişinin bu qayıdışa hazırlaşması elə gözəl təsvir olunub ki, oxucu sanki həmin lövhələri görür.
Ancaq daha maraqlısı həmin qəhrəmanın yaşadığı başqa bir hissdir. O, kommunistlər tərəfindən urvatsız ediləcəyini düşünür və beynində çox variantları götür-qoy edir. Ən mühüm qərar isə silahında bir güllə saxlamasıdır ki, hörmətsiz edilsə, Faxralıda onun alçaldıldığını görən olmasın, özü-özünü öldürsün. İzaha ehtiyacı olmayan məqamdır.
Diqqət çəkən başqa bir məqamı yada salaq. Vəlinin toyu, toy gecəsi Saranın qeybə çəkilməsi, sonra Vəlinin onu tutmaq üçün (Sara cin idi) qayaları yan-yana düzərək Qurd ölən yerdən Cinli dərəyə darvaza qoyması, nəhayət, bir gecə Saranı Göy qayanın insan ayağı dəyməyən zirvəsində görəndən sonra qayalardan yıxılaraq ölməsi nağıl kimi deyil, real fakt kimi təsvir olunur. Oxucu istər-istəməz Vəlinin sadə ürəyindəki böyük sevgini alqışlayır. Toydan doqquz ay, doqquz gün sonra Vəlinin qəbri üstündə qan-tər içində olan bir atın dayanması idə insanın ətini ürpəşdirir.
Əsər başdan başa belə - izahı oxucunun öhdəsinə buraxılan məqamlarla doludur.
P.S. Birinci kitab başa çatsa da, Qojanın, Hasanın, Güllünün iztirabları tükənmir, Vəlinin səmimi sevgisi yaddan çıxmırdı. Oxucuda istər-istəməz belə bir sual yaranırdı ki, bu böyüklükdə reallıqların, faktların mistik elementlərlə çulğalaşdırımasında məqsəd nədir?
Əsərin "Ulduz" jurnalının bu günlərdə işıq üzü görmüş 10-cu nömrəsində verilmiş ikinci hissəsi də bir növ bu qəbildən olan sualların yaranmasına səbəb olur. Hər halda Hasan da, Güllü də hamının cinə, şeytana döndüyü Cinli dərədən bir qədər təmizlənmiş kimi ayrılırlar. Amma əsər hələ bitmir, ikinci kitab başa çatır.
Xırdalan,
20 oktyabr 2022-ci il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!