Televiziyalardakı dilimiz monitorinq aynasında - Şahlar MƏMMƏDOV (GÖYTÜRK)

               

 

Ölkəmizdə fəaliyyət göstərən televiziyalar Azərbaycan döv­lət dili normalarını təbliğ etmək baxımından çox önəm­li tribunadır. Bu mənada televiziyanın nitq mədəniyyəti və ədəbi tələffüz nümunəsi kimi müstəsna rolu vardır.

Televiziya dilinin təsir gücü onun kütləviliyində, eləcə də səs, söz və təsvir, görüntü imkanlarına malik olmasındadır.  Doğrudur, KİV-də gedən dil proseslərini, o cümlədən tele­viziyaların dil mənzərəsini çağdaş ədəbi dildən kənarda təsəvvür etmək olmaz. Televiziya çap və elektron mətbuatla müqayisədə dil proseslərini daha qabarıq şəkildə əks etdirir, şifahi nitq meydanı üçün geniş üfüqlər açır.

Televiziya cəmiyyətdə gedən proseslərin güzgüsüdür və ic­timai fikrə təsir imkanları baxımından digər kütləvi informasiya vasitələrindən yüksəkdə dayanır. Bu güzgüdə nəinki ayrı-ayrı sa­hələrdə baş verən dəyişiklikləri, hətta dil proseslərini aydın şəkil­də görmək mümkündür. Odur ki, ekrandan səslənən nitq anlaşıq­lı, ədəbi tələffüz qaydalarına uyğun olmalıdır. Çünki insanlar bir-birlərini daha çox şifahi nit­qinə və davranışına görə qiymətləndirirlər. Tamaşaçı verilişlərdə çıxış edən qonaqlardan, ekspertlər­dən, müğənnilərdən, saç ustalarından və s. natiqlik tələb etmir. Önəmli olan normal davranış və mədəni nitqdir.

Son zamanlar yazı və tələffüz qaydalarına ciddi şəkildə əməl olunmadığından az qala hər kəs danışır. Əslində bu, müsbət haldır.

Dil qüsurlarının təhlükəliliyi ondadır ki, xüsusilə gənc nəsil həmin qüsurları bəzi hallarda norma kimi qəbul edib işlədir və nəticədə milli dil təfək­kürü zədələnir. Milli dil təfəkkürü nitqimizi əslində yersiz alınma­lardan, başqa dillərin intonasiya və tələffüz xüsusiyyətlərindən, məhəlli, kobud və tüfeyli sözlərdən qorumaqda yad elementlərə qarşı sanki sipər rolunda çıxış edir. Milli dil təfəkkürü zədələndik­də milli heysiyyət zəifləyir, insanlar yad intonasiyanın, yersiz alın­maların, tüfeyli sözlərin, hətta mənən öz ana dilindən uzaqlaşaraq başqa dillərin əsirinə çevrilirlər. Deməli, problemlərin heç də ha­mısı nitq mədəniyyəti ilə bağlı deyildir.

Adi danışıq dilinin təsiri ilə efirlərdə işlədilən rus sözləri, ifadələri kifayət qədərdir:

“Birə-bir” – “Şükür Allaha, öz imkanım normalnidi”.

“7 canlı” – “Çox sporlaşdıq”.

“10 qat şou” – “Bunun kruqu var idi”.

“10 qat şou” – “Pul var da, brat”.

“Günün sədası” – “Deyirəm heç nə demə, luçşı sus”.

“Günün sədası” – “Zdaniyalarda baxıb görürsən balkonlar hamı­sı his buraxır, hamısında his var”.

“Birə-bir” – “Qulaq asdığı musiqilər vabşe, tamam başqa bir şey­dir”.

“10 qat şou” – “Nabarot heç qulaq asmıram”.

“Zaurla günaydın” “Mamamın adını çəkdin. Mamam da bir az xəstələnibdi”.

“Zaurla günaydın” – “Qlazokumuzdan görünmürdü”.

“ATV maqazin” – “Səhnədə də belə deyim də divijeniyaları yax­şıdır”.

“Sənət inciləri” – “Amma çox sluxu var da, yəni həddindən ar­tıq”.

“Tezdən oyan” – “Yəni Azər, vso budet okey”.

“Səhər mərkəzi” – “Mənim anatomiya dərsində konspektdə bir dənə cümlə yadımdadır: “Lyudi bez şitovidnı jelezı eta idiot” və s. Efirdə bu cür sözlərin, ifadələrin, hətta cümlələrin işlədilməsi, ana dili­mizə məxsus sözlərin efirdən sıxışdırılması cəhdi ədəbi normaya  təhdiddir və buna bir şəxsin nitq qüsuru kimi baxıla bil­məz. 

Apardığımız monitorinqin nəticələri televiziyalarda ədəbi dilin bütün sa­hələrinə aid xeyli miqdarda pozuntu hallarının olduğunu göstərir. Son onilliklərdə dilimizə külli miqdarda alınma sözlər daxil olub. Əlbəttə, dilin inkişafı baxımından bu, təbii və qanunauyğun haldır. Lakin öz sözlərimiz ola-ola, əcnəbi qarşılığının işlədilməsi, televiziya və radio kimi mədəni tribunadan səsləndirilməsinə ehtiyac yoxdur. Çünki efirdə işlədilən hər hansı söz və ya ifadə işıq sürəti ilə evlərə daxil olur, tamaşaçı nitqinə, düşüncəsinə nüfuz edir.             

 Bəzi nümunələrə diqqət yetirək:

“Müəyyən biliklərə əsaslanaraq, meynstrimin də verdiyi bi­liklərə əsaslanaraq yeni formalar yarat­maq, yeni təcrübələr edə­rək buna nail olmaq olur, yəni ki”.

Göründüyü kimi cümlədəki yanlışlıq yalnız “meynstrim” sözü ilə bağlı deyildir. Cümləni ədəbi dil normalarına uyğun ola­raq bu şəkildə redaktə etmək mümkündür: “Təməl biliklərə əsasla­naraq yeni formalar yaratmaq və təcrübə qazanmaqla buna nail olmaq olar”.

Aparıcı deyir: “Hər halda fidbəki olmayan mahnı olsa, gedib işlə­məz­si­niz”. Yenə həmin verilişdə “Feyşn dizayner başqa şeydir”, “Samir artıq bu işi nekst levıllara daşıyır” Aparıcının efir­dən ingilis dilində bu cür yersiz ifadələr işlət­məsi, heç şübhəsiz ki, onun peşə­kar­lığına dəlalət etmir, əksinə, nitq mədəniyyəti qaydalarından xə­bər­siz olduğunu göstərir.

“Kütləyə hüququ çatdırmaq fikrinə düşdük. Araşdırdıq ki, bu­nu hansı formada çatdıraq və qərara gəldik ki, bunu stori telinq formatında insanlara çatdıraq”. Prob­lem təkcə “stori tellinq” ifa­də­si ilə bağlı deyil. Qonaq fikrini Azər­baycan dilində düzgün çat­dıra bilmir, “insanlara hüquqlarını çatdırmaq” ifadəsini “kütləyə hüququ çatdırmaq” şəklində deyir.

“Bizdə ən yaxşı metodika güzgü ilə danışmaqdır, güzgü biz­də selfkonfidens, özünə güvəni artırır. Ay kantakt, göz təması çox önəmlidir”.

Aparıcı əslində verilişə dəvət etdiyi qonağın, ekspertin da­nışıq manerasını nəzərə almalı, ehtiyac yarandıqda daha uğurlu sözlərin seçilməsində yardımçı olmalıdır. Qəribəsi odur ki, bəzi hallarda aparıcılar da nitq mədəniyyəti qaydalarının pozulmasın­da ekspertlərə “yardımçı olurlar”. Dilimizdə “özünəinam”, “göz təması” ifadələri varkən, nə üçün “selfkonfidens”, “ay kantakt” deyilməlidir?

Aparıcı deyir: “Bylingual”, orada basırsan, pronansieyşn, hətta ingilis dilində necədir, amerikansayağı pronansieyşn necə­dir, onu da söyləyir”. Yenə həmin verilişdə aparıcı belə bir cümlə işlədir: “Biri var mənim neytiv lanqvic, bir də var neytiv deyil. Onlar deyirdi ki, biz heç belə iməcin etmirdik”. Aparıcı sanki Azərbaycan dili üzərində təcrübə aparır. Dili­mizin ümumişlək söz­lərini ingilis sözləri ilə əvəz edir. Görəsən, aparıcını “tələffüz”, “doğma dil”, “təsəvvür” söz və ifadələrini in­gilis dilində səslən­dir­məsinə vadar edən nədir? Axı bunlar termin de­yil, ümumişlək sözlərdir.

Doğrudur, dilin varlığı üçün təhlükə törədən fəsadlar daha çox qrammatik qüsurlarla bağlıdır, çünki dilin mahiyyətini onun qrammatik sistemi müəyyən edir. Leksik pozuntular isə dildə tez-tez baş verən, eyni zamanda, nisbətən asanlıqla aradan qaldırıla bilən hadisədir. Bu baxımdan leksik normanın pozulmasını dil üçün təhlükəli hal hesab etmirlər. Amma nəzərə almaq lazımdır ki, bunlar əslində zəncirvari prosesin halqalarıdır. Leksik norma pozuntuları dilin milli qiyafətini dəyişir, milli həssaslığı azaldır.

Leksik alınmalar və beynəlxalq leksikon dil təfəkkürünü müasirləşdirsə də, dilimizdə yazılış və tələffüzlə bağlı müəyyən çətinliklər yaradır. Variantlılıq özünü türk ad və soyadlarının yazılışı və tə­ləffüzündə də göstərir. Məsələn: Aziz Sancar, Əziz Sancar, Eziz Sencer, Aziz Səncər, Əziz Səncər; Mehmet Akif Ersoy, Məhməd Akif Ərsoy, Məmməd Akif Ərsoy və başqaları.

Dilin ən çox inkişaf etdiyi publisistikada leksik alınmalar daha çoxdur. Bəzi hallarda həmin sözlərə dilimizin İzahlı lüğət­lərində və Orfoqrafiya lüğətində rast gəlmirik. Bu qəbildən olan sözlər sırasında türk dilinə məxsus leksik vahidlər də vardır. Pub­lisistikada belə sözlərə qarşılıq tapmaq cəhdləri də müşahidə olu­nur. Məsələn, aparıcı belə bir fikir səsləndirir: “Bir anlıq özüm düşündüm ki, önfikirlə, önmühakimə ilə mən fikirləşərdim ki, bu adam niyə belə ematsanaldır, bu adam niyə bu cür impulsiv reaksiya verir?”

Aparıcı sanki qınağa tuş gəlməmək üçün süni şəkildə söz yaratmağa cəhd edərək “önyarğı” sözünün əvəzinə “önfikir”, “önmühakimə” sözlərini işlədir.

Şübhəsiz ki, Azərbaycan dilinin lüğət tərkibi Orfoqrafiya lüğətində verilənlərdən daha genişdir. Son illər qardaş Türkiyə ilə əlaqələrin genişlənməsi dilimizə də öz təsirini göstərir. Doğrudur, özləşmə baxımından türk dilinin əhəmiyyəti böyükdür. Məsələn: dönüm (mərhələ), qay­naq (mənbə), çağdaş (müasir), yüzillik (əsr), durum (vəziyyət), özəl (xüsusi), olay (hadisə) və s. Özləşmə meyli dilimizi başqa dillərin təsirinə məruz qalmaqdan müəyyən dərəcədə qoruyur. Bu cür sözlər dildə öz qarşılıqları ilə paralel işlənir və həmin sözlərin sinonimlik imkanlarını artırır. Bəzən də dildən çıxmış sözlər “dirilərək” yenidən işləklik qazanır. Bununla yanaşı, lüzumsuz şəkildə işlənən söz və ifadələrə də rast gəlirik. Məsələn: “makiyaj” əvəzinə “meykap”, “şirin-şirin yemək” əvəzinə “mışıl-mışıl yemək”, “resept” əvəzinə “tarif”, “mövsüm” əvəzinə “sezon”, “inkişaf edir” əvəzinə “praqres edir”, “tullantı” əvəzinə “çöküntü”,  “diqqətini cəmləmək” əvəzinə “konsent­re olmaq” və s. 

Təhlillərimiz göstərir ki, publisistikada işlənən, lakin lüğət­lərimizdə öz əksini tapmayan xeyli miqdarda söz vardır. Məsələn: vazkeçilməz, bəcik/becik, dəfilə (podium), cüzdan, vaksina­siya, teleqrafiya, motokuryer, profi­te­rol (yemək növü), görəv, önəmsəmək, tətikləmək, yansımaq, ko­pi­ya, institutlaşma, spekulyasiya, stabilləşmə, stabil­ləşmək, törən, mübahisələndirmə, ru­tin (ətalət), bronjilet, serebral (iflic), barışçı, barışsevər və s. Qey­də aldığımız çoxsaylı nümunələr publisistikada gedən dil proses­lərini izləmək, çağdaş dil mənzərəsini göstərmək baxımından çox önəm­lidir.

Diqqəti titr səhvlərinə və fonetik normanın pozulması hal­larına da yönəltmək istərdim:

  • “İş vaxtı” – titr – “Korrupsiyanın icra başçısı”.
  • “Xəbərlə” – titr – “Hindistan ştammı sürətlə yayılır”.
  • “Space xəbər” – titr – “Elvin Bağırov – Nəsimi RİH-nin nü­mayəndəsi” və s.

Monitorinqin nəticələri göstərir ki, televiziya aparıcılarının bir çoxu yeni orfoepiya və orfoqrafiya qaydalarından hələ də xə­bərsizdirlər. Əvvəlki illərlə müqayisədə deyə bilərik ki, hazırda məlumat əlçatanlığı qaneedici səviyyədədir və dillə bağlı əksər suallara cavab tapmaq mümkündür.

Təəssüf ki, televiziyalarda ayrı-ayrı səslərin, sözlərin, ifadə­lərin, qrammatik formaların yanlış tələffüzü, vurğunun yerində deyilməməsi halları adi hala çevrilib. Monitorinq zamanı qeydə alınan yüzlərlə fakt bu qənaətə gəlməyə imkan verir:

  • “Telesəhər” – “Bu gün sizinlə mən – bədii gimnastika üzrə beynəlxalq dərəcəli məşqçi Allahve’rdiyeva Aysel”.
  • “Zaurla günaydın” – “Elə bil küçələr də böyüyüf”.
  • “Zaurla günaydın” – “Evimizin içində dörd boboyda ağac bitif”.
  •  “Gün başladı” – “Canınız ağramasın”.
  •  “Səhərçağı” – “Rahatdır yeriviz?
  • “Zəmanə” – “Palme, həmçinin eSeSeRİ-nin Əfqanıstana or­du yeritməsini, Yunanıstandakı, İspaniyadakı, Portuqaliya­dakı diktatura rejimlərini, CAR-da həyata keçirilən aparteid siyasətini pisləyirdi”.
  • “Nəcib söhbətlər” – “Yəni o prinsipdə, məsələn 88-ci ildə nə qimnimiz var idi, nə bir dövlətçiliyimiz var idi”.
  •  “Birə-bir” – “Əslində olmaz puldan ötəri, pul hər şey de­mək döyül”.
  • “Bizimləsən” – “Qənədindən, quyruğundan at klokun içi­nə, gətir də”.
  •  “Dəyişən cavab” – “Mən düzgün başa düşdüm sizi ki, yol­daşıvız rəhmətə gedəndən sonra dərhal artıq qaynatavız sizi mamavızgilə göndərdi, yoxsa bir il gözlədiniz?”

Nümunələrdən də görmək olur ki, televiziyalarda dialek­tizmlərə və dialekt tələffüz xüsusiyyətlərinə geniş meydan verilir. Tüfeyli sözlər, gərəksiz ifadələr, sözün düzgün işlədilməməsi, an­laşılmaz cümlələr, dilimizin qrammatik quruluşuna zidd cümlə tipləri, eləcə də başqa dillərin tələffüz-intonasiya xüsusiyyətləri dilimizə təhlükə yaradır. Məsələn:

  • “Görünməyən aləmin sirləri” – Yalnız çiçəyin üstünə otu­ran arını görürük”.
  • “Ovqat” – “Amma “Ovqat” verilişi indi burada üzəvari (üzə) demək kimi çıxmasın, “Ovqat” verilişi artıq hədəf – elə adından bəllidir və birbaşa ovqatın düzəlməyinə, bütün tamaşaçı auditoriyasının ovqatının yüksək səviyyədə kök­lənməsinə yönəlib”.
  • “Mədəniyyət xəbərləri” – “Həyata 84 yaşında əlvida edən söz ustadının xatirəsi qəlblərdə əbədi yaşayacaq”.
  • “Səhərçağı” – “Çünki sənətkarımız deyir ki, mən artıq işimi sonlaşdırıram, yekunlaşdırıram”.
  • “Səhərçağı” – “Çox bəli, çox feyzyab alırıq”.
  • “Səhərçağı” – “Bu gün koronavirusdan qorunmaq üçün vi­rusun haradan gələcəyi, kimdən qapacağımız həmin xəstə­liyi necə keçirəcəyimiz bizdən asılı deyil”.
  •  “Elgizlə izlə” – “Yoğun baxım altındadır uşaq”.
  • “ATV səhər” – “Havası bizim olacaqdır, ərazi bötövlüyü qa­yıdacaqdır”.
  • “Bizimləsən” – “Say-seçmə sənətkarlar, hansı ki klassik musiqini, falan, belə deyək, baş təbliğatçıları olublar”.
  • “Səhər mərkəzi” – “Və gözəl də bir konsert çəkdirmək fik­rim var”.
  • “10-da görüşək”Azərbaycan şou-biznesinin banisi və ölkənin ulduzu – Aygün Kazımova”.
  • “Xəbərlə” – “Qeyd edim ki, ölkə ərazisində Şirvan Reabili­tasiya Mərkəzi daxil olmaqla 12 reabilitasiya mərkə­zi var ki, hansı ki burada əsaslı və yenidənqurma işləri aparılır”.

Arzuolunmaz məqamlardan biri də bəzi samit səslərin yanlış tələffüzü ilə bağlıdır. Məsələn:

  • “Səhər mərkəzi” – “Mən bir kiçik bir pratsedur olaraq bunu görsətdim”.
  •  “Çıxışa doğru” – “Ziyanlı vərdişlərlə və yeni yaranan tsex­nologiyalar arasında bir təzada diqqət yetirsək, çox çətin­dir, bunun öhdəsindən gəlmək”.
  • “Gün başladı” – “Ən çox sevindiyim məsələlərdən biri də budur ki, xəmirlə əlləşməyi çox sevməyən və yaxud da ki, yeni-yeni mətbəxdə ilk addımlarını atan xanımlar üçün çox praktsik və əvəzolunmaz bir retsepdir” və s.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!