Frank Sinatra və Masazırda yaşayan gənc... - Cahanxanım Seyidzadə

Mən çox şeydə sərhəd tanımayan biriyəm. Xüsusilə, xəyal qurmaqda. Lakin insan hər şeydən bezdiyi kimi, mən də arabir xəyallarımdan bezirəm. Son bir neçə gündür ki, əməlli-başlı depressiyada idim. Həm də konkret bir səbəbi olmadan, özüm yaratdığım depressiyada. Dərslərimlə əlaqədar,  demək olar ki, günümün çox hissəsi kitabxanada oxumağa və yazmağa gedir. Dünən depressiyam artıq kuliminasiya nöqtəsinə çatdı, özümü böyük bir okeanın ortasında, kiçik taxta parçasının üzərindəki kimi hiss edirdim. Haraya, necə gedəcəyini bilməyən, taleyi küləyin və Tanrının öhdəsinə qalmış biri kimi. Öz beynimdə yaratdığım problemlər və fikirlər burulğanı içində yeni bir səhifə açıb yazmağa başladım. Hər zaman xəyallarına inanan, hər kəsə ümid etməyi, arzulamağı, həyatın dadını çıxarmağı söyləyən mən, ümidsiz və çarəsiz halda özüm üçün bu bir neçə kəlməni yazdım: "Nə vaxt ki, istəmədiyiniz bir şey haqqında dəqiq qərar verdiniz, demək ki, həmin andan etibarən yaşlanmış və yorğun hiss edirsiniz özünüzü. Bu, xüsusilə, xəyalpərəst insanlara aiddir. Mənim kimi... Özünüzü yaşadığınız mühitə, cəmiyyətə, münasibətdə olduğunuz insanlara uyğun aparmamağınız sizin oraya aid olmadığınızı isbatlamır. Əksinə, bu sizi uçuruma aparır. Kütlə, insanı özünə maqnit kimi çəkən, bunu bacarmadıqda isə var gücü ilə  geri itələyən və uçuruma yuvarlayan bir qüvvədir...Ümidlər sonda ölür deyirlər. Amma məncə, bunun alternativi də var axı. Ümidlər sonda öldürür..."  Rəfiqəmin səslənişi məni fikirlərimdən ayırdı, gec idi, evə getmək lazımıydı. Kitabxanadan çıxıb  gözlərim şişmiş və qızarmış, yorğun və bitkin halda evə gəldim. Yol boyu yazdığım bu bir neçə kəlmə barədə düşündüm. Hətta bu tip sayıqlamalara davam edib kitab şəklinə salmaq fikri də yarandı. Bütün insanları özüm kimi bataqlığa, ümidsizliyə salmaq istəyirdim. Boş yerə ümid etmələrini, həyatlarını bir ümidə qurban vermələrini istəmirdim. Daha doğrusu, heç kəsin mənim kimi xəyallarına aldanıb məyus olmasını istəmirdim. O qədər yorğun idim ki, evə çatan kimi yemək yemədən başımı atıb yatmağı planlaşdırırdım. Lakin belə olmadı, planımı həyata keçirməzdən öncə su içmək üçün mətbəxə keçdiyimdə "qırmızı bir qüvvə" məni özünə doğru çəkdi. Əlimi atıb götürdüm, vərəqlədim, vərəqlədim və tapdım... "Paqanini və Memar Əcəmidə yaşayan gənc" başlıqlı bölmədə məndən yazılmışdı: "Səhər yuxudan gümrah şəkildə oyanıb bu gün 5 səhifə yazacam dedim. Lakin günün sonunda heç iki səhifə də yazmamışdım. Bu mənim həyatımda tez-tez təkrarlanır." Mən əvvəllər də fərdi inkişaf, psixoloji və s. bu tipli kitablar oxumuşam, lakin heç birində özüm haqqında belə dəqiq məlumata rast gəlməmişdim. Özümdən asılı olmadan kitabı əlimə alıb stula əyləşdim, oxumağa başladım. Tez bir zamanda yorğunluğum, gözlərimin qızartısı, şişkinliyi, depressiya - hamısı yaddan çıxdı, unuduldu. Oxuduqca mənən qidalanırdım, sanki kimsə ruhumda "restart" düyməsini sıxmışdı. Heyrətlənirdim, demək ki, dünyada mənim kimi düşünən, mənim kimi xəyal quran, inanan, mübarizə aparan, məğlub olan, lakin nə olursa-olsun nə vaxtsa qalib olacağına bütün qəlbiylə inanan biri daha var idi. Sevincimə səbəb olan bütün bu saydıqlarımdan əlavə həm də o idi ki, mənim ruh əkizim inandığına çatmışdı, onun xəyalı, arzusu, məğlubiyyəti,  səhvləri, ən əsası inamı hal-hazırda mənim əlimdə idi. Əlif Şəfəqin "Ərəf" adlı romanında Gail adında bir qız həyatda rastlaşdığı hər şeydə işarə axtarır və bu işarələri xeyirə yozmağa çalışırdı. Mən də beləyəm, Tanrının hər zaman mənə işarələr göndərdiyini düşünmüşəm. Görünür, bu dəfə də Tanrı məni unutmamışdı. Hətta utanmasam deyərdim ki, Coşqun Kərimov bu kitabı mənim üçün yazıb. Mənə göndərilən bu "işarəni" bir gecəyə oxuyub bitirdim. Bəxtimdən növbəti gün bazar idi, yuxusuzluğumu konpensasiya edə biləcəkdim. Yuxudan ayılan kimi ilk işim kitabın müəllifini araşdırmaq oldu. Qardaşımdan soruşduqlarım qane etməmişdi. Və budur növbəti təəssüf... Kitabın təqdimatı bu yaxınlarda olmuşdu və mən bunu qaçırmışdım. Lakin bir neçə dəqiqə sonra təəssüf hissini təsəlli əvəzlədi, axı mən heç nəyi qaçırtmamışdım. Necə olmuşdusa o kitab özü gəlib məni tapmışdı.  Əsas səbəblər deyil, nəticələrdir. Müəllifin özünün də qeyd etdiyi kimi "Kvan"- həyatının işiylə məşğul olan və bundan məmnunluq duyan insanın yaşadığı sevinc hissidir. Kitabı oxuduğum o müddət ərzində mən də kvan hissini yaşamışdım, ürəyimdən xəbər verən cümlələri, əhvalatları oxuyarkən həyatımın işini görürmüşəm kimi məmnun idim çünki. Qardaşımın kitabı olduğuna görə xətləyə bilmədiyim yerləri (kitabı yazmaq hər nə qədər günah olsa da bu mənim adətimdir) telefonuma qeyd etdim.  Məsələn, "vərdiş varsa, sözün sonunda olduğu kimi iş də var" və ya " mükəmməl qiymətlər cüzi mükafatlar verir, mükəmməl səhvlər isə inanılmaz mükafatlar" kimi fikirlər diqqətimi çəkdi. Ola bilsin ki, buna bənzər fikirlər əvvəllər söylənilib, bu səbəbdən kitabı ciddiyə almayıb bir kənara atmaq olmaz. Çünki bu, hər gün dəfələrlə rastlaşdığımız məişət hadisələrində, oxuduğumuz həyat hekayələrində bir əlamət tapan, nəticə çıxaran və oxucularına ruhlanmaq üçün hekayə uyduran yazıçıya haqsızlıq olar. Kitabda, xüsusilə, mənim xoşuma gələn hissə yazarın "mənim kiçik təlimçim" adlı hissədə qızının soba sevgisiylə insanların əzmkarlığı arasında apardığı müqayisə və bənzətmə oldu.

Qısacası, belə bir kitabın yazılmasına, xüsusilə, azərbaycanlı tərəfindən yazılmasına çox sevindim. Nəticə etibarilə, bu gün fərqli oyandım yuxudan. Gümrah. Qulaqcıqlarımı taxıb, Frank Sinatranın "My way" mahnısını dinləyə-dinləyə bu gün "5 səhifə yazacağam" demədim, netbukumu götürüb bir kənara çəkildim və 5 səhifə yazdım!..

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!