Fevralın 10-da Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi qardaş Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət edib. Səfirliyin önündə zəlzələdə həlak olmuş insanların əziz xatirəsinə gül dəstələri qoyulub. Sonra yazıçılar Türkiyənin fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağcı ilə görüşərək, Türkiyədə baş vermiş təbii fəlakətlə bağlı başsağlığı veriblər. Səfir Yazıçılar Birliyinin rəhbərliyinə təşəkkür edərək, bu çətin və ağır günlərdə, Azərbaycan xalqının böyük dəstək nümayiş etdirdiyini bildirib.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar matəm kitabına ürək sözlərini yazıb:
“Qardaş Türkiyənin, canımız Türkiyənin başına gəlmiş bu müsibətdən sarsıldıq. Bu Türkiyəmizlə bərabər, Azərbaycanın da bağrına amansız təbiət tərəfindən saplanmış bıçaqdır. Türkiyənin dərdi bizim dərdimiz, Türkiyənin yaraları bizim yaralarımızdır. Zəfərdə bir yerdə olduğumuz kimi, kədərdə də bir yerdəyik.
Azərbaycan Yazıçılar Birliyi adından, bütün yazıçılarımız adından Türk xalqına, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana dərin hüznlə başsağlığı veririk. Əlimizdən gələn maddi və mənəvi yardıma hazırıq. Yaralılara şəfa diləyirik.
Hamımızın başı sağ olsun!
ANAR
Azərbaycan Yazıçılar Birliyinin sədri
10 fevral 2023”
ayb.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!