Axundzadəşünaslığa daha bir töhfə - Yeni nəşrlər

Ədəbiyyatşünas alim Şahbaz Şamıoğlunun milli dramaturgiya, realist bədii nəsr, professional ədəbi tənqid və ədəbiyyat nəzəriyyəsinin banisi Mirzə Fətəli Axundzadəyə dair növbəti monoqrafiyası işıq üzü görüb.
“Elm və təhsil” nəşriyyatında çap olunan “Mirzə Fətəli Axundzadə (müasirləri ilə əlaqələri və bədii yaradıcılığı)” monoqrafiyasının elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçiləri filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu və filologiya elmləri doktoru Baba Babayevdir.

Monoqrafiyanın birinci fəslində böyük ədibin Tiflisdən başqa, Bakı, Təbriz, Tehran, Peterburq, Paris və Londondan olan müasirləri ilə ictimai-ədəbi əlaqələri araşdırılıb. Müvafiq faktoloji materialların bolluğunu və elmi-metodoloji tələbi əsas götürən müəllif M.F.Axundzadənin müasirləri ilə əlaqələrini iki istiqamətdə - yeni əlifba uğrunda mübarizə sahəsində və “Kəmalüddövlə məktubları”nın çapı ilə bağlı çalışmaları çərçivəsində araşdırıb. Əsər ədəbiyyatşünaslığımızda M.F.Axundzadənin müasirləri ilə əlaqələrinin araşdırılması sahəsində ilk monoqrafik tədqiqat kimi qiymətlidir.

Monoqrafiyanın II fəslində M.F.Axundzadənin bədii irsi – şeirləri, komediyaları və nəsr əsərləri təhlil edilib. Monoqrafiyada ilk dəfə yazıçının “Aldanmış kəvakib” povestindən əlavə, elmi-ədəbi ictimaiyyətə son illərdə məlum olan, müvafiq olaraq ərəb və fars dillərində qələmə alınan “Hekayə” və “Qəribə hekayə” (“Fəqəreyi-əcibə”) əsərləri təhlil olunub. Müəllif bu fəsildə, həmçinin, “Kəmalüddövlə məktubları”nın janrı və üsubu məsələsinə yeni mövqe nümayiş etdirib.

Qeyd edək ki, elmi ictimaiyyətin ixtiyarına verilən bu əsər Ş.Şamıoğlunun M.F.Axundzadəyə dair üçüncü monoqrafiyasıdır. Bundan əvvəl müəllifin “Mirzə Fətəli Axundzadənin gürcü müasirləri” (2012), “Mirzə Fətəli Axundzadə (dövrü, elmi bioqrafiyası və müasirləşmə konsepsiyası)” (2016) əsərləri çap olunub. Ş.Şamıoğlu ümumilikdə 7 monoqrafiyanın, Azərbaycanda və xaricdə çap olunan 50-dən çox elmi məqalənin müəllifidir.  

modern.az

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!