Oman Sultanlığının nüfuzlu “Nizva” (Nizwa) ədəbiyyat dərgisi özünün 113-cü sayında Azərbaycan ədəbiyyatına geniş yer ayırıb.
Dərigdə görkəmli şərqşünas alim, prof.İmamverdi Həmidovun “Azərbaycan-ərəb ədəbi əlaqələri tarixi” məqaləsi, dok. Əhməd Saminin “Müstəqillik dövründə Azərbaycan ədəbiyyatı” yazısı, Xuşudbanu Natəvan barəsində yazı və şairənin qəzəlləri, Əzizə Cəfərzadənin “Daş oğlan”, Xalq yazıçısı Anarın “Asılqanda işləyən qadın” hekayələri, Səlim Babullaoğlu ilə “ Bizim ərəb mədəniyyəti ilə tarixi və dərin əlaqələrimiz var” başlıqlı geniş müsahibəsi (müsahibəni Məlahət Qəmbərova hazırlayıb), Səlim Babullaoğlu və Damət Salmanoğlunun şeirləri yer alıb. Dərgidə yer alan materialların bəziləri ərəb dilində yazılsa da, bir çox materiallar Əhməd Sami və Kamil Şərifov tərəfindən tərcümə edilib.
Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu bu hadisəni əlamətdar ədəbiyyat hadisəsi hesab edir: “Dərginin hazırlanması təşəbbüsü tanınmış Oman alimi, semiotik, doktor Aişə əd-Dərməkiyə aiddir. Aişə əd-Dərməki eyni zamanda Omanın tanınmış mədəniyyət adamı, ictimai xadim, Oman Sultanlığı Dövlət Şurasının üzvü, Mədəniyyət, KİV və Turizm komitəsinin rəhbəridir. O vaxtilə Oman Mədəniyyət Klubunun rəhbəri olub və biz bu klubla illər əvvəl əməkdaşlıq memorandumu imzalamış və bu əməkdaşlıq çərçivəsində “Dünya ədəbiyyatı” dərgisinin “Oman ədəbiyyatı xüsusi sayı”nı da nəşr etmişdik.
Bilirsiz ki, ötən il Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə görkəmli Azərbaycan şairəsi, Qarabağ xanlarının varisi Xurşudbanu Natəvanın 190 illik yubileyi keçirilirdi. Ona görə də bu sayda şairə barədə məqalə və onun şeiriyyatından seçmələri dərgiyə göndərdik. Sonra isə Anarın, Əzizə Cəfərzadənin hekayələri, prof. İmamverdi Həmidov və dok. Əhməd Saminin ədəbiyyatımızla və Azərbaycan-ərəb ədəbi-mədəni əlaqələri barədə maraqlı məqalələri, habelə müsahibə, Damət Salmanoğlu və mənim şeirlərim həmin sayda yer aldı. Materialların həcmi, janr, növ məsələləri ilə bağlı dərginin təkliflərini nəzərə aldıq əlbəttə.
“Nizva” ədəbiyyat dərgisində Azərbaycan ədəbiyyatına yer ayrılması, onun bu həcmdə təqdim edilməsi olduqca təqdirəlayiq haldır, biz bunu böyük məmnunluqla qarşıladıq. Mən doktor Aişə əd Dərməkiyə və dərginin baş redaktoruna bu gözəl təşəbbüslə çıxış etdiyinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi adından, eləcə də ədəbiyyatçılar və tərcümçəçilərimiz adından, şəxsən öz adımdan dərin minnətdarlıq hisslərimi çatıdırdım, rəsmi məktub göndərdim. Bu hadisə ədəbiyyatlarımızın və mədəniyyətlərimizin mübadiləsi və yaxınlaşması istiqamətində vacib addımdır, düşünürəm ki, ilk nümunə olmaqla həmişə xalqlarımızın ədəbiyyat tarixində əhəmiyyətli istinad yeri və mənbə kimi yadda qalacaq. Bütün alim və tərcüməçilərimizə- İmamverdi Həmidova, Əhməd Samiyə və xüsusən Kamil Şərifova dərin təşəkükr edirəm…”
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!