Şeirlər - Ceyhun Atuf KANSU

Görkəmli türk şairi Ceyhun Atuf Kansu 1919-cu il dekabr ayının 7-də İstanbulda ziyalı ailəsində anadan olub. On səkkiz yaşında ikən Ankara Qazi liseyini bitirib və İstanbul Universitetinin tibb fakültəsinə daxil olub. Tələbəlik illərində tibb ilə yanaşı, ədəbiyyata da böyük maraq göstərib. Şeirləri "Gənclik", "Ülkü", "Yücəl", "Millət", "İstanbul" kimi dərgilərdə dərc olunub.

Ceyhun Atuf Kansu "Bir çocuq bağçasında" (1941), "Payız süfrəsi" (1944), "Çocuqlar gəmisi" (1946), "Yanıq hava" (1951), "İyun dəftəri" (1955), "Yurdumdan" (1960), "Müstəqillik gülü" (1965), "Sakarya meydan müharibəsi" (1970) kimi şeir kitablarının müəllifidir.

Behcət Kamal Çağlar mükafatının laureatıdır.

DAĞ KƏNDİ

Mən

      bir gün

              bir dağ kəndində

görülə biləcək

       ən gözəl şeyi gördüm:

vadidən keçən dəmiryolu

par-par parıldayırdı,

çay kənarındakı

    bir vağzal

qatarı qarşılayırdı.

 

Mən

       bir gün

     bir dağ kəndində

duyula biləcək

        ən gözəl səsi duydum:

rüzgar

         yüzillik ağacların

ümid dolu,

yamyaşıl türkülərini

      gətirirdi...

 

Mən

      bir gün

   bir dağ kəndində

seyr edilə biləcək

     ən gözəl şeyi seyr etdim:

bir

      yaşıl çəməndə uzanıb,

      göy üzünə baxdım -

dünya yaranandan

     heç belə mavi olmamışdı...

 

Mən

      bir gün

    bir dağ kəndində

düşünülə biləcək

        ən gözəl şeyi düşündüm:

dedim,

    məktəbdi dünyamızı

        dünya edən,

budur,

      çırpınır

             sevdalı bir durna kimi

çocuqların önündə bir müəllim...

 

Mən

      bir gün

    bir dağ kəndində

kəşf edilə biləcək

            ən gözəl şeyi kəşf etdim:

kəşf etdim

          qayalardan sızan

                           sular nə deyir,

kəşf etdim

   niyə dağların hekayəsi

   qəhrəmanların hekayəsinə bənzəyir,

kəşf etdim

      niyə torpaq öz cövhərini -

yağışdan,

      qardan aldığını

              qurtdan-quşdan, insandan

                 gizləmir.

Mən

     bir gün

bir dağ kəndində

söylənə biləcək

    ən gözəl sözü söylədim:

üstünə

       Ay işığı düşmüş

                                   bir təpədə

canım-gözüm azadlıq

dayaq olmuşdu

göy qübbəsinə!..

YANIQ HAVA

Mavilər içində gördüm

        bir gün bənövşəni,

Bahar gəlmiş,

           başlamış eşqimin

       gül mövsümü.

Ulduz doğub,

             yol yaranıb

                    göy üzündə şövqündən,

O işıldar sevdasından,

               mən yanaram eşqimdən...

Onun üzündən, eyvah,

                   diyar-diyar dolaşdım,

Neçə-neçə yoldan keçdim,

              neçə-neçə dağdan aşdım.

 

Bir gün yenə onu

             bəyazlar içində gördüm,

Qəsdi nədi, bilməsəm də,

         könül verdim,

Beləsinə durna deyirlər

ellərin türküsündə,

Dümağ əlləri çarpazlanıb

    dümağ köksündə...

Eşqin dilini öyrənməyə

Qaracaoğlanın yanına varsam,

Dillər töksəm,

        güllər töksəm,

               röyasından oyandırsam...

 

Bir gün yenə onu gördüm,

                        pənbələr geyinmiş,

"Güllər içində gül mənəm" -

                            deyib öyünmüş,

Sarı saçları

            ağ üzündə

                        tel-tel olmuş,

Nə yemiş,

             nə içmiş,

                      belə incəbel olmuş?

Bir gün də

        baxdım ki, naçar olmuş,

Üz-gözündə

              qürbət gülü

                            açar olmuş,

Dedim,  gözəl,

         uğrunda nə diyarlar gəzdim,

Türkülər içində

               sənə yaraşan

                         türkünü yazdım...

Karvan qalxdı,

         kim bilir,

        haralara yol aldı,

Arxasında

eşq deyilən

       yanıq bir nəğmə qaldı...

LUMUMBA

Aldandın sən, Lumumba,

aldandım mən.

Aldatdılar

     ümidimizi və gələcyimizi.

Bunu mən -

Qurtuluş savaşı çocuğu-

bilməliydim,

çünki

    görmüşdüm

          dünyanın dönük üzünü,

yəni,

      İzmirdən Ankaraya

              yanğınların alovunda

çocuqların iniltisini,

anaların acısını...

 

Aldatılar səni, Lumumba,

aldadırlar hamımızı.

Məzlum xalqların

mis,

     uran,

          qızıl dolu boşqabları

Belçika süfrələrindədi...

 

Aldandın sən, Lumumba,

aldandım mən.

Aldatdı,

aldatdı bizi

qəzetlər,

televiziyalar...

Qərb...

Nə imiş Qərb?

Bir istismar səltənəti...

Verən əl - qabar-qabar,

verən əl - damar-damar,

alan əl - yumşaq

                    və hiyləgər...

 

Aldatdılar səni, Lumumba,

aldadılar məni.

Güclüdür

            o hakimlər,

məcburuq aldanmağa,

əliboş dönürük

     müstəqillik bazarlarından...

Oyandığını duydularmı,

raketlərlə gəlirlər...

Vurdular səni, Lumumba,

vurdular bizi -

isti qanımız axdı

          Afrika gecələrindən...

Güclüdür onlar,

                       Lumumba,

güclü.

Yoxsulluq

    hər yerdə laldır.

Amma Konqo zəngindir,

                            çox zəngin.

Əlimizdən nə gəlir?

Aldanırıq

     Asiya da,

          Afrika da,

               Cənubi Amerika da,

aldanır

          perulu oğlan,

                     vyetnamlı qız

və sən - Lumumba -

bədəni dəlik-deşik,

                    zənci qardaşım...

DÜNYANIN

BÜTÜN ÇİÇƏKLƏRİ

"Mənə dünyanın bütün çiçəklərini gətirin..."

Bir kənd müəlliminin

son sözləri

 

Dünyanın

       bütün çiçəklərini deyirəm,

bütün çüçəklərini

                          gətirin bura.

Çocuqları gətirin,

qayaların dibində bitmiş

                     zambaqlara bənzər

bütün kənd çocuqlarını

                              gətirin bura .

Onlara

        son türkümü söyləyəcəm,

onlara son dərsimi deyəcəyəm

və sonra öləcəyəm...

 

Dünyanın

         bütün çiçəklərini deyirəm,

dağ və aran çiçəklərini,

taleləri taleyimə bənzəyən...

Kimsəsiz yerlərdə açarlar,

heç kəs tanımaz onları,

geniş ovalarda

                     qeyb olar ətirləri...

Məmləkətimin 

                   adlı, adsız çiçəkləri,

hamınızı,

              hamınızı istəyirəm,

torpağı necə örtürsünüzsə,

gəlin,

      gəlin, eləcə örtün məni...

 

Dünyanın

         bütün çiçəklərini deyirəm,

Afyon ovasında açan lalələri,

bacımın suladığı qərənfilləri,

çobanyastıqlarını,

                          həmərsinləri,

peyğəmbər çiçəyini də unutmayın,

hamısını, hamısını...

Hamısını

           bir yerdə

                        iyləmək istəyirəm...

Gətirin,

     dünyanın bütün çiçəklərini

                                        gətirin...

 

Dünyanın

         bütün çiçəklərini deyirəm,

baharda

      Poladlı yaylalarında açan,

payız gəldimi,

            Kopdağına köçən,

Muşun dolaylarından,

                   Ağrının ətəklərindən

yurdumun

            bütün çəmənlərindən

çiçək gətirin,

         çiçək gətirin,

                       örtün məni,

qorxmuram,

          qorxmuram ölümdən...

 

Dünyanın

       bütün çiçəklərini deyirəm,

ölüm nədi -

divar uçdu, altında qaldın,

yay-qış

          bir şey söylər torpaq.

Pis gün gördüm,

                       dərd çəkdim,

amma 

      yurdumun çiçəklənməsi üçün

                                          yaşadım,

çapdığım qayalar bunu bilir,

gətirin

         dağın-aranın

                        bütün çiçəklərini,

gətirin,

          örtün məni...

 

ÇOCUQLUQ EŞQİ

Düşün,

            düşün ki, anam,

                        mən hələ çox kiçiyəm,

ilıq əllərimdən tut,

                        yanınca apar məni.

Oyuncaq dükanında

        böyük, mavi bir gəmi gördüm,

köpükdən,

           köpükdən idi yelkəni...

 

Bir bu rəng-rəng toplara bax,

                    nə gözəl, nə qəşəng,      

yola saldığım bayramlar

                        bir-bir geri dönür.

Toppuş əllərimdə

                        bər-bəzəkli çələng,

enir yoxuşdan çocuqluğum,

                              sənə sarı enir...

 

Qan deyil,

            zəfər çağlar

                        mənim savaşlarımda,

ölsə,

      hürriyyət uğrunda ölər

                                      əsgərlərim...

İnsanlığın cənnəti -

                   şəffaf göz yaşlarımda,

yeni bir bahar çağını

                            gətirəcək zəfərim!

Qorxma,

      qorxma, qaçmaram mən,

                        çubuq atımla dağa,

Qılıncım hardadırsa,

                             ordayam mən.

Hansı quş

          istəyər

                  yuvasından köçməyə,

vətən - anadır,

                   ana da - vətən!

 

Qırılır,

       bütün gözəl oyuncaqlar

                                               qırılır,

çocuq qəlblərindənmi

                        düzəltmişlər onları?

Oyun bitir...

            Amma sonra xatırlanır

ən dadlı,

            ən şirin olanı...

Anam,

       hansı oyuncaq dükanında

                        satılır o nağıldakı qız?

Altun qəlbimi verib,

            mən onu almaq istəyirəm

                                               yalnız!

TÜRKÜ

Öt,

    gözəl sərçəm, öt,

                        ot yaşılı yuvada.

Səhərin səsini

                        eşidim səndən.

Türkünlə bərabər

                     gir pəncərəmdən,

Nə oyun oynarsan,

                   oyna rəngli xalıda.

 

Uç, uç budaqlardan,

                                yanıma gəl,

Gəl, gözəl sərçəm,

                 gəl, böyürtkənliklərdən,

Dibçəklərim bütün dibçəklərdən,

Çiçəklərim

                bütün çiçəklərdən gözəl!

 

Bir dəli sevinc...

                          çocuq sevinci...

Toy-büsat qurur budaqlarda

                               gözəl sevinc!

Ruhum bir bulaqdır,                          

çinar yarpaqlarıyla

                                toxunub içi,

əyil,əyil, iç,

 

Qanadlarında

            səhəri uçuran o gözəl quş,

türküsüylə köçmüş

                                uzaq yerlərə...

Ey könül,

            vida et bu bahar

                                   o cəhcəhlərə,

Sənin pəncərəni

               sənin sərçən unutmuş...

GİZLİ GECƏ

Bu gecənin gözəlliyini

                        kimsə dilə gətirməz,

tək-tək saydığım

                        ulduzlardan başqa.

Ulduzlar

            eşqimizin

                        şahidi və dostlarıdı,

duydularsa,

            onlar duydular,

bir də biz duyduq

                        söylənənləri,

bir də biz gördük

                        bir-birimizi...

Bu gecənin gözəlliyini

                          kimsə bilməz,

səndən,

məndən,

bir də

     buludların arxasında

         gizlənən ulduzlardan başqa...

 

QAYANIN ÜRƏYİ

Mən bir qayayam,

                              bir qaya,

sellərin

      zaman-zaman axdığı

                        dağ yollarında.

Rüzgarlar,

             sərt rüzgarlar,

                          acı rüzgarlar,

bezmərəm,

       hansı yöndən əssəniz də.

Yağmurları

         gəlib-keçən mövsümlər,

əksilmərəm bir qum qədər də.

Hikkəniz

            qımıldatmaz

                        məni yerimdən,

nə var ki,

            bu ürək burda oyulub...

Qulağım sizdə -

       səhərə qədər dinlərəm sizi,

əsin,

yağın,

zərrə qədər də qorxmuram,

mən bir qayayam,

                    bir qaya,

                           dağ yollarında...

 

Səhər-axşam

                     burdayam, burda!

Tərcümə: DİLSUZ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!