Dünyanın səs muzeyi, söz səltənəti, bənzərsiz abı-havası, əsrarəngiz təbiəti, misilsiz mədəniyyəti ilə xalqımıza zaman-zaman başucalığı gətirən, bu gün bizə göz dağı olan, bağrımızı parçalayan Qarabağ haqqında yüzlərlə şeirlər yazılıb. Tahir Taisoğlunun "Qarabağ" şeiri də xüsusilə, seçilir. Qarabağ yarası, ağrı və acısı ilə bu vətəndaş şairi göyüm-göyüm göynədir. Qarabağ itkisi onu məngənə tək sıxır:
Qarabağım, Qarabağım
Uca dağlı, sıx meşəli
Qoşa bağım! Hara gedim,
Hara baxım?!
Qəlb göynəyir, baş ağrıyır.
Gözlərimdə yaş görünmür
Ürəyimə bağladığım daş ağlayır!...
Tahirin şeirləri içərisində "Həqiqətin işığı" şeirini həyəcansız oxumaq olmur. Şairin mühakiməsi çox dolğundur. Həqiqətin üzünə kişi kimi düz baxan Tahir Taisoğlunun amalı, əqidəsi büllur su kimi saf, təmiz olan, siqlətli şair zirvəsinə ucalmaq istəyir, həqiqətin sifətini cilalayır. Həqiqət nə olduğuna işıq salır:
Haçadır qaranquşun quyruğunun ucu,
Bəlkə ona görə də uçur!
Arada-bərədə fırlanır.
İlanın dili də haçadır.
Dilinin haçalığı ilə təhlükəni duyur,
Eşidir səsi,
Hiss edir yad nəfəsi...
Tahir Taisoğlu bu haçalanmağı, ikiləşməyi dünyanın, insanların timsalında mənalandırır. Mənanın yeddi rəngini yeddi min yerə yozur. Yaxşı, pis, əyri, düz, qara, ağ kimi fəsadlı həyat tərzini oxa tutur: Yolların ağında ya da qarasında alışıb-yanan, söndürən, sönən insanın əlinin alış-veriş yavasına dönən qara siqlətini aşkarlamağa çalışır:
Dünyanın da haçalanmağı, bölümü var,
Həyatı, ölümü var!
İnsanların da ikiləşməyi,
Ölümü olur,
Yoxsa yaşaya bilməzlər onlar
Bir əli ilə verir
Bir əli ilə alır.
Haçalanır əlləri,
Haçalanır əməlləri.
Gah yaxşılığa uzanır
Gah kişiliyə.
Sevincin, kədərin,
Qaranın, ağın,
Əyrinin, sağın.
Arasındadır insan.
Yollarının ağında,
Qarasındadır insan!
Sonra şair haçalanmaq termininə bir qədər də geniş, düşündürücü məna verir. Oxucunun haça həqiqətini ünvanına yönəldir. Həyatın da ikiüzlü, namərd, zorlu və zorsuz, təlatümlü olmasına insan da poetik inam yaradır.
Şairin təbirincə desək, çay çayı yeyir. Dənizlər çayları, yollar cığırları, dağlar təpələri, gündüzlər gecələri, yerlər göyləri sağır. Dünya da axır bizləri yeyir. Sağ ikən ölüyə dönürük və s... Bizə əsr-əsr, zaman-zaman göz dağı olan Arazı Kür çayı balaca qara balıq kimi udur. Özü ilə birlikdə bu qədim çayı Xəzərə yem edir. "Azərbaycan xəritəsi önündə" dayanıb, dünyanı bu sirri-yuvasına məzlum-məzlum baxan, gəlimli-gedimli həyatın sehrinə dolan şair fikir-fikir əriyir. Yoxluğa doğru əl açır. Bir ovuc artıq ömür diləyir. Arazla Kürün timsalında bu məlum və qeyri-məlum həqiqətləri dəvəyə duz yükləyən kimi ömrünə yükləyir:
Araz çayı gəlib, gəlib,
Kürlə birləşəndən sonra,
İki çayın adı bir olur,
O da Kür olur.
Elə bil ki Kürdə boğulur Araz, yox olur.
Yaxud davam edir Kür,
Çay boyu Kür adi görünür.
Çay çayı yeyir, çay çayı yeyər!
...Əgər...
"İslanır" şeirində şair daha nigarandı. Oğlundan, Şuşadan, külli Qarabağından... Söz içindən söz axtarır. Ocaq sönür, sönür köz axtarır. Otağı istidir. Az-çox süfrəsində yeməyi var. Ancaq fikir-xəyal onu fır-fır fırladır. Şairə elə gəlir ki, dünya bom-boşdu. Yolların sifəti Şuşada buz bağlayıb, Cıdır düzü Qacarın, Vaqifin, Qasım ağanın kəsilmiş başları altında hələ də qan içindədir. Külək əsir, soyuqdur.Buz bağlamış qırovlu külək kimi pəncərəni döyəcləyir.Bir ovuc quru yer yoxdu, orda da bir ayağı üstə oturub canını isindirsin. Onu islandıran bəlkə Qarabağın gecə- gündüz yağan şıdırğı yağışı, dolusudur. Ona elə gəlir ki, dünya indicə yağış selində boğulub, sərçə kimi öləcək:
Yollar şar kimi qırışıq,
Zaman da qarmaqarışıqdır.
Otağımda isti işıq,
Oğlum bayırda islanır...
"20 Yanvar" uzanır,
Bu şəhərin səbri yanır,
Şəhidlərin qəbri yanır,
Ağrım bayırda islanır.
Şairin hər bir şeiri dolğun məzmunlu, fəlsəfi qayəlidir. Onun söz köhləni hər an şahə qalxıb, sərt yoxuşları əridə bilər:
Gözlərinə baxa-baxa
Çıxdım gecədən sabaha,
Nə bağrımdan qopan aha,
Nə dərdimə baxan oldun.
Şad olardı qəlb yarıyla,
Ağaclar da öz barıyla.
Niyə eşqin sularıyla,
Sən hər yana axan oldun?!
Tahir Taisoğlunun "Ola-ola yox olan adam" şeiri olduqca ibrətamizdir, oxucunu dərhal ələ alır. İçini yeyə-yeyə özünü yeri gəldi, gəlmədi, öyə-öyə, müştəbehlik yabısınımahmızlaya- mahmızlaya yüngül, şit, bayağı, düşük sözlərlə baş qatan adamları söyüd ağacdan quruyub düşən yarpaqlara bənzədir. Şair haqlı olaraq elələrini ola-ola, yox olan adam sayır. Elələrini cəmiyyətə, insanlığa ağır yük hesab edir. Onların iyrənc portretlərini qara rənglə çəkir; o sayaq ünvanları dolaşıq, yolları daş-kəsəkli, özləri yaramaz, sifətləri padoş, gönündən qalın olur:
Öz içini yeyə-yeyə "yaşadı".
Öz qanını içə-içə yaşadı.
Qarıdı.
Bir gün gördü
Həyat keçib, qatar kimi
Qarşıdakı "dayan"- deyə bağırdı.
Şeirin məna çalarları aydındır. Şair həyatın yükünü saman çöpü kimi daşıyan, başdan soyuq, ağıldan kəm olan adamların son günlərini fəlakət sayır. Tənhalıq içində öz- özünü yeyib qurtaran, sümükləri ilə qəbrini qazan belə tərkidünya adamları acınacaqlı şəkildə lənətləyir.
Tahirin ana haqqında yazdığı şeirlər onun özü kimi kövrək və duyğuludur:
Pərişan, nigaran olma bu qədər,
Mənə bu dünyada nə ola bilər?!
Elə ki, bəd nəzər haqlayır məni,
Sənin duaların saxlayır məni...
...Kimsə saxlayanda məni yolumdan,
Xəyalın yapışır, tutur qolumdan!
Elə ki bəd nəzər haylayır məni,
Sənin duaların saxlayır məni.
Bilirəm, dünyada nə qədər sağsan,
Məni də qoruyub saxlayacaqsan.
Şair Şuşa yasını, Ağdam ağrısını çətin çəkir. Ram olmur.Mənfur düşmənə qalib gələndən sonra Şuşanın sal daşlarını, gülünü, çiçəyini göz yaşları ilə sulamaq həsrətindədir. Üzünü Bağırqan qayasına sürtüb Vətən harayına ucalır. Təkrar-təkrar "qorumadıq səni, Şuşam"-deyə-deyə inləyir. Şuşa itkisinə inanmaq istəmir. Və bu milli yaramıza yas tutur. Bu bəşəri faciəni- yuxu kimi yozur."Segah"dan, "Şikəstə"dən, dürlü-dürlü poetikləşən, möhtəşəm Qarabağı, Xarı Bülbülü, azad görməyincə təsəlli tapa bilməyəcəyini ömür-ömür, şeir-şeir poeziya qanı ilə rəngləyir.
Çəmənlərin, çiçəklərin
Nə gündədir,
Bu gün Şuşa?!
Başın üstə buludların
Çox dolanır
Çin-çin Şuşa,
Bu nə gündür,
Nə düyündür.
Şuşam mənim?!
Ürəyini, həqiqətini
Hey doğrayır,
Dişim mənim!
Tahir Taisoğlu bir şair kimi daxilən zəngindir, poetik inamlıdır. Şeirin həm dərin ağrısını, həm də sevinc notlarını cilalamağı yaxşı bacarır.
Tahir Taisoğlu bədiiliyi lövhələr çəkir. Sözün rəngini duyur. Dünyanın ən uzun ömrün neməti şeirdir.
Tahir Taisoğlu xoşbəxt şairdi. Onun şeirləri əsl şair ürəyindən kök atan, milli, bəşəri motivlər üzərində rişələnən, rübab kimi çalınan bizə zövq verən, duyğu və düşüncələrimizi, çiçəkləndirən poetik məna ilə dolğun, kitab-kitab oxunan, işıq-işıq parlayan söz çələngidir. Onun poeziyası ruhumuza çiçək yağışı kimi qoxu çiləyəcək!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!