Orxan Vəlinin Nahit xanıma məktubları
Nahit Gelenbevi Fıratlı Damar (1909-2002) türk ədəbiyyatındakı bir çox şairlə (Can Yücel, Səbahaddin Ali, Edip Cansever, Necib Fazil Kısakürek, Cahit Sıtkı Tarancı, Orxan Vəli, Ece Ayhan, Turqut Uyar, Cemal Süreya) qurduğu yaxın dostluq və sevgi münasibətləri ilə tanınmışdır. Ədəbiyyat tarixinə isə Orxan Vəli ilə yaşadığı əfsanəvi eşq münasibətilə daxil olmuş, yaddaşlara "Orxan Vəlinin sevgilisi Nahit xanım" kimi hopmuşdur. Aralarındakı münasibət 1950-ci ildə şairin ölümünə qədər davam etmişdir. O, həm də Orxan Vəlinin şeirlərinin ilk oxucusu idi. Şair "Eşq rəsmi keçidi" adlı məşhur şeirində də məhz Nahit xanımı təsvir etmişdir:
"Hiç birine bağlanmadım
Ona bağlandığım kadar
Sade kadın değil, insan
Ne kibarlık budalası
Ne malda mülkte gözü var
Hür olsak der
Eşit olsak der
İnsanları sevmesini bilir
Yaşamayı sevdiği kadar."
***
Nahitim!
İstanbul olduqca gözəl şəhərdi. Amma mənim nəzərimdə gözəl və çirkin şəhər yoxdur. Sadəcə, sənin olduğun, sənin olmadığın şəhər anlayışı var. Belə ki, son məktubunda mənim Ankaraya gəlməyim haqqında danışarkən yəqin ki, nə vaxtsa mütləq gələcəyimi vurğulayırsan. Ankaraya qarşı xüsusi rəğbətim olmasa da, bu dediklərini oxuduğum andakı halımı təsəvvür edə bilməzsən. Səni görmək üçün hansısa şəhərə gəlirəm, görürəm və ömrümün sonuna qədər mənim yanımda olursan. Çox əcaib, amma çox xoş hissdir bu.
Həyatımda çoxlu sayda sevincli günlərim olub. Fəqət hamısından gözəl, hamısından sevincli ola biləcəyinə ümid etdiyim bircə gün olacaq. Həmin gün səninlə, həm də heç zaman ayrılmayacaq kimi yaşayacağımıza inanacağım gündür. Belə bir günün gələcəyi sənin ağlına gələ bilməz. Doğrusu, mənim də həmçinin. Amma həyatda bundan başqa heç bir istəyim yoxdur. Bu gün sənə də, mənə də qeyri-mümkün görünən xoşbəxtlik günlərin birində gerçəkləşərsə, bütün ömrüm boyu baş verən itkilər üçün kədərlənməyə həmin andan son qoyacağam. Təkcə həmin sevinc mənə orta həddə yaşamaq üçün kifayət edəcək. O böyük, o yeganə səadət üçün Allaha, taleyə, ya da nəyəsə inanmaq lazımdırsa, inanmaq istəyirəm. Səni nə çox sevirəmmiş... Sənə nə qədər bağlı imişəm, heç demə bütünlüklə səndən ibarət imişəm. On ildən bəridir sənin üçün az qala dəli olduğum vaxtlar olub. Bütün bunlara baxmayaraq, səni sevmək üçün bu on illik zaman nə qədər az imiş - indi başa düşürəm. Bəlkə bu məktublarım, bu sətirlərim sənə qəribə gəlir. Amma əmin ol, azacıq da mübaliğə etmirəm. Əksinə, könlümdəkilər yazdıqlarımdan daha böyük, daha əzəmətlidir. Bəzi zamanlar, ən çox da kədərli anlarımda səni niyə tanıdım deyə düşünür, əsəbiləşərdim. İndi də eyni şeyi düşünür, amma başqa duyğular yaşayıram. Yaxşı ki, səni tanımışam. Səni tanımasaydım, həyatımda bu cür sevgi olmasaydı, həyatım boşluqla dolu olacaqdı. Həmin boşluqdan ancaq öz içimdəki sevmək qabiliyyəti ilə qurtula bilməzdim. Çünki heç kəsi səni sevdiyim qədər sevə bilməzdim. Heç kim sənin qədər gözəl, sənin qədər yaxşı, sənin qədər mükəmməl, sənin qədər mənim ola bilməzdi. Bu kəlmələr duyub düşündüklərimi o qədər adiləşdirir ki, təsəvvür belə edə bilməzsən. Bayaq Allaha inanmaq haqqında danışdım. Allaha inanan insanların necə inandıqlarını, necə sevdiklərini bilirik. Hər halda mən səni daha çox sevirəm. Daha çox da inana bilərəm.
Yeni şeirlər yazıb-yazmadığımı soruşursan. Olsaydı, göndərərdim. İnsan bəzən bu cür susqunlaşır.
Eyni zamanda şeir haqqında düşünmədiyimi də deyə bilmərəm. Bu yəqin ki, daha böyük bir dövr üçün hazırlıqdır. Yaxın günlərdə yeni şeirlər yazacağıma ümid edirəm. Onsuz da son şeirlərimi yazarkən də böyük bir həmləyə hazırlaşırdım. Hələlik əlimdə başqa bir iş var. "Varlık" yayınları üçün Fransız şeir antologiyası hazırlayıram. Bu səbəbdən də ancaq ədəbiyyat tarixinə dair kitablar oxuyuram. Buna baxmayaraq bu iş məni şeirdən uzaqlaşdıra bilməz. Əksinə, fransız şeirlərini oxuduqca mütəmadi olaraq şeir haqqında düşünürəm.
Nahitim, məktubu evə yollayarsan. Çünki İstanbula gedə bilmirəm. Hər gün getmək baha başa gəlir. Qazanc mənbələrim məhdudlaşıb. Halbuki İstanbula məktub gəlmiş olduğunu düşünüb onu ala bilməməyə məhkum olmaq böyük əzabdı. Ehtiyat üçün sənə ev ünvanımı yazıram.
… Məni sevindirəcək, xoşbəxt edəcək xəbərlərini gözləyirəm. Səni unuda bilmirəm. Sənsiz dayana bilmirəm.
Orxan Vəli
15 iyul 1947
***
Nahit!
Bir həftədən çoxdur sənə məktub yazmışam. Bu günə qədər cavab alacağımı düşünürdüm. Bəlkə susqunluğun incikliyindəndir. Elədirsə, çox mütəəssir olaram. Çünki zənnimcə, sənin məktublarına ehtiyac duyduğumu demişdim.
Deyəsən, Ankaraya gəlməyimin bəzi şərtlərlə mümkün olduğunu yazmaqla səni müşgül vəziyyətə salmışam. Bəlkə də bu səbəbdən yazmamısan. Amma nə lüzum var ki? Mənim Ankaraya gəlməyim vacib deyil axı. Yəni burada qalsam, mənimlə dostluğun davam edə bilməz? Dostluq dedikdə yoldaşlığı nəzərdə tutmuram. Əvvəldən bəri mövcud olan dostluğumuz. İnan ki, dünyada heç nədən zövq ala bilmirəm. Bütün bu əzablı günlər içində ancaq səni axtarıram. Bir müddət buna dözərəm. Bilirəm, bu heç cür düzəlməyən bədbin hava artıq səni bezdirib.
Amma nə edim, dəyişə bilmirəm. Bu cür zəif iradə ilə həyatdan zövq ala bilmək ancaq möcüzə sayəsində mümkün olacaq. Mən əsgərlikdə olarkən bir məktub yazmışdın. Məktubda "Bəs bizim möcüzə gözləməyə haqqımız yoxdu?" deyirdin. Onsuz da deyəsən, bizim bircə o haqqımız qalıb. Bəlkə də bir gün bu əzablardan yorulub üsyan edərək bu cür möcüzənin gerçəkləşməsinə nail ola bilərik. Hər halda bu məktubum sənə çatdıqda cavab yaz, Nahit. Heç olmazsa, bir-iki kəlmə yaz. İstəsən məndən küs. Əvvəllər olduğu kimi gileylən. Səsini duymuş kimi olum.
Səndən cavab alana qədər heç nə yazmayacağam. Daha doğrusu, yaza bilməyəcəyəm. Çünki həyatım hisslərimdən ibarətdir. Nə danışa bilərəm axı? Bilirsən, bir ildir şeir yazmıram. Bu günlərdə bir şeir yazdım. Onu sənə göndərirəm. Fəqət, bunu oxuyarkən vəziyyətimi düşünməyə çalışma. Şeir budur: (Hələ adını qoymamışam.)
Garibim
Ne bir güzel var avutacak gönlümü
Bu şehirde,
Ne de bir tanıdık çehre;
Bir tren sesi duymaya göreyim,
İki gözüm,
İki çeşme.
Dediyim kimi, məktubunu gözləyirəm, Nahit. Gözlərindən öpürəm.
Orxan Vəli
(Ancaq səni axtarıram. )
***
Canım Nahitim!
İlk dəfədir ki, səndən məni məmnun edən məktub aldım. Xəstəliyinə görə isə kədərləndim. Amma madam ki, sağalmısan, rahatam. Keçmiş olsun. Sənə məktub yazmağımı "zəhmət çəkmək" kimi hesab etməyinə heyrətləndim. Düşünürəm ki, keçən dəfəki məktubumda vəziyyətimi izah etmişdim. Məni yuxuda görmüsən - sevindim. Demək, hərdən də olsa məni düşünürsən.
Qəm-qüssəmi sıxıntılı olmağıma yozursan, amma bu sıxıntının səbəbi sevgi deyil. Hər dəfə vurğuladığım kimi, "sevgi" dedikdə səndən başqa heç kim haqqında düşünə bilmirəm. Aşiq olub-olmadığını soruşduqları zaman "bəli" deyə cavab verməyinə nə məna verəcəyimi bilmirəm. Bəlkə də həmin cavabı verdiyin insan bunu özünə ünvanladığını düşünüb. Sualı verənin kim olduğunu bilsəm, bir nəticəyə gələrdim yəqin.
Fehamet xanımın evində şeirlərimi oxumağında pis heç nə görmürəm. Əleyhimə danışan kimlər idi? Bu sualı əleyhimə danışmalarını mühüm hadisə hesab etdiyim üçün soruşduğumu düşünmə. Səbahaddin (Ali) burada nə vaxta qədər qalacaq? Hər halda gəldiyi zaman görərəm. Yəqin ki, aramızda narazılıq yaradan heç nə baş verməyib. Sevgi məsələsindəki fikirləri ilə məni səndən uzaqlaşdırması məsələsinə gəldikdə, heç də elə olduğunu düşünmürəm. Məni heç kəs səndən uzaqlaşdıra bilməz.
Kitabımın çap olunduğunu yenə başqalarından eşitmisən. Amma yenə səhv eşitmisən, çünki kitabım (yeni kitabım) hələ bu gün çıxır. İlk nüsxəni dünən axşam götürüb sənin üçün imzalamışam. Bu gün bu məktubla birlikdə poçtla göndərəcəyəm. İt-bat olmaması üçün ayrılıqda göndərmək istəyirəm. Belə olan halda ola bilər ki, məktubumdan bir gün sonra gəlib çatsın. Nəfis hazırlanması xüsusundakı istəyin xoşuma gəldi. Nəşr işləri ilə özüm məşğul oldum, yaxşı alınması üçün çalışdım. Zənnimcə, çox pis deyil. Sənin xoşuna gələcəkmi, bilmirəm. Fikrini öyrənmək istərdim. Haralarda çap olunduğumu soruşursan. Bir-iki yerdə - "Varlıq", "Tanin", "Zincirli hürriyyət"də. Sonuncunun ilk nömrəsi bu gün İzmirdə çıxacaq. Amma deyəsən, "Tanin"lə yollarımı ayırmalı olacağam. "Məmləkət" qəzetinə yazmağımı istəyirlər. "Tanin" az pul verir. Yaxşı ki, ora üçün az yazmışam - cəmi iki yazı. Məndən çox şey gözlədiyini deyirsən. Bu günlərdə şeirdə yenilik etməyi mən də istəyirəm. Zənnimcə, son günlərdə yazdığım şeirlər o qədər də pis deyil. Bununla belə, daha böyük, daha möhkəm təkan lazımdı. İnşallah, olacaqdır.
Məni görmək istəyinə həm sevinir, həm də kədərlənirəm. Mənim səndən ötrü nə qədər darıxdığımı təsəvvür belə edə bilməzsən. Ağlımda, fikrimdə ancaq sənsən. Sənsiz yaşamaq mənə həqiqətən çətin gəlir. "Bir çarə fikirləş" deyirsən. Elə bilirsən, fikirləşmirəm? Ancaq o barədə düşünürəm. Neçə dəfə "Mənə səni daha çox hiss etdirəcək nəsə göndər" dedim, amma göndərmədin. Həsrətlə öpürəm.
Orxan Vəli
Türkcədən uyğunlaşdırdı: Xatirə NURGÜL
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!