Lətif Kərimov “Xalq əmanəti” layihəsinin 22-ci nəşrində - FOTOLAR

 

"Xalq" Bankın "Xalq Əmanəti" layihəsinin 22-ci nəşri Azərbaycanın Xalq rəssamı Lətif Kərimovun "Azərbaycan xalçası" kitabına həsr olunmuşdur.

Azərbaycan və ingilis dillərində hazırlanmış bədii albom L.Kərimovun 1961-ci ildə Leninqrad şəhərində çap olunmuş "Azərbaycan xəlçəsi" kitabının əsasında yenidən nəşr edilmişdir.

Dekabrın 2-də Bakıda görkəmli rəssamlar, ziyalılar və digər incəsənət təmsilçilərinin iştirakı ilə yeni nəşrin təqdimatı keçirilmişdir. Gecədə çıxış edənlər kitabın xalça sənətinin tədqiqatçıları üçün dəyərli mənbə olduğunu, Azərbaycan təsviri sənətinin çağdaş dünyada tanınmasında xüsusi əhəmiyyət daşıdığını qeyd etmiş, bütövlükdə "Xalq Əmanəti" layihəsinin milli irsin qorunmasında rolundan danışmışlar.

Kitabın təqdimat mərasimini tanınmış telejurnalist Dilarə Səlim açaraq bildirdi ki, L.Kərimovun "Azərbaycan xalçası" əsəri yeni nəşrdə öz məzmun və əsas quruluşunu saxlayıb: "Hər birimiz uşaqlığımızdan evimizdə xalça görmüşük. Doğma evimizin divarlarından asılanı da olub, döşəmədə üzərində iməklədiyimiz, ilk qədəmlərimizi atdıqlarımız da. Lətif Kərimov isə bu sənətin elmi əsaslarını yaratdı, mədəniyyətimizin incisi olan xalçanın fəlsəfəsini bu sahəyə gətirdi. Xalça sənəti Lətif Kərimovun özündən sonra bizə yadigar qoyduğu əmanətdir".

Xalq rəssamı, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov bildirdi ki, Lətif Kərimovun "Azərbaycan xalçası" kitabı çox nəfis, görkəmli sənətkarın adına layiq şəkildə nəşr olunub: "Lətif Kərimov fantastik, unikal xarakterə malik bir şəxsiyyət idi. Onun kimi istedadlı insanlar barmaqla sayılacaq qədər olardı. O, eyni zamanda xalça sənətini incəsənətin və elmin ayrıca bir sahəsi olaraq ilk dəfə hərtərəfli araşdıran dərin tədqiqatçı və alim idi...".

Xalq rəssamı Eldar Mikayılzadə bildirdi ki, Lətif Kərimov 20 il ərzində Azərbaycan xalçaçılıq məntəqələrində 1300 xalça elementi toplamışdır: "Biz xalçaçı rəssamlar bütövlükdə Lətif Kərimovun yetirmələriyik. Onun əkdiyi toxumun bəhrələrini dərmişik, ondan öyrənmiş, ondan bəhrələnmişik".

Sənətşünas, professor Kübra Əliyeva Lətif Kərimovdan sənətin həm özünü, həm də onun tarixini, nəzəriyyəsini dərindən araşdırıb, fəlsəfəsini yaradan şəxsiyyət, mədəniyyət fədaisi kimi söz açdı. Vurğuladı ki, xalqımızın sevimlisi Mehriban xanım Əliyeva xalçaçılıq sənətimizin dünyada tanıdılması üçün xüsusi diqqət və qayğısını əsirgəmir. Həmişə onun qayğısını hiss edirik. Bu diqqət və qayğı sayəsində işıq üzü görən nəşr Lətif Kərimovun xatirəsinə qoyulmuş abidə kimidir.

Xalq rəssamı Aydın Rəcəbov qeyd etdi ki, Lətif Kərimov xalçaçılıq sənətimizin korifeylərindən biridir. "Onun xatirəsini əziz tutduğu, belə bir nəşri reallaşdırdığı üçün "Xalq" Bankın rəhbərliyinə minnətdarlığımı bildirirəm: "Lətif Kərimovdan sonra xalçaçı alim yetişdirmək çox çətindir. Sevinirəm ki, onun Məmmədhüseyn Hüseynov kimi ardıcılları ustad sənətkarın yolunu ləyaqətlə davam etdirir".

Əməkdar incəsənət xadimi, "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri  Emin Məmmədov Lətif Kərimovun "Azərbaycan xalçası" kitabının yüksək səviyyədə nəşrinə görə "Xalq" Bankın rəhbərliyinə dərin təşəkkürünü bildirdi.

Görkəmli sənətkarın ailə üzvləri adından nəvəsi Əfşan Rzayeva çıxış edərək dedi: "Onun kimi insanla təmasda, ünsiyyətdə olmaq, ailə üzvü olmaq mənim üçün çox qürurvericidir. Bu kitabın nəşrinə kömək edən bütün insanlara, layihə rəhbərlərinə təşəkkür edirəm".

Sonra tədbir iştirakçıları "Xalq" Bankın foyesində düzənlənmiş sərgiylə tanış oldular.

 

***

Lətif Hüseyn oğlu Kərimov 1906-cı il noyabrın 17-də Şuşa şəhərində anadan olmuşdur.

L.Kərimov Azərbaycan mədəniyyət tarixinə yalnız görkəmli ornamentalist və xalça rəssamı kimi deyil, eyni zamanda xalça sənətini, incəsənətin və elmin ayrıca bir sahəsi olaraq, ilk dəfə hərtərəfli araşdıran dərin tədqiqatçı və alim kimi də daxil olmuşdur. 

L.Kərimovun "Azərbaycan xalçası" əsəri yeni nəşrdə öz məzmun və əsas quruluşunu saxlamışdır. Əsərdə ilk dəfə olaraq xalçalar xovsuz və xovlu kimi iki hissəyə bölünür, onların dörd əsas inkişaf mərhələsi təyin edilir. Əsərdə müəllif yenə də ilk dəfə Azərbaycanın ayrı-ayrı xalça məktəblərini "növ" və "qrup" adı ilə Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz kimi növlərə ayırıb, daha sonra ayrı-ayrı qruplara bölmüş, bu qruplara daxil olan xalçaların, qısaca da olsa, bədii və texniki xüsusiyyətlərini təhlil etmişdir.

L.Kərimov 20 il ərzində Azərbaycan xalçaçılıq məntəqələrindən 1300 xalça elementi toplamışdır. Onların əksər hissəsinin qrafik rəsmləri əsərdə damalı kağızlar üzərində yerləşdirilmiş və bu elementlərin xalçalar arasında işlənən adları və müəllifin şəxsi fikirləri qeyd edilmişdir.

Azərbaycan xalçaları əsrlər boyu yalnız Azərbaycan və Qafqazda deyil, dünyanın bir çox ölkələrində şöhrət qazanmış, dünya bazarlarında çox yüksək qiymətləndirilmişdir. Mahir xalça ustalarımızın bu vaxta kimi yaratdığı ən gözəl və yüksək bədii keyfiyyətli xalçalar dünyanın bir çox məşhur muzeylərində nadir sənət əsərləri nümunəsi kimi saxlanmaqdadır.

L.Kərimov Azərbaycan xalçalarının hələ bizim eradan çox-çox əvvəl təşəkkül tapdığını əsaslandıraraq qeyd edir ki, Azərbaycan xalçaçılığı öz inkişaf mərhələsinə xarici şərqşünasların və sənətşünasların iddia etdikləri kimi, XVIII əsrdə deyil, ondan xeyli əvvəl çatmışdır. İndi artıq məlumdur ki, hələ eramızdan əvvəl Azərbaycanda ticarətin inkişafı ilə əlaqədar olaraq tətbiqi sənətlər, o cümlədən xalçaçılıq sənəti də yüksək səviyyədə olmuşdur. Bunu həm şifahi xalq ədəbiyyatı, yazılı mənbələr, həm də arxeoloji qazıntılardan tapılmış xalça nümunələri təsdiqləyir.

Məlum olduğu kimi, L.Kərimov nəinki xalça sənətinin dərin tədqiqatçısı, eyni zamanda istedadlı ornamentalist-rəssam idi. O, həmçinin ədəbiyyat tarixini dərindən bilir, bəzən şeirlər yazırdı. Lətif Kərimov "Azərbaycan xalçası" əsərində xalçaçılıqla əlaqədar olaraq orta əsr Azərbaycan və İran klassiklərinin əsərlərindən də misallar gətirir. Azərbaycan xalçalarının təsvirinə klassik ədəbiyyatımızda, xüsusən poeziyamızda da tez-tez rast gəlmək olur.

1941-ci ildə XII əsrdə yaşamış dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə istedadlı rəssamlarımız (K.Kazımzadə, İ.Axundov, R.Mustafayev və b.) və xalça ustaları L.Kərimovun rəhbərliyi və hazırladığı çeşnilər əsasında şairin poemaları mövzusunda beş xalça hazırlamışlar.

1950-ci illərdən başlayaraq L.Kərimov yüzlərlə portret və ornamental xalçalar yaratmış, özündən sonra zəngin irs qoyub getmişdir. Həmin əsərlər Azərbaycan, Avropa, Amerika muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.

Dünyada ilk xalça muzeyinin yaradılmasının və onun təşkilinin ilk təşəbbüskarı da məhz Lətif Kərimovdur.

1980-ci ildə L.Kərimovun təşəbbüsü ilə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin Rəssamlıq fakültəsində ilk dəfə olaraq xalça şöbəsi açılmışdır. L.Kərimov şəxsən bu şöbədə xalça rəssamlarının hazırlanmasına rəhbərlik etmiş və tədris proqramlarının da tərtibçisi olmuşdur.

Azərbaycan Elmlər Akademiyasının yaradıldığı gündən (1945-ci il) ömrünün sonuna kimi (1991-ci il) Lətif Kərimov Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunda Xalça şöbəsinin müdiri işləmişdir. Bununla bərabər, o, xalça elmi sahəsində çoxsaylı mütəxəssislər hazırlamışdır.

Lətif Kərimovun özündən sonra qoyub getdiyi ən böyük töhfə "Azərbaycan xalçası" kitabıdır. Bu əsərdən sonra yaranan xalça sənəti üzrə tədqiqat işlərinin əksəriyyəti bu kitabdan qidalanır.

Lətif Kərimovun "Azərbaycan xalçası" kitabı ensiklopedik xarakter daşıyır. Bu əsər klassik Azərbaycan xalçalarının öyrənilməsində əvəzsiz mənbədir. Kitab milli naxışların zənginliyi və dolğunluğu baxımından bütün xalça mütəxəssisləri, o cümlədən bədii metal, keramika, tikmə, xalça, divar boyakarlığı ilə məşğul olan rəssamlar, xalq ustaları və həvəskarlar üçün əvəzsiz vəsaitdir. 

"Xalq" Bankın "Xalq Əmanəti" layihəsi çərçivəsində nəşr olunan "Azərbaycan xalçası" kitabı Azərbaycan xalçalarının öyrənilməsində əvəzsiz mənbədir.

 

***

Lətif Kərimovun əsərlərindən ibarət ekspozisiyası dekabr ayının 4-dən başlayaraq "Xalq" Bankın Əsas binasında (Ünvan: Bakı şəh., İnşaatçılar pr., 22L) fəaliyyət göstərəcək.

Sərgini iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək ziyarət etmək mümkündür. Giriş sərbəstdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!