“TEAS Press” nəşriyyat evinin gənc yazıçılar üçün təşkil etdiyi roman müsabiqəsinin ikinci seçim mərhələsinin nəticələri bəlli olub.
Nəşriyyat evindən Edebiyyatqazeti.az-a bildirilib ki, münsiflər heyəti ikinci mərhələnin qısa siyahısını müəyyənləşdirib. İlk beşliyə Əfrail Abbaszadənin “Mənguberdi”, Əşrəf Əşrəfovun “Gecənin ən qaranlıq anı”, Seymur Həmzəyevin “Nikolas Bonnet – Şərqə aparan hekayə”, Elay İsmayılovun “Günah kolleksioneri” və Pərvin İsmayılovun “Xanədan” əsərləri daxil edilib.
Müsabiqənin yekun mərhələsində iştirakçılar arasından üç qalib seçiləcək və onlar ümumi qaydaya uyğun olaraq mükafatlandırılacaq. Birinci yerin sahibinə 2000 (iki min) AZN məbləğində pul mükafatı veriləcək, müəllifin əsəri “TEAS Press” nəşriyyat evi tərəfindən çap olunacaq və “LIBRAFF” kitab mağazaları şəbəkəsində həmin kitabın təqdimatı keçiriləcək. İkinci yerin sahibinə 1500 (min beş yüz), üçüncü yerin sahibinə isə 1000 (min) AZN məbləğində pul mükafatı veriləcək.
Müsabiqənin nəticələri dekabrın 15-də təşkil olunacaq mükafatlandırma mərasimində açıqlanacaq.
Qeyd edək ki, “TEAS Press” nəşriyyat evinin bu layihəni həyata keçirməkdə əsas məqsədi yeni imzaların üzə çıxarılmasına və gənc yazıçıların tanıdılmasına dəstək olmaqdan, həmçinin ümumbəşəri dəyərləri təbliğ edən mövzuları roman janrı vasitəsilə oxuculara çatdırmaqdan və ədəbi rəqabət mühitinin inkişafına töhfə verməkdən ibarətdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!