Azərbaycanın Xalq Şairi Qabilin “Əsərlər” adlı yeddicildlik külliyyatı bu günlərdə oxuculara təqdim edilib.
Şairin vəfatından on il sonra işıq üzü görmüş kitablar oğlu, yazıçı-publisist, filoloq, tərcüməçi Mahir Qabiloğlu tərəfindən tərtib edilərək “Adiloğlu” nəşriyyatında nəfis şəkildə çap olunub.
Kitabın 520 səhifəlik 1-ci cildinə Qabilin şah əsəri sayılan və 1976-cı ildə Heydər Əliyevin qərarı ilə Azərbaycan SSR Dövlət mükafatına layiq görülən “Nəsimi” mənzum romanı daxil edilib.
II cilddə şairin ayrı-ayrı illərdə yazdığı şeirləri toplanıb. Kitab şairin on üç yaşında yazdığı “Elanın ölümü” və ilk çap əsəri olan (4 aprel 1944, “Ədəbiyyat qəzeti”) “Gəl, baharım!” şeiri ilə başlanır. Bu cilddə oxucu Qabilin on səkkiz yaşından başlayaraq keçdiyi yaradıcılıq yolunu daha yaxından izləyəcək.
Külliyyatın III cildində şairin müxtəlif illərdə yazdığı şeirləri və poemaları yer alıb.
4-cü cild şairin müxtəlif illərdə yazdığı 870 rübaisi ilə açılır və qoşayarpaqları, dördlükləri, müxtəlif illərdə yazdığı şeirləri ilə davam edir.
V cilddə oxucu artıq şair Qabillə bir növ vidalaşır, altıncı və yeddinci cildlər də daxil olmaqla publisist, nasir, dramaturq Qabili kəşf etməyə başlayır.
Külliyyatın 6-cı cildi Xalq Şairinin 1980-85-ci illərdə yazdığı, sovet quruluşunun ifşasına yönələn “Ömür həbləri” romanı ilə açılır. Xalq Yazıçısı İsmayıl Şıxlının “Yanar ürəklərin üsyanı” adlandırdığı bu əsər o dövrü yaxından tanımaq üçün gözəl mənbə olduğu qədər, cilddə yer alan xatirələr Qabilin müasirlərini, dostlarını, 1944-cü ildən 2007-ci ilə qədər ədəbi mühiti tanımaq baxımından bir o qədər qiymətlidir.
VII cilddə isə şairin publisist söhbətləri, mötəbər məclislərdə çıxışları, müsahibələri, xatirələri, hekayə və tərcümələri və “Dənizin cazibəsi” adlı dramatik povesti yer alıb. Burada həmçinin yüzdən çox fotoşəkil də yer alıb ki, bu da Qabilin həyat yolu barədə əyani təəssürat yaradır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!