Böyük balkar şairi Qaysın Quliyevin anadan olmasının 100 illik yubiley tədbirləri haqqında "Milyonların ürəyinə uzanan yol və yüz addım" adlı qeydlərimdə onun Azərbaycanla bağlılığı, yazıçılarımızla, o cümlədən Səməd Vurğun və Mirzə İbrahimovla dostluğundan və bu barədə şairin oğlu Əhməd Quliyevin xatirələrindən də söz açmışdım. Nalçıkdə Əhməddən bu əlaqələri əks etdirən şəkil və bəlgələri mənə göndərməsini xahiş etmişdim. Bu günlərdə Əhməd Quliyev mənə iki fotoşəkil və Mirzə İbrahimovun Qaysın Quliyev ailəsinə məktublarını göndərmişdir. Şəkillərin biri Bakıda Mirzə İbrahimovun evində, digəri noyabr ayının 1-də, Nalçikdə, Qaysın Quliyevin yubiley gecəsində çəkilmişdir. Türk dünyasının iki böyük şəxsiyyəti arasındakı dostluq və səmimiyyətin parlaq ifadəsi olan bu məktublar oxucular üçün də maraqlı ola bilər. Məktubların tərcümələrini və şəkilləri təqdim edirəm.
Sabir Rüstəmxanlı
Əhməd Quliyevin məktubu:
"Salam əleyküm, hörmətli Sabir! Bir daha sizə və Bakıdan sizinlə gələn dostunuza, mənim atamın xatirəsinə göstərdiyiniz sayğıya görə təşəkkürümü bildirirəm. Qoy Allah sizi hifz eləsin. Söz verdiyim kimi sizə, atamın unudulmaz Mirzə Əjdər oğlu İbrahimovun evində olduğu anları əks etdirən şəkli göndərirəm. Şəkildə atam Mirzə İbrahimovla yanaşı, onun sağ tərəfində, anam isə ondan sol tərəfdə, mərkəzdə oturub, qucağında uşaq var. Şəkildə həmçinin Aleksandr Sergeyeviç Dzasoxovu (Mirzə İbrahimovun sağ tərəfində, ayaq üstdə birinci) görürük. Bundan əlavə, Mirzə Əjdər oğlunun anama və atama yazdığı məktubların orijinalını və sizin oxumağınızı, dərc etməyinizi asanlaşdırmaq üçün anamın öz əli ilə köcürtdüyü variantı göndərirəm. Sizin torpağınıza və millətinizə böyük sevgiylə baş əyirəm. Tezliklə görüşənədək! Görüşümüzə həmişə şad olacağam.
Hörmətlə, Əhməd Quliyev"
Mirzə İbrahimovun Qaysın Quliyevə və onun həyat yoldaşı Elizat xanıma məktubları
1
"20 fevral, 1983
Mənim əziz dostum, dəyərli qardaşım və sevimli şairim Qaysın!
Sənin məktubun Bakıya çatanda mən Suriyada idim. Dəməşq, Əl-Quaryatayn, Palmira, Hələb şəhərlərini gəzirdim. Bakıya dönəndə Sara xanımı ağır xəstələnmiş, yorğun vəziyyətdə gördüm. Özüm də kefsizləmişdim. Indi ikimiz də xəstəxanada yatırıq.
Əziz dost! Məni sənin sağlamlığın çox narahat edir; Sara xanımı da o cümlədən. Xahiş edirəm, yaz görüm sənə nə olub, hansı əməliyyatı keçirmisən? Mən Qaysını xəstə halda təsəvvür edə bilmirəm. Ümid edirəm ki, dağların mərd oğlu və zəmanəmizin yüksək insanı hisslər və müdrikliklə dolu olan böyük poeziyasının görkəmli yaradıcısı, dostum bu xəstəliyi və uğursuzluğu adlayıb keçəcək. Onunla bir yerdə duz-çörək bölmək səadəti, xöşbəxtliyi uzun illər davam edəcək, onun gümrah, həyat eşqi ilə dolu, xeyirxah, xoş səsini daim eşidəcəyik.
Sizləri qucaqlayır, öpürəm, mənim əziz dostum və qardaşım. Sara xanımın da xeyir-duasını qəbul et, o da, sənin sağlamlıgını və yeni poetik şedevrlər yaratmağını arzu edir.
Bizim qardaşlıq duyğularımızı mehriban Elizata da çatdır.
Sənin Mirzə İbrahimovun"
2
"Əziz və sevimli Elizat!
Sizin məktubunuz Bakıya çatanda Sara xanım ağır vəziyyətdə xəstəxanada yatırdı. Və əlbəttə, mən gecə-gündüz onun yanında, onunla bir palatadaydım. O, çox ağır bir xəstəliyə - mədə xərçənginə tutulmuşdu. Bədbəxtçilikdən biz bunu çox gec bildik, artıq bütün daxili orqanları sıradan çıxmışdı. Mən dəli vəziyyətinə düşmüşdüm. Həkim komissiyalarının, konsiliumların, ittiffaqın onkologiya institutlarının yüksək səviyyəli mütəxəssislərinin heç bir yardım imkanları yox idi. Mənim əziz, sonsuz dərəcədə sadiq və etibarlı Sara xanımımın ağrılarını mümkün qədər azaltmaq üçün heç nə edə bilmədilər. Sizin ağıllı, xeyirxah, ürəkdən yazılmış məktubunuzu belə bir vəziyyətdə aldım və bilmədim sizə nə yazım, bu qəddar və amansız xəstəlik haqqında sizə necə məlumat verim. Elə bir xəstəlik ki, damla-damla mənim Saramın qanını sordu və o, mayın 8-də bir şam kimi söndü. Əlbəttə, mən sizin məktubunuzu ona oxudum. O, son dərəcə şad oldu və sizin sevginizə, diqqətinizə minnətdarlığını bildirdi. Xahiş etdi ki, cavab verim və sizə təşəkkürümüzü bildirim. Təsəvvür edə bilməzsiz o sizi necə sevirdi. Sizin xeyirxah ürəyinizi, diqqətinizi, ruhunuzun təmizliyini və mənim böyük dostum, görkəmli şair Qaysın Quliyevə sevginizi yüksək qiymətləndirirdi.
Lakin mən masa arxasına keçib, əlimə qələm ala bilmirdim. Buna görə də cavab yazmağı gündən-günə yubadırdım. Və bu gün sizin məktubunuza baxıram: aman Allah, düz 55 gün keçib. Qorxulu bir yuxu kimi. Mən bunu heç hiss eləməmişəm.
Bax belə, mehriban, əziz Elizat. Mən həmişə həm əziz dostum və qardaşım Qaysın və həm də sizin haqqınızda düşünürəm, onun Ukrayna şairləri haqqında şeirlərini oxuyanda bir az sakitləşdim. Necə yaxşı, insani şeirlərdir! Ümid edirəm ki, sizin bütün işləriniz yaxşıdır və Qaysın da xəstəxanadan çıxıb, sağlamlığı, ilhamı və həyatda ən yüksək ehtirama layiq olan sevgisi yerindədir.
Xahiş edirəm mənə, özünüz və Qaysının vəziyyəti haqqında yazasız. Bütün qəlbimlə sizə xöşbəxtlik arzulayıram. Xahiş edirəm mənim əvəzimdən Qaysını qucaqlıyasız.
İndi , yalnız dostlar haqqındakı xatirələrlə, həyat yollarında rastlaşdığım yaxşı insanların firavanlığı və səadəti haqqında düşüncələrlə yaşayıram...
Sizin Mirzə İbrahimov"
3
"Əziz Elizat xanım!
Sizin səmimi və çox təsirli məktubunuzu aldım. Bu məktub məni bir daha Sara xanımın sağ olduğu günlərə qaytardı.
Bəli, tale öz sözünü dedi. Sara xanım bizi həmişəlik tərk etdi. Fəqət, hələ də bu acı həqiqətə inanmaq olmur, düşünürsən ki, bütün bunlar yuxuda baş verir. Lakin onun yoxluğu zaman keçdikcə mənim həyatımda daha kəskin və daha ağrılı bir şəkildə özünü hiss etdirir.
Əziz Elizat xanım! Sizin teleqramı həmin günlərdə aldım və sizi Qaysınla bir yerdə, öz yanımda hiss etdim. Hiss etdim ki, bizim bir yerdə olduğumuz vaxtların böyük sevinci də bu günlərdə sonsuz bir kədərə çevrilmişdir. Çünki artıq Sara xanım yoxdur.
Məktubunuza cavabı gecikdirdim. Qaysın, yəqin ki siz də yaxşı bilirsiz ki, mən tez-tez səfərlərdə oluram. Gah Moskvada, gah da xaricdə. Amma məktubunuzu alan kimi cavabı gecikdirmirəm. Çünki mənə elə gəlir ki, dostlarla bölüşmək hər zaman insanın ürəyini yüngülləşdirir; onun qəlbini xoş duyğularla və təskinliklə doldurur.
Mənim əzizlərim - Elizat xanım və Qaysın! Yas günlərində sizin Bakıya gəlmək imkanınız olmamışdı. Lakin bütün gözəl günlərimizin xətrinə, yenə də əvvəlki tək, sadəcə heç bir bəhanə gözləmədən gəlin, bir dostun başqa bir dostun evinə getdiyi kimi. Mən sizi daim sağlam və xöşbəxt görmək istəyirəm. Həmişə olduğunuz kimi!
Bir daha bu böyük dostluğa , diqqətə və kədərimi bölüşdüyünüzə görə sizə ürəkdən təşəkkürümü bildirirəm. Sizə, Elizat xanım və dostum Qaysına möhkəm cansağlığı və xöşbəxtlik arzulayıram. Sizləri bağrıma basıram.
Sizin Mirzə İbrahimov"
4
"Əziz, mehriban Elizat!
Ümumi dostumuz, görkəmli şair Qaysın Quliyev haqqında məhəbbət və kədərlə dolu olan təsirli məktubunuzu aldım. Sizin ülvi duyğularınızı başa düşürəm, lakin əziz Elizabet, nə etməli ? Taledən qaçmaq mümkün deyil. Əziz insanı, sadiq ömür-gün yoldaşını itirmək böyük faciədir. Mən bu hisslərin, bu duyğuların nə demək olduğunu yaxşı bilirəm. Tez-tez Sara xanım dipdiri bir şəkildə gözümün qabağına gəlir. Tez-tez yuxuma girir. Tez-tez onun səsini eşidirəm. Həyatda o, daim məni yaradıcılıq işinə ilhamlandırardı və indi də həmin işi görür. Mənim borcum budur ki, öz hisslərimin əsiri olmayım, gecə-gündüz işləyim. Təsəlli ancaq bundadır.
Bilirəm ki, sizin üçün Qaysının olmaması nə deməkdir. Yox, mən fikrimi düz ifadə eləmədim: axı o ölməyib. O, özünün gözəl şeirlərində yaşayır! Ürəkli, isti, həyata və vətənə bağlı, ölməz şeirlərində ! O, sizə əbədi, canlı olan bir təsəlli mənbəyi bağışlayıb.
Sizə dərin hörmət nişanəsi və yadigar olaraq öz povest və hekayələrdən ibarət kitabçamı göndərirəm.
Sağlam olun, əziz Elizat.
Mirzə İbrahimov
15.01.1987"
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!