Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Hüseyn Cavidin 140 illik yubileyinə həsr olunmuş "Mənim Tanrım Gözəllikdir, Sevgidir" adlı Bədii Yaradıcılıq Günü keçirildi. Şərqşünaslıq fakültəsinin ərəb filologiyası və dili ixtisasının 3-cü kurs tələbəsi Həsənova Gülümün aparıcılığı ilə keçirilən tədbirdə ilk olaraq çıxış üçün söz Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndana verildi. Aydan xanım Hüseyn Cavidin poetik yaradıcılığı haqqında məlumat verdikdən sonra görkəmli ədibin "Mənim Tanrım" şeirini səsləndirdi. Sonra tədbirin xüsusi qonağı, publisist, "Ədəbiyyat qəzeti”nin baş redaktoru, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Yusuf Akçura, Fuad Köprülü, Nihal Atsız kimi görkəmli şəxsiyyətlərin, o cümlədən Hüseyn Cavidin tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Azər Turan çıxış üçün dəvət edildi. Tədqiqatçı şair-dramaturqun ədəbi irsi, ictimai-siyasi fikirləri, xatirələri, fəaliyyət göstərdiyi dövr haqqında ətraflı məlumat verdi. Hüseyn Cavidin Türkiyədə aldığı təhsil, burada münasibət qurduğu alim, yazıçı heyəti haqqında geniş söhbət açan Azər Turan həmçinin dramaturqun pyeslərinin ərsəyə gəlmə şəraiti, mövzu və ideya özəlliklərindən də bəhs etdi. Cavid ideallarının yaşarılığını önə çəkdi, türklük ruhunun çağdaş zamanda qalib olmasında Cavid, Hadi, Əli bəy Hüseynzadə kimi fikir adamlarının böyük rolu olduğunu vurğuladı.
Daha sonra Şərqşünaslıq fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri Şəfəq Ağalarlı "Hüseyn Cavid dramaturgiyası" adlı məruzə ilə çıxış etdi. Sonda isə Regionşünaslıq (Koreya üzrə) ixtisasının 1-ci kurs tələbəsi Zeynalova Nərmin "İblis" pyesindən İblisin monoloqunu səsləndirdi. Tədbirdə Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı", "Ədəbiyyat qəzeti”ndə "Ədəbiyyatşünaslıq" şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova, o cümlədən müəllim, tələbə heyəti də iştirak edirdi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!