Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün – 7 noyabrda layihə Pakistan ədəbiyyatşünası, şairə Almaz xanımın Şuşanı salamlaması, ürək sözləri və Şuşaya yazdığı şeirin qiraəti ilə davam edir.
Almaz Xanım / Pakistan
Mən doktor Almaz xanımam, Pakistanın Lahor Universitetinin kollecindən.
Azərbaycan – sevgi və sülh torpağıdır. Bu torpaq məni həmişə və həmişə özünə çəkib. Azərbaycanlılar sevgi dolu, qayğıkeş, sülhpərvər və zəhmətkeş xalqdır. Qarabağda yerləşən Azərbaycan şəhəri Şuşa dostlar üçün çiçək, düşmənlər üçün tikandır. 28 il Ermənistanın işğalı altında olub Şuşa, 8 noyabr 2020-ci ildə işğaldan azad edilib. Bu xoşbəxt səbəblə Azərbaycan rəhbərliyi 2022-ci ili “Şuşa ili” elan edib. Bu münasibətlə bütün Azərbaycanı, xüsusən Şuşanı təbrik edirəm.
Şuşa mədəniyyət şəhəridir, odur ki, Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Şuşa şairlər, musiqiçilər, rəssamlar, xanəndələr və xalçaçılar şəhəridir. Mən onların bəzilərini xatırlamaq istərdim: Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Sadıqcan, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyov, Bülbül, Seyid Şuşinski, Lətif Kərimov və başqalarını.
Şuşa öz gözəl təbiəti ilə məşhurdur və turistləri həmişə cəlb edib. Öz şirin və enerji dolu suları ilə də tanınır. Zarıslı və Xəlfəliçayla məşhurdur. Bu gün bütün azərbaycanlılar böyük sevinc hissi ilə Şuşanın işğaldan azad olunmasını qeyd edirlər. Biz pakistanlılar da bu səbəblə çox şadıq və deyirik: Salam, Şuşa!
İcazə verin bu qürurverici və sevincli gündə Pakistandan “Şuşa torpağı, sənə salam olsun!” adlı şeirimi sizə ərməğan edim.
Ey eşq və sevgi yurdu!
Ey mədəniyyət, musiqi və şeir yurdu!
Ey Şuşa torpağı, şahid ol.
Şahid ol ki, sənin başın bəlada olanda
Biz pak yurdun övladları
Sənin yanındaydıq!
Qardaşlarımızla,
Dostlarımızla
Bərabər
Yanında olduq ki,
Qanımız qanınızla qarışsın.
İsətdik ki, düşmən sinəsindən yara alsın!
Və dərs alsın!
Onların gələcək nəsilləri bu dərsi unutmasın!
Azərbaycana yuxarıdan aşağı baxmayın,
Şuşaya yuxarıdan aşağı baxmayın!
Biz də onlarla yan-yana, çiyin-çiyinəyik.
Biz düşmənin təkəbbürlü niyyətini
Puç etdik, çiynədik!
Qələbə çaldıq,
Əbədiyyət qazandıq!
Ey eşq və sevgi yurdu,
Ey Şuşa,
Biz yenə
Ehtiyac yaranacaqsa,
Yanında olacağıq.
Yenə yaz gələcək,
Çiçəklər açacaq,
Musiqi səslənəcək!
Yenə şairlər söz qoşacaq,
Xanəndələr oxuyacaq,
Xalçalar toxunacaq!
Biz yenə də yanında olacağıq.
Tərcümə: Səlim Babullaoğlu
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!