Qadın darıxanda daha səmimi olur - NARGİS - NARGİS

köşə

NARGİS

Darıxmağın adı-sanı, rəngi, dadı olmur, əvəzolunmazım. Ancaq darıxmağın qüruru olur, bax bunu dəqiq bilirəm. Onu deyim ki, bu qüruru kibirlə qarışdırmaq olmaz ha. Qürurlu olaraq darıxmaq tamam başqa şeydir, əzizim. Bu kibir kimi, eqoizm kimi kortəbii şəkildə gerçəkləşmir. Qürurlu darıxmaq baş verəndə ürəklə beyin eyni fikirdə ortaqlaşa qərar verirlər. Həmin an bəlkə də ilk dəfə bu iki ekstrafərqli orqan arasında saziş imzalanır. Düşünür, düşünür, düşünür qadın...

Elə ki beyinlə ürək arasında saziş bağlanır, o zaman artıq qadın anlayır ki, atılacaq bütün addımlar mənasızdır. Bütün cəhdlərin sonu çıxmaz və soyuq sokaklardır. Çıxmaz sokakların çıxmazlarından daha çox tənha olacağı düşüncəsi qorxudur qadını. Həmin an qasırğalarına təslim olur göz yaşları. Dil ömürlük susmaq cəzasına məhkum edilir. Gözlər heç vaxt əvvəlki kimi parlamır. Qürurlu darıxmaqların sonu yaxşı olmur, əzizim. Hər qürurlu darıxmağın sonunda bir eşq ölüm cəzasına məhkum edilir.

Darıxmaq həsrətdən daha ağlasığmaz, daha ağrıdıcı olur. Ancaq məhz belə darıxmaqlar sevgidən də, eşqdən də səmimi olur. Eşq kimi dəlisov olmur darıxmaqlar. Darıxmaqlar oturuşmuş, ağır hisslərdir, əzizim.

Məsələn, qadın darıxanda bütün çəhrayılarını qaranlıq rənginə boyayır. Sevinclərini qaldırıb kitab rəfindəki ən qalın kitabın vərəqləri arasında gizlədir.

Bəli, qadın darıxanda, barmaqları klaviaturada, gözləri pəncərədən uzaqlara zillənir. Qadın darıxanda bütün indiki sevincləri keçmişin bircə nöqtəsinə ilişib küllənir.

Amma qadın bu cür darıxanda daha səmimi olur, bəlkə də elə həmin an ilk dəfə qadın qadın kimi qadın olur. Həmin an qadın qadın olmağın mahiyyətini kəşf edir... Bütün zəifliklərini həyatının arxa bağçasında dəfn edir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!