İstanbulda "Hüseyn Cavid və türk dünyası" mövzusunda Beynəlxalq konfrans keçirilib - FOTOLAR

 

Noyabrın 4-də İstanbulda Mərmərə Universiteti və İstanbul Azərbaycan Egitim Kültür və Sosial Dayanışma Dərnəyinin birgə təşəbbüsü ilə Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş "Hüseyn Cavid və türk dünyası" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda əvvəlcə Azərbaycan və Türkiyənin  dövlət himnləri səsləndirilib. Sonra Mərmərə Universiteti türk dili və ədəbiyyatı bölüm başkanı professor Haluk Harun Duman açılış nitqi söyləyib.
Azərbayan Egitim Kültür və Sosial Dayanışma Dərnəyi başkanı doktor Şərqiyyə Məmmədova konfrans iştirakçılarını salamladıqdan sonra Hüseyn Cavid yaradıcılığı haqqında çıxış üçün sözü ədəbiyyatşünas-alimlərə verib.
Milli Məclisin üzvü, akademik Rəfael Hüseynov "Əbədi hürriyyət və səma şairi Cavid" mövzusunda çıxış edib.

Konfransda oturum başqanları dosent Ərdinc Aslan və dosent Mehdi Gəncəlinin moderatorluğu ilə professor Əyyub Quliyev "Hüseyn Cavid planetinin adlanma tarixi", Ənvər Uzun "Günümüz yaşamında Cavid və qadın", doktor Yusif Gedikli "Cavidin İstanbul məktubları",  Bolqarstandan Nurten Remzi "Hüseyn Cavud və dünya ədəbiyyatı",   Qazaxstandan professor Kulzhıbek Kusmanova "Hüseyn Cavid yaradıcılığının incələnməsi", Gülsayazhan Yessinbayeva , "Hüseyn Cavid və Qazax ədəbiyyatı", Özbəkistandan professor Rüstəm İkbal "Hüseyn Cavid və özbək ədəbiyyatı", Turan Hümbətova "Mən necə Turan oldum", dosent Sevil Piriyeva "Hüseyn Cavidin "İblis" əsərinə baxış" mövzusunda məruzə ediblər. 

"Ədəbiyyat qəzeti"nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turanın "Cavidin İstanbul dövrü və Cavidin fikir dünyasının qaynaqları" barədə məruzəsi maraqla qarşılanıb. Azər Turan çıxışında Cavidin düşüncəsinə təsir göstərmiş türk ədibləri, fikir adamları ilə əlaqəsini önə çəkib, onun Cavid kimi yetişməsində, Bakıya yeni bir Cavid olaraq dönüşündə İstanbul amilinin, burada aldığı təhsilin, ədəbi mühitin müstəsna rol oynadığını vurğulayıb.

Daha sonra “Cavid ömrü” filminin rejissoru Ramiz Həsənoğlu filmin yaranma tarixi barədə fikirlərini bölüşüb, filmdən kadrlar göstərilib.

Sonda "Ərkin səsi" musiqi qrupu Hüseyn Cavidin şeirləri əsasında bəstələnmiş musiqi əsərləri ilə çıxış edib, aktrisalar Həlimət Sultan və Məleykə Alıqızı "Dədə Qorqud" qrupunun müşayiəti ilə Hüseyn Cavidin şeirlərini səsləndiriblər.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!