İstanbulda “Şuşa İli” çərçivəsində “Şuşa, Paris və İstanbulun Ortaq Dəyəri: Əhməd Bəy Ağaoğlu” mövzusunda beynəlxalq simpozium keçirilib.
“Şəxsiyyətli şəhərin şəxsiyyətləri” layihəsi çərçivəsində baş tutan tədbir İstanbul Universitetində təşkil olunub.
Simpozium Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi, Türkiyə-Azərbaycan Dostuq, Elm, Təhsil Sənət və İqtisadi Əməkdaşlıq Dərnəyi və İstanbul Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəl Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya həsr olunan videoçarx nümayiş etdirilib.
Simpoziumun açılış mərasimində “İntellektual yığımın ortaq düşüncə tariximizə təsiri: Ağaoğlu Əhməd Bəy” mövzusunda çıxış edən Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Azərbaycanda türkçülük hərəkatı ideoloqlarından olan görkəmli ictimai-siyasi xadim, publisist, yazıçı, hüquqşünas, şərqşünas-islamşünas alim Əhməd bəy Ağaoğlu haqqında danışıb, onun ölkələrimizin ictimai-siyasi həyatına verdiyi töhfələrdən bəhs ediblər.
Tədbir iki hissədən ibarət panel iclaslarla davam etdirilib.
İstanbul Universitetinin rektorunun müavini professor İlyas Topsakalın moderatorluğu ilə keçirilən ilk paneldə Türkiyə Prezidentinin Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə - Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin Qəyyumluq Şurasının və İdarə Heyətinin sədri, professor Aygün Attar “İki dövlətin bir vəkili: Əhməd bəy Ağaoğlunun siyasi portreti”, Azərbaycanın Macarıstandakı səfiri, professor Vilayət Quliyev “Fransız və rus mediasında Əhməd Ağaoğlu” və Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru Fərhad Cabbarov “Ağaoğlunun (1905-1906) Ermənistan-Azərbaycan anlaşma prosesindəki fəaliyyəti” mövzularında məruzələri dinlənilib.
Panelin Aygün Attarın moderatorluğu ilə keçən ikinci hissəsində İstanbul Universitetinin professoru Halil Balın “Qafqaz İslam Ordusu siyasi müşaviri: Ağaoğlu Əhməd Bəy”, Əhməd Ağaoğlu Milli Araşdırma Dərnəyinin rəhbəri Nigar Axundovanın “Ağaoğlunun mirasının öyrənilməsi və tanıdılması: Problemlər və hədəf”, türkiyəli vəkil Ural Akküzüm “Sobronlu bir türkçü: Əhməd Bəy Ağaoğlu” mövzularında məruzələrlə çıxış ediblər.
Sonda nazir Anar Kərimov tərəfindən İbrahim Kalına Şuşanın 270 illiyi münasibətilə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən təsis olunan “Xatirə nişanı” təqdim edilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!