Xalq yazıçısı Elçin beynəlxalq mükafat aldı

 

Bu günlərdə Xalq yazıçısı Elçin Türkiyənin məşhur və nüfuzlu mükafatlarından biri olan “Nacib Fazil adına Beynalxalq ödül”ə layiq görülmüşdür.

Türkiyənin məşhur “Star” qəzeti tərəfindən təsis edilmiş mükafatın “Mədəniyyət və incəsənət” nominasiyası üzrə qalibi elan olunan Elçin bu nüfuzlu mükafatı “İki xalq arasındakı ədəbi-mədəni yaxınlaşmaya verdiyi töhfəyə görə” almışdır.

Qeyd edək ki, Xalq yazıçısı Elçin qardaş Türkiyədə əsərləri ən çox nəşr olunan müasir yazıçılarımızdan biridir. Onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü”, “Baş” kimi romanları, povest və hekayələri, esseləri ölkənin nüfuzlu nəşriyyatları tərəfindən dəfələrlə çap edilmişdir. Bunu demək kifayətdir ki, Türkiyədə Xalq yazıçısının otuza qədər kitabı çapdan çıxmış, pyesləri Ankara, Konya, Ərzurum Dövlət teatrlarında, İstanbul Böyük Bələdiyyə Teatrında tamaşaya qoyulmuş, onun əsərləri əsasında doktorluq dissertasiyası müdafiə edilmişdir. Elçin Türkiyənin bir sıra nüfuzlu universitetlərinin fəxri doktorudur. 2013-cü ildə görkəmli yazıçının “Mahmud və Məryəm” romanı əsasında çəkilən eyni adlı film Azərbaycan-Türkiyə kinematoqrafçıları tərəfindən iki ölkənin ilk müştərək ekran əsəri kimi tamaşaçılara təqdim olunmuşdur.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!