Əkbər Qoşalı Qazaxıstanda “Türk dünyasının 2040 vizyonu” seminarında çıxış edib - FOTOLAR

 

Türk dünyasının 2040-cı il hədəflərini, baxışını ifadə edəcək önəmli addımları müəyyənləşdirmək üçün Türk Dövlətləri Təşkilatına üzv ölkələrin alimləri, araşdırmaçı yazarları, ictimai xadimlər, QHT və KİV təmsilçiləri Xoca Əhməd Yəsəvi adına Uluslararası Türk-Qazax Universitetinin Türküstan qərargahında bir araya gəlib.

 Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin eksperti, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı seminarın “Ədəbiyyat və incəsənət” sessiyasında çıxış edib.

Türk dünyasının 2040 hədəfləri baxımından ədəbiyyat və incəsənət üzrə baxışlarını bölüşən Ə.Qoşalı, Azərbaycan ədəbiyyatşünaslarının ünlü “Ortaq keçmişdən ortaq gələcəyə” kəlamının işığında öz fikirlərini bölüşüb, təkliflərlə çıxış edib. O, həmçinin “Türk xalqları ədəbiyyatı dövrləşməsi”nə dair özünün irəli sürdüyü konsepsiyanı açıqlayıb.

Ə.Qoşalı seminarda iştirak edən Avrasiya Yazarlar Birliyi rəhbəri Yaqub Öməroğlu, Qazaxıstan Yazıçılar Birliyinin rəhbəri Uluqbek Esdevlet, Özbəkistanın Xalq şairi Xurşid Dövran, Qırğızıstanın keçmiş dövlət katibi, akademik Osmankun İbrahimov, TÜRKSOY Baş katibinin keçmiş müavini, professor Fırat Purtaş və bu universitetdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıb.

Onu da vurğulayaq ki, seminar Türk Dövlətləri Təşkilatı, Türkiyə Mədəniyyət Turizm Nazirliyi, Türkiyə Cümhuriyyətinin Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu, Türk Tarix Qurumu, Əhməd Yəsəvi Universiteti və TİKA-nın dəstəyi ilə keçirilib.

Qeyd edək ki, ikigünlük seminarın açılış mərasimində türkdilli ölkələrin tanınmış alimləri çıxış ediblər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!