Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün – 29 oktyabrda layihə tanınmış Serbiya şairəsi Milisa-Yeftimiyeviç-Liliçin Şuşa barədə ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edir.
Milisa Yeftimiyeviç-Liliç / Serbiya
“Salam aleyküm, Azərbaycan.
Şuşanın yubileyini təbrik etməkdən şərəf duyuram. Arzu edirəm ki, bundan sonra da inkişaf edəsiniz. Və gələcəkdə də mədəniyyət və mənəviyyat ocağı olasınız. Yenidən parlaq istedada malik övladlar, gələcəyin sənətkarlarını – şair və yazıçılarını, musiqiçi və bəstəkarlarını yetirə, ağıllı nəsillər, insanlar kimi doğulasınız. Allah hamınızı qorusun!”
Uzağın toxunuşu
Mənim hissiyatlı əllərim
Fikirlə yönəldilən
Sehrbazın isti əlləri kimi
Sevib-seçdiyimə yönəlir
-əslində onlar səninlə rastlaşır.
Gözlərimdən daha yaxşı görür onlar
Və məni düz sənin üstünə aparırlar.
Ağuş-bir ayrıdır, həmişə də ayıldır.
Elə ki, bir söz yazıram-
Göy qurşağı doğulur,
İki qaynar suyu birləşdirir -
Demək, sözü anlayan qüvvələr var.
Sən onlara atəş açsan -
Həqiqi güc ilə qızmış
Yekcins nüvədən
Mücəvvər doğular -
Öz gözəl, dərin naxışlarıyla.
Hərf-hərf sıxıram sözləri,
Belədə enerji daha asan ötürülür.
Onu alıb ilhanlanıram -
Və sən bütün qapıları açırsan
Mənə - qadına.
Düzdür, sən bilmirsən və heç vaxt bilməyəcəksən ki,
səni sındıran nədir:
Bir andaca valeh edən
Atəşin təması, sözün gücü
Yoxsa sənə toxunaraq alışıb yanan
Uzaq varlıqların sirri...
Tərcümə: Səlim Babullaoğlu, Rəbiqə Nazimqızı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!