Şuşam mənim - Sayat Kamşıger - VİDEO

 

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün – 28 oktyabrda layihə tanınmış Qazaxıstan şairi Sayat Kamşıgerin Şuşa barədə ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edir.

Sayat Kamşıger / Qazaxıstan

Əziz Azərbaycan xalqı, Şuşanın əziz sakinləri! Hamınızı “Şuşa ili” münasibətilə təbrik edirəm. Şuşa bütün türk xalqlarının mənəvi paytaxtıdır. Çiçəklənin, böyüyüm, rifah və sülh içində yaşayın.

Salam, Şuşa!

Bu şeiri sənə ithaf edir, sənin üçün oxuyuram!

Şuşam mənim

Şuşa, səndə zadəganlıq havası,

Məhlələrin ömrümüzün yuvası.

Hər küçəndə əsrlərin gözü var

Daşlarında tarixlərin izi var.

Müqəddəs ol, sən uca ol daima,

Qoy dağların çevrilsin göz dağına.

Yağıların qarşısını kəs, hey yaşa,

Sən Zəfərin vətənisən, ay Şuşa!

Qorudun sən çiçəyini otunu,

Qorudun sən oddan çıxan adını.

Dörd qapılı qalanı görüb gəldim,

Kamançanı, tarını görüb gəldim.

Duam sənin,  həmişə arxandayam,

Bu güllər də sənə qazax xalqından.

Şuşam mənim, şərəfim, ləyaqətim

Şəbəkətək rəngli olsun həyatın.

Sən dünyanın həyəcanısan, Şuşa,

Qarabağın qəlbi, canısan, Şuşa.

Dostların çox, dövran sənin dövranın,

Nəğməm, şeirim, qoy başına fırlanım.

Türk elləri bir oldu, zaman gəldi,

Hə, bir baxın, o böyük Turan gəldi.

Şüşə qəlbim dirçəldi, oldu Şuşa,

Dəmir yumruq, biləkdi, qoldu, Şuşa.

Şükr Allaha, susdu toplar, tüfənglər,

Sülh vaxtıdır, rəngbərəngdir fişənglər.

Yenə bülbül meşəsində cəh-cəhlər

Səsləndi, dilləndi Qarabağımda,

Ruhumuzun o Şuşa qalasında.

 

Tərcümə: Səlim Babullaoğlu


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!