Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. 27 oktyabrda layihə tanınmış Monteneqro şairi Bojidar Proroçiçin Şuşa barədə ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edib.
Bojidar Proroçiç
“Əziz Azərbaycanlı dostlarıma salam olsun. Qədim mədəniyyət paytaxtı Şuşaya salam olsun. Mən Bojidar Proroçiç, Monteneqronun Çetinye şəhərindənəm. Şeirim Şuşa şəhərinə həsr olunub. Azərbaycan və Monteneqro həmişə var olsun…”
Şuşa
Ey Şuşa, sən azadlıq sözündən yoğrulan,
dağlarda gizlənmiş bir incisən.
Şairlərin, yazıçların
və musiqiçilərinlə
mayak kimi bugün öz gücünlə
bizi işıqlandırırsan.
Damarlarında azadlıq ruhu axan
ləyaqətli övladların səni qaytardı.
Gözləri yolda qalmış əziz Şuşa,
sən həmişəlik azadsan!
Tərcümə: Səlim Babullaoğlu
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!