“Parlaq İmzalar” nəşriyyatının təşkilatçılığı, “Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyinin (ANAİB) dəstəyi ilə ölkənin tanınmış nəşriyyatlarının redaktorları bir araya gəlib.
Edebiyyatqazeti.az xəbər verir ki, görüşdə ”Parlaq İmzalar”, XAN, “Altun Kitab”, “Simurq”, “Ağıllı bala”, “Libra”, “TEAS Press”, “İz”, “Qədim qala” nəşriyyatlarının redaktorları iştirak edib.
Daha çox tanışlıq üçün nəzərdə tutulan görüşdə redaktorlar kitab sənayesindəki çatışmazlıqlar, xüsusən də, redaktə problemləri barədə müzakirə aparıb, öz təkliflərini irəli sürüblər.
Görüşdə “Redaktorlar Klubu”nun yaradılması səsə qoyulub və yekdilliklə qəbul olunub. Qərara alınıb ki, iki ayda bir dəfə olmaqla klubun görüş-müzakirələri keçirilsin. O da vurğulanıb ki, hər görüşün məxsusi mövzusu, qaldırdığı problematika olacaq.
Klub üzvləri ANAİB, eləcə də aidiyyatı qurumlara təqdim etmək üçün təkliflər paketinin hazırlanmasını vacib hesab ediblər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!