"Şuşaya salam!" layihəsinin 30-cu günü - VİDEO

 

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün - 26 oktyabrda layihə tanınmış ABŞ şairi Aleksandr Səlimovun Şuşa barədə ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edir.

 

Aleksandr Səlimov / ABŞ

“Adım Aleksandr Səlimovdur. Mən Amerika Birləşmiş Ştatlarındanam. Azərbaycan xalqını Şuşanın işğaldan azad olunmasının növbəti ildönümü münasibətilə ürəkdən təbrik edirəm. İndi Şuşa ilidir. Öz gözəlliyi, gözəl təbiəti, dağları, çayları ilə, eləcə də tarixdən Azərbaycanın mədəniyyət mərkəzi kimi bilinən, dünyaya çoxlu gözəl şairlər və bəstəkarlar bəxş etmiş Şuşa şəhərinin ili. Mən şeirimi bu şəhərə ithaf edirəm. Salam, Şuşa!”

 

Qarın qana çevrildiyi

fevral soyuğu haqda xatirə

taleyə ünvanlanmış sual kimi

hər yerdən eşidilir.

Qan bahasına başa gəldi, amma dözdülər...

Ümidlə atdı nəbzlər:

vəfayla, güclə,

daha küləkdə yıxılmayaraq,

əksinə gərərək qanadlarını

alovların içərisində

genişdən də geniş açdılar -

zəfər nəğməsi dodaqlarında

zamanın dairələrini yararaq

varlıqlarının mavi bətnində,

keçmişlərinin yaşılında

və indinin qırmızısında;

bir qanad hilal oldu,

bir qanad da ulduz...

Yalnız çay olmaq istəyənlər

dağlardan axacaq,

bir vaxtlar anasını itirmiş,

amma sonda tapmış

bu torpağa

həyatı qaytaracaq.

 

Tərcümə: Səlim Babullaoğlu


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!