Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün - 25 oktyabrda layihə tanınmış Tatarıstan şairi Rüfət Saleh, onun Şuşa barədə ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edir.
Rüfət Saleh \\ Tatarıstan
“Hörmətli Azərbaycan xalqı.
Şuşa şəhərinin qayıdışı, Azərbaycanla bütünləşməsi münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Qoy Şuşada sülh olsun, dostluq və qarşılıqlı anlaşma olsun. Qoy Allah qarşılıqlı anlaşma içərisində xoşbəxt yaşamaq nəsib etsin hamıya. Şuşa əlbəttə ki, bir xeyli böyük şairlərin, mədəniyyət və sənət xadimlərinin vətənidir. Elə ona görə də Azərbaycan tarixinin, bütün türk xalqlarının vacib şəhəridir. Qoy Alah yenidən gözəl həyat sürməyi, dostluq içərisində yaşamağı qismət etsin. Salam Şuşa!”
Bəyaz mələk
Zəncirotu çəməni,
Tən ortada qızcığaz.
Bax üfürür havaya
Zəncirotunu az-az
Gözlərinə zillənib
Ən bəyaz parlaq ulduz,
Sanki bəyaz mələkdir
Uçurur havaya qız.
Zəncirotu çəməni
Sapsari idi dünən.
Elə bil o deyildi
Bugün ağa bürünən.
Bax havada uçuşur
Zəncirotu ölkəsi,
Onları uçurdanda
Göylərin məlaikəsi.
Zəncirotu çəməni-
Dönəcəyik biz ona,
Təbəssümlə baxacaq
Adamlar dörd bir yana.
Uçuşacaq havada
Onda bizim ruhumuz,
Əbədiyə dönəcək
Yazımız, payızımız.
Tərcümə: Səlim Babullaoğlu
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!