Bu il akademik Bəkir Nəbiyevin vəfatının 10, AMEA-nın müxbir üzvü Yaşar Qarayevin vəfatının 20 ili tamam olur. Bu münasibətlə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəylinin rəhbərliyi ilə sözügedən müəssisənin əməkdaşları onların qəbirlərini ziyarət ediblər.
Bu barədə Edebiyyatqazeti.az-a AMEA-dan bildirilib. Ziyarət zamanı akademik İsa Həbibbəyli çıxış edərək bildirib: “Görkəmli alimlərimizin vəfatının yubiley ildönümlərini qeyd etmək haqqında qərar qəbul etmişik. Üç görkəmli alimimizin məzarını ziyarət etmək istəyirik. Onlardan ikisinin Yaşar Qarayevlə Bəkir Nəbiyevin qəbri İkinci Fəxri xiyabandadır. Onlara ehtiramımız yeni nəsillər üçün bir nümunədir. Həm institutumuzun, həm də ədəbiyyatşünaslıq elminin inkişafında xidmətləri olan böyük alimlərimizdir. Bu gün ünvan Yaşar Qarayev və Bəkir Nəbiyev müəyyənləşsə də, bura gəlib bu məzarlıqda olan digər alimlərimizi də ziyarət etməsək olmaz. Onların qarşısında bizim borcumuz var, biz onların ənənəsini yaşadırıq, yollarını davam etdiririk. Azərbaycan nadir ölkələrdən biridir ki, görkəmli simalara belə yer ayırıb. Buranın bir əlamətdar cəhəti odur ki, şəhidlərimiz və Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun qəbri buradadır.
Akademik İsa Həbibbəyli əlavə edib ki, Bəkir Nəbiyevin ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətləri var. O, ədəbiyyatı dərindən bilən və akademik səviyyəsinə yüksələn bir adamdır.
Filologiya elmləri doktorları, professorlar Qəzənfər Paşayev və İmamverdi Həmidov da Bəkir Nəbiyevlə bağlı xatirələrini bölüşüb, onun elmi fəaliyyətindən bəhs ediblər. Eyni zamanda, Yaşar Qarayevin ədəbiyyatşünaslıqda nadir şəxsiyyətlərdən biri olduğunu vurğulayıblar.
Professor Şirindil Alışanlı və filologiya üzrə fəlsəfə doktoru Fəridə Hicran da Yaşar Qarayevin unudulmaz xatirəsindən müəyyən məqamlara toxunublar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!