Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycanın Xalq yazıçısı Əzizə Cəfərzadənin Daşkənddə özbək dilində çap olunmuş “Bakı 1501” tarixi romanının təqdimatı olub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, Özbəkistanda Azərbaycan ədəbiyyatı və mədəniyyəti günləri çərçivəsində keçirilən tədbirdə Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Bakıdan gələn digər qonaqlar, Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin professor-müəllim heyəti, tələbələr, jurnalistlər iştirak ediblər.
Universitetin prorektoru professor Sultan Normatov rektor Şuxrat Siracəddinovun tədbir iştirakçılara müraciətini oxuyub. O, günü-gündən inkişaf edən Özbəkistan-Azərbaycan arasında mədəni-ədəbi əlaqələr haqqında danışıb.
Təqdimat mərasimində universitetin dosenti, Füzuli Mərkəzinin rəhbəri Gülbahor Aşurova çıxış edərək Əzizə Cəfərzadənin həyatı və yaradıcılığı haqqında məlumat verib, kitabın əhəmiyyəti, Azərbaycan tarixi haqqında gözəl bir bədii əsər olduğunu vurğulayıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov tanınmış yazıçı, alim, professor Əzizə Cəfərzadənin yaradıcılığını xarakterizə edib, onun əsərlərinin ayrı-ayrı məqamları haqqında məlumat verib. O, tarixi romanlar müəllifi Əzizə Cəfərzadənin yaradıcılığı haqqında danışaraq, “Bakı 1501” əsərinə dair fikirlərini bölüşüb, sovet dövrünün bestselleri olan əsərin xalqımızın şanlı dövlətçilik tarixinə işıq saldığını qeyd edən diplomat sözügedən əsərin Azərbaycan torpaqlarını vahid şəkildə birləşdirən, böyük bir imperiya quran Şah İsmayıl Xətaiyə həsr olunduğunu vurğulayıb. S.Abbasov həm dövlət rəhbəri, həm də ədəbiyyatımızın tanınmış nümayəndəsi kimi Xətainin xidmətlərindən danışıb.
Qeyd olunub ki, yazıçı türkçülük ideyalarını əldə əsas tutaraq həm ədəbiyyatşünas alim, həm də tarixi romanlar yazan yazıçı kimi Azərbaycan ədəbiyyatının və tarixinin ayrı-ayrı dövrləri haqqında bir-birindən gözəl, yaddaqalan əsərlər yaradıb.
Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib ki, alim kimi Əzizə Cəfərzadə bir sıra aşıq və şairlərin əsərlərini toplayıb çap etdirib. “Fatma xanım Kəminə”, “Könül çırpıntıları”, “Azərbaycanın aşıq və şair qadınları”, “Şirvanın üç şairi”, “Mücrüm Kərim Vardani. Sünbülstan”, “Abdulla Padarlı. Seçilmiş əsərləri”, “Hər budaqdan bir yarpaq” kitabları bu qəbildəndir.
Deputat vurğulayıb ki, 1979-cu ildə yazıçı anadan olduğu indiki Hacıqabul rayonunun Hacılı kəndində öz vəsaiti hesabına orta məktəb və klub binası tikdirib. Azərbaycanın müstəqilliyi uğrunda və erməni təcavüzünə qarşı hərəkatda daim öndə və fəal iştirak edən bir vətəndaş yazıçı olub.
“Bakı 1501” romanını özbək dilinə tərcümə edən tanınmış jurnalist və tərcüməçi Rüstəm Cabbarov əsərin əhəmiyyəti haqqında danışıb, Azərbaycanda olduğu kimi, Özbəkistanda da bu romanın seviləcəyinə əmin olduğunu bildirib.
Sonra qarşılıqlı olaraq hədiyyələr təqdim edilib.
Tədbirin yekununda Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova Azərbaycan mahnı və təsniflərini, Əməkdar artist, Səmərqənddə keçirilən “Şərq təranələri” beynəlxalq musiqi festivalında Qran-Pri mükafatını alan Sahib Paşazadə tarda yaddaqalan musiqi nömrələri ifa ediblər.
Tədbirdən sonra jurnalistlərə müsahibə verən professor Nüsrətulla Cüməxocayev deyib ki, Azərbaycan xalqının tanınmış yazıçısı Əzizə Cəfərzadə romanında zəngin tarixi obrazları, Vətən uğrunda çətinliklərdən keçən qəhrəmanların həyat tərzi, ədəbiyyata, incəsənətə olan məhəbbəti zəngin dildə təsvir edir: “Çox şadam ki, roman özbək dilinə tərcümə olunub. Belə tədbirlər özbək və Azərbaycan dostluğunun rəmzidir”.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!