Oktyabrın 19-da Azərbaycan Yazıçılar Birliyində Vətən Müharbəsində döyüşən qazilər və qəhrəmanlarla görüş keçirildi. Görüşdə iştirak edən şeirli-sözlü müharibə iştirakçılarının şeirlərindən ibarət “Barıt qoxulu sətirlər...” və Ayaz Məmmədovun “Ünvansız məktub” xatirə-povesti kitablarının təqdmatı oldu.
Kitabda şeirləri dərc olunan Emin Piri, Kərəm Aydın, Cavid Əlioğlu, Oğuz Alparslan, Elvin Məmmədli, Səbuhi Qurbanov, Eyvaz Əyyub, Tofiq Əhməd, Orxan Səlifov, Həsən Kür, Sərxan Yolçuyev, Nicat Ağayev, Vüsal Hətəmov, Mir Əjdər Abdullayev, Tamerlan Əsədovun şeirləri bir neçə ay bundan əvvəl Şuşada Vaqif Poeziya günlərində “Söz” ədəbi layihəsinin “İgidlərin sözü” proqramı çərçivəsində səsləndirilmişdi. Qazilərin ifasında səslənən müharibə şeirləri ölkə ictimaiyyəti və ədəbiyyatsevərlər tərəfindən böyük maraqla qarşılandı.
“Barıt qoxulu sətirlər...” kitabında qazi və veteran şairlərin Vaqif Poeziya günlərində səsləndirdikləri şeirlərlə yanaşı, zəfər ruhlu şeirlər də yer alıb. Qazilərin şeirlərindən ibarət yeni antologiyanın tərtibçiləri və ön söz müəllifləri AYB-nin katibi Elçin Hüseynbəyli, “Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə, texniki redaktoru isə Şükufə Məmmədlidir. Kitab “Vektor” Beynəlxalq Nəşrlər evində çap edilib.
Tədbiri giriş sözü ilə açan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli Xalq yazıçısı Anarın ideya müəllifi olduğu “Barıt qoxulu sətirlər...” haqqında danışdı. Sonra sözü Yazıçılar Birliyinin sədri Anara verdi.
Xalq yazışçısı Anar 44 günlük Vətən Müharibəsindən, ordumuzun şücaətindən, tarixi qələbəmizdən danışdı. Qazi şairləri təbrik edən AYB sədri onların Yazıçılar Birliyinə üzv seçildiklərini söylədi və üzvlük biletləri təqdim olundu.
Tədbirdə eyni zamanda təqdimatı olan Qarabağ qazisi Ayaz Məmmədovun “Ünvansız məktub” kitabı Qarabağ döyüşlərinə həsr olunub. Əsərdə müəllif keçdiyi döyüş yollarına nəzər salır, cəbhədə baş vermiş ağrılı və maraqlı hadisələri, keçirdiyi hissləri, təəssüratlarını oxucularla bölüşür. Bu kitab həm də bir döyüşçünün gündəliyidir.
Qazi şairlərin “Barıt qoxulu sətirlər...” və Ayaz Məmmədovun “Ünvansız məktub” kitablarının təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin katibləri Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, şair Nigar Həsənzadə, Yazıçılar Birliyinin üzvləri Rəfail Tağızadə, Zemfira Məhərrəmli, Aida Eyvazlı, Elmira Aslanxanlı çıxış edərək qazilərə göstərilən qayğıya görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə təşəkkürlərini bildirdilər, əməlləri və sözləri ilə Zəfər tariximizdə imzası olan mərd oğullarımızla fəxr etdiklərini söylədilər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!