Molla Pənah Vaqif və Məhtimqulu Fəraqi poeziyasının özəllikləri - Məmməd Əliyev

XVIII əsr türk dünyasında anadilli ədəbiyyata keçid dövrü kimi xarakterizə olunur. Bu əsrin əvvəllərindən (XVI-XVII  əsrlər xalq poeziyasının davamı kimi) xalq şeiri üslubunun, ona məxsus poetik formaların yazılı ədəbiyyata gətirilməsi,  getdikcə onun hüdudlarının genişlənməsi klassik ədəbiyyatda özünün hakim mövqeyini gücləndirməsi ilə nəticələndi. Xalq poeziyasının Sarı Aşıq, Abbas Tufarqanlı, Qurbani və b. nümayəndələrinin yaratdıqları əvəzolunmaz poetik nümunələr canlı xalq danışıq dilinin yazılı poeziyaya gətirilməsinə güclü təkan verərək ərəb-fars tərkibli söz və ifadələrin, bədii təsvir vasitələrinin, klassik kanonların daşlaşmış, buzlaşmış çərçivəsini dağıtdı, əvəzində anadilli şeirin poetik leksikasının sonsuz imkanlarını təsdiqlədi. Əslində bu ədəbi hərəkat Şah İsmayıl Xətainin hakimiyyətə gəlişi, şah sarayında ana dilində danışıqların, hətta saray işlərinin aparılması, şair və sənət adamlarının saraya dəvət edilməsilə bağlıdırsa, daha sonralar getdikcə artan xalq azadlıq hərəkatı, cəlalilər üsyanı, ona rəhbərlik edən Koroğlunun azadlıq mübarizəsi ilə əlaqəlidir ki, bunların sayəsində saray idarəçiliyinin zəifləməsi qeyri-anadilli (həm də anadilli) "Divan" ədəbiyyatının əvvəlki ədəbi-estetik təsirini itirməsi ilə bağlı idi.

Getdikcə güclənən ədəbi proses anadilli xalq şeiri üslubunun yazılı ədəbiyyatda işlənməsi, onun klassik şeir formalarını, ənənəvi, obrazlar sistemini tədricən sıxışdırıb məhdudlaşdırması, özünün hakim mövqeyini təmin etməsi ədəbi dilimizin daha güclü mövqeyini irəli çıxartdı.

...XVIII əsrdə Orta əsrlər xalq şeir ənənələrini yazılı ədəbiyyatda daha yüksək səviyyəyə çatdıran Azərbaycanda M.P.Vaqif, Türkmənistanda isə Məhtimqulu oldu. Hər iki sənətkarı yetişdirən eyni zaman və oxşar mühit olmuşdur.

Onların sayəsində qeyd etdiyimiz kimi ana dilli, heca vəznli şeirin yazılı ədəbiyyatda hakim mövqeyi tam bərqərar oldu. Yazılı ədəbiyyatda ədəbi dil normaları Azərbaycan və türkmən xalq danışıq dilləri, dialekt və şivələrdən yerli-yerində istifadə yolu ilə bu dillərin leksik fondunu zənginləşdirdi və möhkəmləşdirdi.

Hər iki şair poeziya dilinə iltisaqi quruluşlu türk dillərinə məxsus ahəng və tələffüz normalarını, intonasiya tələblərini qəbul etdirməklə klassik şeirdə işlənmiş ərəb-fars tərkibli söz və ifadələrə, obraz və məcazlar sisteminə türk donu "biçmiş"dir.

Hər iki şair "ədəbi-bədii dilin funksional-genetik" (N.Cəfərov) mahiyyətinə nüfuz edərək ondan lazımınca yararlana bilmişdir. Çünki iltisaqi dillər kənar təsirlərin qəbul edilməsinə maneçilik törətməsə də, onları öz məxrəcinə gətirmək kimi güclü əks təsirə malikdir. Bu iltisaqi dillərin möhkəm nüvə strukturuna (B.Serebrennikov) malik olmasından xəbər verir. Məsələn, M.P.Vaqif yazır:

Rəsmi-ülfət bilməyən büt, aşiqin kafər edər,

Ey müsəlmanlar, xoş ol kim, yarı nadan olmaya.

Şair ərəb-fars tərkiblərindən nə qədər bolluqla istifadə etsə də, bu, qəzəl dilinə ağırlıq, anlaşılmazlıq gətirməmiş, şeir Azərbaycan dilinin intonasiyası tələbləri əsasında oxunduğundan o, asanlıqla başa düşülən vəziyyətdədir.

Eyni vəziyyətə Məhtimqulu şeirində rast gəlirik:

Zülfi siyah sünbül pəri, aləmi qıldın biqərar.

Tərk edibsən onca dükan, qeyri dükana bənzəməz.

Hər iki şairin xalq şeiri üslübünda yazdıqları şeirlərdə ahəng və melodiklik, məzmun aydınlığı və gözəlliyi daha anlaşıqlı və ürəyəyatımlıdır.

Hər iki şairin şeirlərində intonasiyanın milliliyi janrın  poetik üslubunun müxtəlifliyindən asılı olmayaraq eynidir. Qəzəl nümunələrində ərəb-fars tərkibləri yetərincə olsa da, intonasiyanın milliliyi onları daha şirin və yaxın edir. Odur ki, həm Vaqif, həm də Məhtimqulu anadilli şeirdə obraz və ifadə vasitələrini, müxtəlif növ məcazları intonasiya tələbləri sayəsində normativ şəklə saldı...

Vaqif yazırdı:

Ağzı piyaləsən, gərdəni mina,

Nazik əllərində innabı həna.

Səni görən deyər yaşılbaş sona,

Ucu həlqə, siyah tel ilən sənə.

Xəzərin Şərq sahillərində, eyni vaxtda Məhtimqulu sevdiyi Mənli adlı qızı eyni dil və üslubla təsvir edirdi:

Ayrıldım qönçə gülümdən,

Siyah saçlı sünbülümdən,

Xoş avazlı bülbülümdən, -

Şirin göftardan ayrıldım.

 

Maraqlıdır ki, hər iki şairin gözəl və gözəllik haqqında baxışları, dövrün gözəllik təsəvvürləri, hətta zövqləri də üst-üstə düşür. 

Hər iki şair təmsil etdiyi xalqın genetik yaddaşına, milli etnik və milli etnoqrafik inanclarına işıq salaraq yaradıcılıqlarında onlardan istifadə etmiş, onu gələcək nəsillərin yaddaşına köçürmüşlər.

Vaqif yazırdı: 

 

Saçın zəncirinə könül bağladım

Məcnun kimi düşdüm dağa Fatimə!

Neçün məni görcək sərxoş ötürsən?

Bir baxmazsan sola - sağa Fatimə!

 

Məhtimqulu sanki Vaqifin təsvirini təsdiqləyərək onu daha da inandırıcı edir:

 

Bir xətt vardır ol Fatmanın saçında,

Oxudarlar məhşər günün seçəndə.

Bir od vardır aşiqlərin içində

Bu odlar tək - bəlli yanmaz yaranlar.

 

M.P.Vaqif və Məhtimqulu yazılı ədəbiyyatda realizmi, humanist və demokratik meyilləri gücləndirmiş, ona yeni nəfəs vermiş və inkişafına təkan vermişlər.

Hər iki şair dövrünün oxumuş, elmli insanlarından biri olmuşdur.  

Vaqifdə bir şairə bəs edəcək elm var idisə, Məhtimqulu bir alim-şairə kifayət edəcək elm sahibi idi. Bu cəhət onların yaradıcılığında da özünü büruzə verir. Məhəbbət lirikası Vaqifin yaradıcılığında daha hakim mövqe tutur.

Həm Vaqifdə, həm də Məhtimqulunun şeirlərində nəsr elementləri özünü göstərir; Məhtimqulu bəzən "yaranlara", bəzən "Tanrı"ya müraciət edərək şeirlə "söhbətə" başlayır…

Hər iki şairin yaradıcılığında ana dilinin zənginliyə güclü meyli açıq müşahidə olunur, ədəbi dilin leksik fondunun zənginləşməsi göz önündə durur. Bu o vaxt baş verir ki, hər iki xalqın mərkəzi vahid dövlət olmadığı vaxtda artıq ədəbi dili özünün möhtəşəm funksiyasını ləyaqətlə yerinə yetirirdi.

Vaqif və Məhtimqulu şeirində diqqəti cəlb edən cəhətlərdən biri də hər iki şairin onomastik ifadələrdən, toponim, hidronim və s. istifadə etmələridir...

Məhtimqulunun "Sevmişəm səni" şeirində Şərqdə eşq fədası kimi tanınan bütün əfsanəvi qəhrəmanlar ustalıqla sadalamaqla şair özünü onlarla müqayisə edir. Mənli xanımı necə sevdiyini belə dilə gətirir:

 

Dərvişlər qədir gecəsin

Misli İbrahim Saranı.

Misli Yusif Züleyxanı

Məcnun Leyli pərizadı

Aşiq Fərhad ol Şirini

Seyfəlməlik Mahcamalı...

...Misli ol Tahir Zöhrəni

Aşiq Qərib Şahsənəmi

Sevən tək sevmişəm səni.

 

Eyni təşbeh və bənzətmələrə, metaforik ifadələrə Vaqifin şeirlərində rast gəlirik. Ayrı-ayrı misralara nəzər salaq:

 

Mənə Vərqa, sənə Gülşa nə bənzər

Ey Yusifi-sani, məlahət kanı,

Yüz Züleyxa, yüz min Yusifi-Kənan

Oturuşu Şirin, duruşu Leyli...

...Züleyxam, Yusifi-Kənanım mənim.

 

Onomastik vahidlərdən istifadə yolu hər iki şair ədəbi dilin zənginləşməsinə xidmət edərək əlçatmaz, qeyri-real məkanları və qəhrəmanları real, konkret məkana gətirməklə onları dinləyicisinə yaxınlaşdırır. Daha doğrusu, romantik təsəvvürlərdəki real və abstrakt obrazları, məkanları reallığa çevirərək milliləşdirir.

Bu baxımdan Məhtimqulunun "Gördünmü?" şeirində adı çəkilən müqəddəs yer adları, abstrakt məkanlar şeirə gətirilərək onu daha da maraqlı edir. Şair məşuqəsini harada axtarmır?! -"Kəbə ətrafında, Şamda, İraqda", "Hərəmdə, qıpçaqda, Çində -Maçində", "Asiman üstü"ndə, "Ərşin üstündə", "İqlim çevrəsində, fələk bürcündə", "Aşiqlər ahında, Qülzüm dövründə", "Qübbətül-İslamda, Ceyhun bəhrində", "Sidrə şəhrasında", "İsa şəhrində", "İrəmdə, Nəcəfdə, ərzi-Qarsda, Səfa, Nərv dağında" və s.

Vaqif də vəsf etdiyi gözəli demək olar ki, bu  yerlərdə "axtarır":

 

Ey Kəbəm, Kərbəlam, Məkkəm, Mədinəm,

Bin zaman kuyində ziyarətimdir.…

 

Və yaxud:

 

Xətavü Xütənim, Çinim, Yəmənim,

Hindistanım, Rumum, İranım mənim.

 

Məhz belə onomistik, "etnik" və "etnoqrafik" zənginliklərdən istifadə yolu ilə hər iki şairin poeziyası sirli aləmlərə yol açır, onları nurlandırır...

Məhtimqulu göyün yeddi qatının sirrini, onun hər birinin rəngini, rəngin simvolikasını, hər qatın fəriştəsinin adını, onun sifətlərini saymaqla dövrün dini-fəlsəfi təlimləri haqqında maraqlı məlumat verir.

Hər iki şair bədii təyinlərdən (epitetlərdən) gen-bol istifadə etmişdir...

Hər iki şairin sənətkarlığında təşbeh ən çox işlənən məcaz növüdür.

Məhtimqulu:

 

Gözüm düşdü, seyranımda qardaşlar,

Kükrəyir damu tək narı dilbərin.

Qıyılmış kaman tək üzündə qaşlar

Görüb-görməyənlər zarı dilbərin.

 

Şair "Gülə bənzər" gəraylısında 7 bəndin hər birində silsilə təşbeh yaratmaqla obrazlılığın yüksək səviyyəli nümunəsinə müvəffəq olur:

 

Sözləsə dürlər saçılar

Dillərin bülbülə bənzər

...Yarın gözəl, qızıl üzü

Sanki Aya-günə bənzər.

...Qələm qaşlı, badam qabaq

Sacları sünbülə bənzər...

 

M.P.Vaqif və Məhtimqulu şeirində daha tez-tez təsadüf edilən mübaliğə onların şeir dilinə bədiilik və emosionallıq gətirən vasitələrdəndir. Məhtimqulu yaradıcılığında da onun zəngin növlərinə, ifadə tərzinə tez-tez rast gəlirik:

 

Dağlar başın əydi, çənə büründu,

Titrətdi aləmi, Çovdur xan, adın.

Dörd fəslim nar oldu, dağlar əridi

Eşq dəryası doldu, daşdı, dayandı.

 

Metafora və metonimiyalarla zəngin olan və müvazi işlədilən bu mübaliğələr şairin yüksək sənətkarlıq qabiliyyətindən, müqayisə bacarığından xəbər verir. Belə nümunələr M.P.Vaqif yaradıcılığı üçün əlamətdardır.

Vaqifdə:

 

Ahımı göylərə hər səhər çəkdim,

Həsrətindən bağrım dönər sulara.

 

Təzadlı ifadələr hər iki şairin şeir dilinə xüsusi silqət vermiş, onlar bir-birinə zidd mənalı söz və ifadələrdən istifadə etməklə fikrin, mənanın poetik mənzərəsini yaratmışlar. Məhtimquluda:

 

Şəfəq salar, gedər zülmət içində

Mənim sahibcamalımı gördünmü?

Neyləyim ki, çox ağlayan

                        bir gün güləsirdir könül.

 

Sözlərin qoşalaşdırılaraq işlədilməsi M.P.Vaqif və Məhtimqulu şeiri üçün əlamətdar olan, tez-tez istifadə edilən poetik vasitələrdəndir. Sözlərin qoşalaşdırılaraq işlədilməsi "əlamətin-əlaməti" təsiri bağışlasa da,  bunlar əslində sənətkarın predmet və hərəkətə həssas reaksiyasıdır.

Məhtimquluda:

 

Şirin-şirin salar hesaba dünya,

Acı-acı qoyar əzaba dünya.

 

Vaqifdə:

 

Həlqə-həlqə zülfi pərişanına, 

Dəstə-dəstə sancıb buxaq yanına…

Səf-səf duran siyah kirpiklərindir.…

 

Məhtimqulu şeirində təkririn təzadlı fikir birgəliyi ifadə edən növlərinə də rast gəlirik:

 

Məhtimqulu deyər tikan yox, gül yox,

Nə igid, nə qoca, nə şah, nə qul yox.

 

XVIII əsr türk dünyasının bu iki tanınmış nümayəndəsinin yaradıcılığında üzə çıxarılıb öyrənilməli və maraq doğura biləcək problemləri çoxdur.

Məmməd Əliyev

filologiya elmləri doktoru, professor            

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!