Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün – 18 oktyabrda layihə Oman şairi Həsən əl Mətruşinin Şuşa barədə ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edir.
Həsən əl-Mətruşi / Oman
Mərhəmətli və bağışlayan Allahın adı ilə.
Salam aleyküm. Mən Oman Sultanlığından Həsən əl-Mətruşi dost Azərbaycan xalqını, xüsusilə də Şuşa şəhərinin əhalisini səmimi qəlbdən salamlayıram. Onları bu ilin "Şuşa ili" elan edilməsi münasibətilə təbrik edirəm. Gözəl təbiətə və əsrarəngiz mənzərələrə sahib olan bu mədəniyyət şəhəri bir çox böyük şair, yazıçı, ədib və musiqiçilər yetişdirmişdir. Şuşa, salam!
Sən böyüməyəsən deyə
Ola bilsin, nəsə demək istəyirəm,
Ola bilsin demək istədiyim deyil demək istədiyim.
Lakin hər dəfə "mənilmlə gəl" deyəndə
Qovuşuruq,
Çöllərdə gəzib dolaşan,
iki qovulmuş tanrı kimi.
Nadinc uşaqlar kimiyəm,
Bütün yetimləri, məktəbliləri
Analar bayramını qeyd etməyə çağırıram.
Qapımda da çoxlu sərçələr var,
Fəsillər də ziyarətimə gəlib.
Neçə dəfə öz adımla, ləqəbimlə tək-tənha köç edəndə
Sənin gözlərin yox,
Səma yola salıb məni.
Vüsal yox edib məni..
Mənimlə gəl...
Bu qapı qarışıq bir dənizə açılır...
Apar məni...
Apar ki,
Uzaq keçmişdəki əcdadların
Qızmar istidə qoyub getdiyi
Cins atları, minikləri, uzaqgörənliyi, qisası,
Dilləri, vəsiyyətləri,
Müharibə və əsirləri,
Yolları və oxunan nəğmələri
Geri qaytarım...
Qəlbim dağ keçilərinin yediyi
təravətli ot kimidir.
Ey çobanların nəğmələri!
Ey qovuşanların uçurumları!
Gizlədin hər yanda məni,
Soruşanlara bir işarə olum.
Köçüb gedənlərin mahnılarında
Bütün aləmin danışan dili olum.
Qoy bu gecə nəğmə dolçasını yerə boşaldım,
Və işarə edib deyim ki, gəlin keçin.
Qoy insanların təqvimlərini ləğv edim
Sən böyüməyəsən deyə.
Mən ancaq bir elçiyəm,
Ola bilsin, nəsə demək istəyirəm
Ola bilsin demək istədiyim deyil demək istədiyim.
Tərcümə: Kamil Şərifov
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!