Hüseyn Cavidin 140 illiyinə həsr olunmuş elmi konfrans keçirilib - FOTOLAR

 

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli Azərbaycan şairi və dramaturqu, mütəfəkkir şəxsiyyət Hüseyn Cavidin anadan olmasının 140 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib. Tədbirdə böyük şəxsiyyətdən bəhs edən slayd nümayiş etdirilib.

İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildiyi kimi, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli bildirib ki, “Hüseyn Cavid Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, romantik korifeyidir. Cənab Prezident onun  140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Bununla əlaqədar olaraq ölkəmizin hər yerində tədbirlər keçirilir. Ədəbiyyat İnstitutu da borcunu yerinə yetirərək bu gün elmi konfrans keçirir.

Hüseyn Cavid romantizm ədəbi cərəyanın böyük nümayəndəsidir. Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanı “Füyuzat” jurnalının bazasında yaranıb. Bu ədəbi cərəyanın əsasları Əlibəy Hüseynzadə tərəfindən qoyulmuşdur, onun ədəbi cərəyan kimi formalaşmasında Hüseyn Cavidin xidməti danılmazdır. Romantizmin estetik prinsiplərinin, poetikasına dair prinsiplərin hazırlanmasında da Hüseyn Cavidin rolu çox böyükdür. Hüseyn Cavidin romantizm haqqında ayrıca məqaləsi olmasa da, əsərlərində romantizmin ideyası və prinsiplərinə aid konseptual məsələlər var”.

Sonra XX əsr (sovet dövrü)  Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlı “Hüseyn Cavid irsi ədəbi-nəzəri fikir tarixində” mövzusunda məruzə edib. Qeyd edib ki, “Hüseyn Cavidin irsi XX əsrin 20-ci illərindən tədqiq olunmağa başlayıb, reaksiyalar olub. Mətbuatda geniş müzakirələrə səbəb olub. Ən çox mübahisə meydanı əsərlərinin  tamaşası haqqında idi. Cəlal Qasımovun “Ədəbi məhkəmələr” kitabı bu mübahisələrin yekunu kimi çap olundu. Mustafa Quliyev onun əsərlərini Puşkin poeziyası ilə müqayisə edirdi”.

Konfransda filologiya elmləri doktoru Lütviyyə Əsgərzadə “Hüseyn Cavidin həyatı və yaradıcılığı”, filologiya elmləri doktoru, professor Tahirə Məmməd “Hüseyn Cavid yaradıcılığı və neosufizm” movzusunda məruzələrdə ədibin ədəbi irsindən söz açıblar.

Qonaqlardan Türkiyədən Burdur Mehmet Akif Ersoy Universiteti, Türk dili və ədəbiyyatı kafedrasının əməkdaşı Canan Olpak Koç “Hüseyn Cavidin Türk ədəbiyyatında yeri” və Özbəkistandan Daşkənd vilayəti, Çirçiq Dövlət Pedaqoji İnstitutu, özbək ədəbiyyatı kafedrasının dosenti, filologiya elmləri doktoru Ədibə Dövlətova “Hüseyn Cavid irsində millətsevərlik, azadlıq və kamillik qayələrinin müştərək ifadəsi” mövzusunda məruzə ediblər.

Alimlərdən filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu “Hüseyn Cavidin estetik idealı”, filologiya elmləri doktoru, professor İslam Qəribli “Sənətkarın yaradıcılığında Birinci Dünya müharibəsi mövzusu”, filologiya elmləri doktoru Pərvanə İsayeva “Bədii mətnin mifopotik aspekti (Hüseyn Cavidin “İblis” dramı əsasında)” və filologiya üzrə fəlsəfə doktoru Aysel Qurbanova “Hüseyn Cavid dramaturgiyasında məkanın bədii funksiyası” mövzusunda məruzələrlə çıxış ediblər.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!