Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün layihə türkiyəli şair Mətin Çingizin Şuşa barədə ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edir.
Mətin Çingiz / Türkiyə
Mən Mətin Çingizəm, türkiyəliyəm, İstanbulda yaşayıram. Əvvəlcə bu layihəyə ev sahibliyi edən Şuşaya səmimi, sevgi dolu salamlarımı göndərirəm. Şuşa nə gözəl bir şəhər! Bir çox şair, bəstəkar və musiqiçi çıxmış onun bağrından. Tarixə düşmüş insanları yetişdirmiş. Əslində, şəhərlər belə oğul və qızları ilə anılır. Azərbaycanlı qardaşlarıma ürək dolusu salamlarımı göndərirəm. Biz bir millət, iki dövlətik. Bakını görənlər onu tərifləməkdən yorulmazlar. İnanıram ki, bir gün dəvət ediləcəyəm Bakıya, Azərbaycanı görmək nəsibim olar. Mən qarslıyam. Uşaqlığım Azərbaycan mahnılarını dinləməklə keçib. “Ay işığında”, Huşəng Azəroğlunun “Sizə salam gətirmişəm”, Sabir Mirzəyevin “Bu qala daşlı qala”, “Küçələrə su səpmişəm” kimi mahnılarla. Bir çox mahnı hələ də yadımdadır.
Bəli, indi Şuşa, sevimli Şuşa üçün son günlər yazdığım bir şeirimi oxuyacağam.
Ümid edirəm, bəyənəcəksiniz.
Günəş
Səssizlik kimi nəbzin vurması,
Ta dərimdə hiss edirəm.
Bu partlayışdan doğan həyat
Dünyanı qovur ha qovur.
İşə yarayır şeirlər və heykəllər.
Qara qayalar tökülür, ovulur.
Keçmiş orada gizli,
Gələcək orada biçilir.
Rüzgar palçığı yoğurur.
Gözlətimi qıyıram.
Günəş deyəndə bunlar gəlir ağlıma,
Bir də əryib gedəcək sümüklərim.
Tərcümə: Səlim Babullaoğlu
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!