Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün - 14 oktyabrda layihə görkəmli Macarıstan şairi Attila Balaş və onun Şuşa barədə ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edir.
Attila Balaş / Macarıstan
Şuşa Qarabağın baş şəhəridir, öz coğrafi yerinə və tarixi mahiyyətinə görə Azərbaycanın ən mühüm mədəni və iqtisadi, inzibati mərkəzlərindən biridir.
Şəhəri XVIII əsrdə Azərbaycan xanı, Qarabağ xanı Pənahəli xan salıb, tarixi mənbələrə görə əvvəlki qalaların uğursuzluğunu, namünasib yerini görüb “qayalıq üzərində əbədi və alınmaz qala, şəhər” tikdirmək fikrinə düşüb. 1752-ci ildə 1600 metrə gündürlükdə tikilməyə başlayıb qala və şəhər. 1756-1757-ci illərdə xanlığın paytaxtı bura köçürülüb.
Şuşa Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisidir. Azərbaycan xalqı şəhərin 270 illiyini qeyd edir. Macar yazıçıları adından öz iftixar duyğumu, sevgimi bildirirəm şəhərin və ölkənizin rəhbərlərinə, yazıçılarına, arzu edirəm ki, bu şəhər həmişə Azərbaycanın qürur və şöhrət yeri olsun, Azərbaycanın olsun, çiçəklənsin.
Ümid edirəm, bu şəhəri, Qarabağın incisini nə vaxtsa görəcəyəm.
İndi isə şeirimi oxuyacam.
Salam, Şuşa!
Bir şəhərdə
Oturub sakitcə söhbət edirik.
Sonra uzun müddət susursan.
Yoldan ötənlərə baxırıq.
İt boğazındakı xaltanı dartışdırır
bizi qoxulayır.
Masaya dirsəklənmişik.
Ayaqlarımız çərçivəsinə toxunur masanın.
Qatlanmış qəzet
zərif, titrək əlindədir.
Göyərçinlər masanın altındakı
qırıntıları ddimdikləyir, dənləyir.
Bıçağın tiyəsində günəşin şüası sınır.
Sərin pivə rəngini qaçırıb.
Günəş döşəməni parıldadır.
Külək ana nəvazişiylə
üzümüzü sığallayır.
Ətrafımızdakı dünya
yarımçıq tapılmış tapmacadır,
biz də özümüzü
görə bilmirik burda-
belə düşünürsünüz.
Amma heç nə demirsiniz.
Siqaret alışdırırsan,
narahat tüstü halqalarına zillənirsən.
Dəmir sütundakı
saatın əqrəblərini pas tutub,
sanki əyri
nida işarələridir, tərpənmirlər.
Əski masanın altında
ayaqlarını bir-birinə aşırırsan.
Saatı bilmək üçün
telefona baxırsan.
Terrasdakı qarsonun
baxışları səbirsizlənib.
Gecdir.
Tərcümə: Səlim Babullaoğlu
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!