Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. 13 oktyabrda layihə görkəmli Ukrayna şairi İqor Pavlyukun Şuşa barədə ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edib.
İqor Pavlyuk / Ukrayna
Əziz və hörmətli Azərbaycanlıları salamlayıram, xüsusən Şuşa şəhərinin sakinlərini “Şuşa ili”ndə.
Mənim üçün Şuşa sözünün səslənişi çox rahatdır... Sanki “şyopot”- piçıltıdır, yaxud sükut, “şuba”- kürk sözüdür, yarpaq tərpənişidr uşaqlıqdakı kimi, “duşa”-qəlbdir, şəffafdır, nənəmin mürəbbə qoyduğu şüşə qabdır, fincandır. Axı Şuşa, həm də şüşə deməkdir, şairanədir.
Azərbaycanın mədəniyyət paytaxtında, dünyanın mədəniyyət incisi olan Şuşada dağlarla, təbiətlə sosial və mədəni landşaf ilahi bir uyum içərisindədir. Qafqaz, Xəzər, ağrılı Qarabağ.
Poeziya mənim üçün sözlərlə yazılmış musiqidir. Şuşa sözlə ifadə edilən musiqidir, daşda, şüşədə, məscidlərdəki musiqi. Allahın ali sənətkarlığı. Təəssüf, bəzən insanlar savaşır, müharibələr edir. Azərbaycan mənim doğma Ukraynam kimi müharibə ilə tanışdır, onun yaraları təzədir. Təəssüf ki, insanlıq tarixi müharibələr tarixidir.
Mən son zamanlar müharibə barədə çox şeir oxumuşam, indi bizim Krımda yazdığım, sevgi haqqında olan, dəniz və sevgi barədə olan şeir oxumaq istəyirəm. Çünki sevgi, dəniz, dağlar Şuşa kimi əbədidir, Feniks kimi yenidən doğulur, yenidən və yenidən.
Salam, Şuşa!
Bu şeiri indi sənin üçün oxuyacağam.
Dəniz
Gecə. Dəniz.
Bir də səsi delfinin.
Adsız ulduz
göyüzündə titrəyir.
Çılın-çılpaq
cingiltili bədənin
Yaxasını
zülmətin silkələyir.
Asta axır bəstə boyda
qan, damır.
Hər çəkilən nəfəs
duzludu, duzdu.
Ürək belə bəzən
qanad açardı
Öz qanında
amma o boğulubdu.
Mən qılmanam,
sən də ilham pərisi.
Gah ölərik,
gah da ki dirilərik-
Hərdən itər
sahilboyu izimiz...
Bədənimiz qatı baldı,
bilirik.
Belə...Belə...
bir az, bir az yuxarı.
Köpüklənir,
dalğa bizi aparır.
Biz-Həyatıq,
biz dənizdən çıxmışıq,
bizə olar,
sahil
bizim yurdumuz.
Tərcümə: Səlim Babullaoğlu
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!