Yaponiyalı Maki Starfield "Şuşaya salam!" layihəsində - VİDEO

 

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün - 11 oktyabrda layihə yapon şairəsi Maki Starfield, onun Şuşa barədə ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edir.

 

Maki Starfild / Yaponiya

 

Bu layihədə iştirakıma görə çox minnətdaram.

Adım Maki Starfilddir, yapon şairəsiyəm. Yaponiyada doğulmuşam. İki il Kanadada yaşamışam. 20 yaşımdan yazıram. Bundan sonra da yazmağı arzu edirəm. Elə şeirlər ki, insanlara toxunsun, onların ağrı-acılarından danışsın.  Heç vaxt düşünməzdim ki, belə bir layihədə iştirak etmək imkanım ola bilər. Dostum və gözəl şair Səlimə buna görə minnətdaram.

2022-ci ili əlamətdar il hesab edirəm, siz Şuşa şəhərinin 270-ci il dönümünü qeyd edirsiniz və öz ölkənizi inkişaf etdirməyi düşünürsünüz.

Şuşa 2020-ci ilin payızında erməni işğalından azad ediləndən sonra Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Böyük Azərbaycan şairi Molla Pənah Vaqifi hörmətlə anıram, Azərbaycan xalqını təbrik edirəm.

Oxuyacağım şeir “Birlik” adlanır. Layihə üçün bu şeiri seçmişəm, çünki bizim dünyamızda yaşayan bütün insanlara sülh və sevgi arzuları ilə yazmışam bu şeiri.

Salam Şuşa!

Sizə öz hörmətimi, ehtiramımı, salamlarımı çatdırır, nə qədər qısa olsa belə bu əlamətdar gündə həmin şeiri oxumaq istəyirəm.

 

Birlik

 

Ürəkdə, səbəblərdə və eqoizmdə deyil,

mənim sən, sənin mən olduğun yerdədir xoşbəxtlik-

birgə yaşayırıq orda.

Səmada, yerdə, yaxud yuvarlanan daşda deyil,

mənim sən, sənin mən olduğun yerdədir xoşbəxtlik-

birgə yaşayırıq orda.

Həyatda və ölümdə, bu gündə və şəcərədə deyil,

mənim sən, sənin mən olduğun yerdədir xoşbəxtlik-

birgə yaşayırıq orda.

 

Tərcümə: Səlim Babullaoğlu


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!