Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Oktyabrın 10-da layihə misirli ədəbiyyatşünas-alim, tərcüməçi Əhməd Saminin Şuşa barədə ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edir.
Əhməd Sami / Misir
Mərhəmətli və bağışlayan Allahın adı ilə
Salam Şuşa !
Hər şeydən öncə Azərbaycan xalqını Prezident İlham Əliyevin 2022-ci ilin “Şuşa ili” elan etməsi münasibətilə təbrik edirəm. Əlbəttə, bu təsadüfi iş deyil, çünki Şuşanın Azərbaycan xalqının tarixi yaddaşında özəl yeri var. Hələ XX əsrin əvvəllərində Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi", "Qafqazın konservatoriyası" adlandırırdılar.
Şuşanın Azərbaycan həyatının bütün sahələrinə təsir göstərmiş bir çox məşhur şəxsiyyətlərlə, o cümlədən şairə Xurşidbanu Natəvan, Molla Pənah Vaqif, Əbdürrəhim bəy Haqverdiyev, müğənni Bülbül, eləcə də böyük yazıçı Yusif Vəzir Çəmənzəminli ilə bağlı olduğunu görürük. Bir zamanlar burada Azərbaycanda çox böyük nüfuza malik olan bir çox şəxsiyyətlər yaşayıb yaratmışdır. Biz hesab edirik ki, Şuşanın otuz illik işğaldan sonra Azərbaycana qovuşması böyük qələbədir. Bu münasibətlə Azərbaycan xalqını təbrik edir, ən xoş arzularımı bildirirəm. Misirin görkəmli şairi Əhməd Şövqinin yazdığı bir şeir parçasını Şuşaya ithafən oxumaq istəyirəm.
Ey vətənim, səninlə ümidsizlikdən sonra görüşdüm,
Sanki gəncliyimlə görüşdüm.
Və hər səyyah bir gün mütləq vətəninə dönəcək.
Əgər ona əmin-amanlıq verilsə.
Təşəkkür edirəm.
Tərcümə: Səlim Babullaoğlu
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!