Yazıçı Sevinc Nuruqızının “Pıçıltı” kitabının təqdimatı olub - FOTOLAR

Respublika Uşaq Kitabxanasının VIII Beynəlxalq Kitab Sərgisində silsilə tədbirləri davam edir.

 Bakı Ekspo Mərkəzində kitab sərgisinin “Xurşidbanu Natəvan” təqdimat zonasında “Təhsil” Nəşriyyat Poliqrafiya Müəssisəsinin, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının və “Sultan” cizgi filmi studiyasının tərəfdaşlığı ilə yazıçı Sevinc Nuruqızının “Pıçıltı” kitabının təqdimatı təşkil olunub. Kitabın ideya müəllifi və naşiri Tural Axundov, rəssamı Nigar Mustafayevadır.

Əvvəlcə “Sultan” cizgi filmi studiyasında çəkilmiş “Pıçıltı” cizgi filminin tanıtım roliki və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Çiçəyim” uşaq teatrının azyaşlı aktyorlarının ifasında səhnələşdirilmiş “Pıçıltı” kompozisiyası təqdim olunub.

Sevinc Nuruqızının Gəncə terrorunun günahsız qurbanları olan uşaqlara ithaf etdiyi “Pıçıltı” bütün canlıların və cansızların məhvinə səbəb olan terrora “YOX” deyənlərin haqq səsidir. Kitabın ilk səhifələrində deyildiyi kimi: “Əslində, təbiət pıçıltılarla doludur... Biz eşitmədiyimiz pıçıltılarla... Səsini insana çatdıra bilməyənlərin pıçıltısı ilə... Arzularını səmalara ötürənlərin, istəklərini ağ-gümüşü buludlara pıçıldayanların səsi ilə... Çiçəklərin, böcəklərin, küləklərin pıçıltısı ilə... Quşların, daşların, yağışların pıçıltısı ilə... Dünyanı cənginə alan terrora, müharibələrə “YOX” deyənlərin pıçıltısı ilə... Bu yaşıl, mavi, günəşli planeti uşaqların əlindən alanlara etiraz edənlərin haqq səsi ilə...”

Təqdimatda çıxış edən yazıçı Sevinc Nuruqızı, “Təhsil” nəşriyyatının direktoru Tural Axundov, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri Elnarə Akimova, gənc rəssam Nigar Mustafayeva kitab və onun mahiyyəti haqqında ətraflı məlumat verdilər.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd rəqəmsal əsrdə uşaqların intellektual inkişafında kitabın və mütaliənin rolunu artırmaq, uşaq və yeniyetmələri mütaliəyə həvəsləndirməklə yanaşı, uşaq ədəbiyyatı sahəsində ərsəyə gələn yeni əsərlərlə tanış etmək, yazıçı və oxucu arasında kommunikasiya xidmətini yüksək səviyyədə həyata keçirtməkdir.

 

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!