“Şuşaya salam!” layihəsində İan Pirt şeir oxuyur - VİDEO

 

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün- 08 oktyabrda layihə ingilis ədibi və tərcüməçisi İan Pirt, onun Şuşa barədə ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edir.

 

İan Pirt / Birləşmiş Krallıq

Salam! Mənim adım Ian Pirtdir, İngiltərədənəm. Şuşa haqqında çox eşitmişəm və “Şuşa ili”ndə Azərbaycan xalqını və Şuşa şəhərini salamlamağa çox şadam. Dahi ədəbiyyatçı və musiqiçilər yetişdirən bir şəhərin tarixi və mədəniyyəti haqqında eşitmək və oxumaq mənim üçün xüsusilə maraqlıdır.

Şuşanın havasında yaradıcı təxəyyülləri təşviq edən nəyinsə olduğu açıq –aydın görünür. XIX əsrdə Qasım bəy Zakir həmin əsrin sonlarında çiçəklənmiş maarifçiliyə təsir edən satirik şeirlər yazmışdır. Onun həyatı Azərbaycan xalq musiqisində özünəməxsus səsi, yeri olan, tarın diapazonunu genişləndirnmiş başqa bir görkəmli novator sənətçi, tarzən Sadıqcanla üst-üstə düşür.

Şairə Natəvan öz xalqının mədəniyyətini təbliğ etmək üçün ədəbi cəmiyyətlərə rəhbərlik edib. Musiqi aləmində Sadıqcanın davamçısı olan bəstəkar Üzeyir Hacıbəyli şərq və qərbin ən yaxşılarını öz musiqisində birləşdirmiş və operettalarında Zakirin yaratdığı satiradan istifadə etmişdir.

Şuşanın havasının səs telləri üçün danılmaz faydası var. Ənənəvi muğam ifaçısı Xan Şuşinski, opera tenoru Bülbül öz səslərini Qarabağ dağlarının o təmiz havasında formalaşdırıblar.

Təbii ki, “Şuşa ili” şəhərin dogma vətəni Azərbaycanla yenidən qovuşmasını qeyd edir. Bu qovuşma müharibə və qurbanlar bahasına başa gəldi, lakin yenidənqurma artıq uğurla gedir, mədəni tədbirlər təşkil olunur, Şuşa, şübhəsiz ki, incəsənətin bir çox sahələrində öz əvəzsiz töhfələrini davam etdirəcək.

       Şuşa, salam!

      Şuşanın zirvələri böyük musiqi və poeziya doğurduğu üçün görkəmli ingilis şairi Pörsi Biş Şellinin göy ucalığına, uca zirvələrə qalxan, “bədahətən sənəti” tərənnüm edən quşa həsr olunmuş şeirindən seçilmiş misraları oxumaq istərdim.

 

Pörsi Biş Şelli

Torağaya

Salam, sən ey şən ruhlu!

Heç vaxt yalnız uçarı, sadə bir quş olmadın,

Göylərin, səmaların sən ey ilhamlı oğlu

Öz avazlı səsinlə dil boğaza qoymadın,

Dolu ürəyini açdın bizə, boşaltdın.

 

Alov buludu kimi

Daim qalx sən yüksəyə,

Yüksəyə qalx, titrəsin göylərin sari simi,

Tünd mavilər içində qoşul sərin küləyə,

Ucaya qalx, oxu sən, nəğmən dəysin ürəyə.

 

Bu möhtəşəm musiqi

Öz-özündən gözəldir,

Qoy kitablar aşiqi

Tapmasın onu heç vaxt, bu füsunkar sözləri.

Səndə var ucalığı sevən şair hünəri!

 

Böl ruhunda dolaşan

Mənimlə o sevinci,

Axsın dodaqlarımdan

Xoşbəxtliyin nəğməsi, xoşbəxtlik inci-inci,

Mənim kimi dünya da qoy nəğməni dinləsin.

 

Tərcümə: Səlim Babullaoğlu


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!